MƏS’ULİYYƏTLƏRƏ MÜNASİBƏTDƏ ORTA HƏDD-«E’TİDAL»
Bu məqamda digər bir əhəmiyyətli, həssas məsələ vəzifələrin icrasında və hüquqların qorunmasında «e’tidalın», yə’ni orta həddin gözlənilməsidir. İnqilabdan sonra bir çox məs’ullar məhz bu əhəmiyyətli nöqtəyə diqqət yetirmədiklərindən problemlərlə üzləşdilər. Öhdəsinə ağır məs’uliyyət düşən fərdlərin bir çoxu öz işinə ifrat aludə olduğundan öz yaxınlarına, ailə-övladlarına münasibətdə e’tidalı gözləyə bilmədilər. Çoxları məşğulluq səbəbindən sübh evdən çıxıb, evə gecəyarı qayıtdıqlarından öz övladlarının haqqını yerinə yetirə bilmədilər. Fədakar şəhidlərdən biri buyururdu ki, səhər uşaqlar yuxuda ikən evdən çıxar, gecə onlar şirin yuxuda olarkən evə qayıdardım. İşin çoxluğu səbəbindən insan öz ailə-övladlarının hüquqlarından xəbərsiz qalır, ailəyə aid vəzifələrini yerinə yetirə bilmir. Ağır ictimai vəzifələri öhdəsinə almış insan, ailəsi, övladları, valideynləri qarşısındakı vəzifələrini yerinə yetirməkdə aciz olur. Bəli, insan, adətən, bir işə məşğul olarkən ikinci vəzifəsinə bir o qədər də diqqət yetirə bilmir, ya da bu vəzifəni tamamilə unudur. İctimai məsələlər onun başını elə qatır ki, öz ailə problemlərinin həllinə vaxt ayıra bilmir. Bu nöqtəni daim xatırlamağa ehtiyac duyulur. Ona görə də Əmirəl-mö’minin (ə) buyurur: «Məbada, əhlin sənin yanında ən bədbəxt adamlar olsunlar». Hər birimizin ailə qarşısında vəzifələri vardır. Məbada, bu vəzifələri yerinə yetirməməklə öz ailə-övladımızı təhlükəyə ataq. Onların da hüquqları var və bu hüquqlara riayət olunmalıdır. Heç olmaya, başqalarına diqqət yetirdiyiniz qədər öz övladlarınıza da vaxt ayırın. Onlar da insandır və sizin öhdənizdə haqları var. Məbada, məşğul olduğumuz işlər bizi ailəyə münasibətdə biganəliyə sövq etsin. Bu məsələyə tələbələr, təhsil sahəsində çalışanlar xüsusi diqqət yetirməlidirlər. Bu təbəqə cəmiyyət qarşısında özünü daha məs’uliyyətli hiss edir. Onlar təhsili cihad və digər ictimai məs’uliyyətlər kimi vacib sayırlar. Onlar gecə-gündüz oxuyur və oxuduqları ilə kifayətlənmirlər. Zəruri həddə istirahət edir, bütün vaxtlarını elmi araşdırmalara sərf edirlər. Bu ağır məşğulluq valideynlərin, ailə övladların hüquqlarını ikinci plana keçirir. Valideynə və həyat yoldaşına münasibətdə belə diqqətsizlik göz qabağındadır.
Təhsil məqsədi ilə başqa şəhərlərə üz tutanlar uyğun problemlə daha tez-tez üzləşirlər. Belələri, adətən, valideynlərdən və həyat yoldaşından uzaq düşürlər. Onların həyat yoldaşları kimsə ilə ünsiyyətdə olmur və tənhalıqda oturub yol gözləyirlər. Bu qəbildən olan insanlar təhsilə o qədər aludə olurlar ki, ailəyə lazımınca diqqət yetirə bilmirlər. Bə’zən isə hətta valideynlərin və həyat yoldaşının halından xəbər tutmağı unudurlar. Bu insanlar üçün sanki həyatda kitab-dəftərdən başqa heç nə yoxdur. Hətta evlərinə qayıtdıqdan sonra qoca valideynə, xəstə övlada diqqət yetirmir, öz elmi araşdırmalarına məşğul olurlar. Bu insanlar valideynə, ailə-övlada və digər yaxınlara münasibətdə vəzifələrinə diqqətsiz olur, hətta onlara qismən də vaxt ayırmırlar.
Aydındır ki, bu dövrdə təhsil cihad və digər ictimai fəaliyyətlər kimi vacibdir. Amma bilməliyik ki, haqqı boynumuzda olanlara lazımınca diqqət ayırmasaq, təhsilin də davamı faydasız olasıdır. Valideynə, ailə-övlada diqqətsizlik onlarda əsəb və digər xəstəliklər yarada bilər, müalicə isə xeyli vaxt aparar. Ən pis nəticələrdən biri isə həmin şəxslərin övladlarının islama münasibətə biganə tərbiyə olunmasıdır. Bu halda özünüz və cəmiyyətiniz üçün bəla olası bir övlad yetişdirmiş olarsınız. Məbada, ailəniz sizin yersiz hərəkətləriniz səbəbindən ən bədbəxt insanlar olsunlar. Sizin ölçü-biçisiz rəftarlarınız onları ən bədbəxt adamlara çevirə bilər. Özünüz öz əlinizlə ailə-övladınızı bədbəxt etməyin. Belə bir rəftar, şübhəsiz ki, müttəqilər imamı Əlinin (ə) tövsiyyələrinə ziddir.
Dostları ilə paylaş: |