Vəsiyyətnamənin davamında təqvalılar imamı Əli (ə) imam Həsənə (ə) başqa bir moizə edir. Şübhəsiz ki, əldə etdiyi dünya ne’məti əlindən çıxan insan qəmgin olur, nigarançılıq keçirir. Olsun ki, bu narahatlığı hər birimiz hiss etmişik. Məsələn, bir kitab və ya üzük itirdikdə hətta namazda da bu barədə düşünürük. Öz nigarançılığımızla bə’zən başqalarının da rahatlığını əlindən alırıq. İtkisi olan insan hətta ədəb və əxlaq qaydalarını da pozur. Əgər kiçik bir şey itirən insan bu qədər narahatçılıq keçirirsə, dəryada gəmisi batmış tacirin narahatçılığından danışmağa dəyməz. Zəlzələdə, daşqında var-yoxunu itirənlərin əksəri ətrafındakıların başına oyun açır. Bə’zən təsbehini itirmiş şəxs qəm dəryasına batır. İtki səbəbindən xəstəliyə düşənlər də var. İtkisi olan adamın gündəlik işdən əli soyuyur və fikri-zikri həmin itkiyə yönəlir. Bə’zən itki ağrısı insanı iflic edir və dünyanın şirinlikləri onun üçün zəhərə dönür. Hansı ki, dünyanın bəlasız və problemsiz olmadığını hər birimiz bilirik. İnsanın nəinki sərvətini, hətta əzizlərini də itirməsi təbii bir hadisədir. Bəli, bu itkilərə, acı hadisələrə münasibət mühüm bir məsələdir. Xırda bir şey əlindən çıxmış insan yasa qərq olsa, onun bütün qalan həyatı puça çıxar. Belə insan dini işlərini yerinə yetirə bilməz, iş və təhsildə geri qalar. Belələri hətta namaz vaxtı da fikirlərini bir yerə toplaya bilmirlər. Onlar çox vaxt ailə-övladla da pis rəftar etməyə başlayırlar.
Belə bir ruhiyyə, əlbəttə ki, xəstəlik əlamətidir. Ona görə də Həzrət Əli (ə) bu xəstəliyə əlac üçün buyurur: «Əlindən çıxan üçün ağlayırsansa, bütün əldə etmədiklərin üçün də ağla». Tövsiyyə olunur ki, dünyada mövcud olan bütün ne’mətləri gözlərimiz önünə gətirək. Özünüz düşünün, bu ne’mətlərdən neçə faizi bizə qismət olub? Aydın məsələdir ki, insan dünyada mövcud olan bir çox şeylərdən məhrumdur. Bizim malik olduqlarımız dünyada olanların cüz’i bir hissəsidir. Yerin altı qızıl, gümüş kimi xəzinələrlə dolu olsa da, bu dəryada bizə qismət olan bircə damla da deyil. Ağıllı adam narahat olarmı ki, dünyanın bir bu qədər sərvəti ona qismət olmayıb?! Şübhəsiz ki, heç bir ağıllı insan buna görə qüssə yemir. Əgər əlindən bir şey çıxmışsa, onu da bu vaxtadək əlinə düşməmiş şeylərdən hesab et. Təsəvvür et ki, heç həmin şey sənə qismət olmayıbmış. Bir şey ki sənin ixtiyarında deyil, qəmlənməyin yeri varmı?! Əlindən çıxan şeyə görə qəmlənmə, buna görə də ətrafdakıları acılama və həyatını zəhərə döndərmə. Əksinə Allaha şükr et ki, həmin şeydən bir müddət istifadə edə bilmisən. Bu gün o şey sənin əlindən çıxmışsa, elə təsəvvür et ki, heç əvvəlcədən sənin əlində olmamışdır. Çünki dünyada olanların böyük bir hissəsi sənin əlinə düşməyib. Məgər insan hər malik olmadığı şeyə görə təəssüf etməlidirmi?! Sadəcə, Allaha şükr etmək lazımdır ki, həmin ne’mətdən bir müddət istifadə edə bilmişik. İndi isə qoy, ondan başqaları istifadə etsinlər. Əgər ikinci dəfə həmin şey əlimizə düşsə, onu yeni bir ne’mət kimi qəbul etməli və bağışlayan, mehriban Allaha şükr etməliyik.
Bəli, əldən çıxmış şeylərə görə narahat olmamağın yeganə yolu onu da bu vaxtadək əldə etmədiyin şeylərdən saymaqdır. Dünyanın bir belə ne’mətindən məhrum olduğun səni narahat etmirsə, nə üçün əlindən çıxmış bir şeyə görə narahat olmalısan?! Yox əgər həmin bir şeyə görə ağlayırsansa, onda bu vaxtadək əlinə düşməmiş şeylərə görə də ağla. Əlindən çıxmış şey də əlinə düşməmiş şeylər kimidir. Hələ şükr et ki, həmin şeydən bir müddət istifadə edə bilmisən. Hansı ki, dünyanın bir çox ne’mətlərindən istifadə etmək fürsətin olmayıb.
Dostları ilə paylaş: |