qırxıncı dərs
TARİXİN DƏRSLƏRİ (2)
«Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar. Çünki işlər bir-birlərinin oxşarıdır. Ne’mət sahibinə naşükür olma. Ne’mətə qarşı naşükürlük ən alçaq küfrdür. Üzrü qəbul edən ol».1
Vəsiyyətnamənin bu hissəsinin daha da aydınlaşması üçün ötən söhbətdə ortaya çıxmış suallara cavab verək. Qeyd etməliyik ki, tarixdə baş vermiş bə’zi hadisələrin gələcək üçün dəlil götürülməsi düzgün deyil. Bu barədə misallar da göstərildi. Nümunələrdən biri bu oldu ki, bir ölkədə baş vermiş azadlıq hərəkatlarının dəfələrlə məğlubiyyətə uğraması o demək deyil ki, növbəti hərəkat da səmərəsiz olacaq. Dünya ölkələrində baş verən hadisələr bunun əyani sübutudur. Yə’ni hərəkat bir dəfə məğlub olmuşsa, imam Əlinin (ə) uyğun tövsiyyəsini əsas götürüb, insanları növbəti hərəkatdan çəkindirmək olmaz. Ötən söhbətlərdə bu məsələ ətraflı şəkildə araşdırıldı. İndi isə digər qaranlıq nöqtələri araşdıraq.
HADİSƏLƏRİN TƏKRARI VƏ YA OXŞARLIĞI
İmam Əli (ə) öz vəsiyyətində buyurur ki, keçmişdə baş vermiş hadisələri gələcək üçün əsas götürün, çünki hadisələr oxşardır. Belə bir sual yaranır ki, uyğun tövsiyyəni bütün məqamlarda tətbiq etmək olarmı? Doğrudanmı, hadisələr o qədər oxşardır ki, onların nəticələri də eyni olsun? Şübhəsiz ki, hadisələr dəqiq oxşar deyil. Həzrətin (ə) tövsiyyəsi bütün hallara tətbiq edilmək üçün buyurulmayıb. Hadisələr oxşar olmaya da bilər. Bir çox hallarda keçmişdə baş vermiş hadisələrlə bugünkü hadisələr arasında fərqlər nəzərə çarpır. Əgər belədirsə, nə üçün Həzrətin (ə) kəlamı bu sayaq ümumi şəkildə bəyan olunmuşdur? Uyğun suala iki şəkildə cavab vermək olar:
1. Əvvəla, Həzrətin (ə) bu kəlamı «xitabə» formasında bəyan olunmuşdur. Mübahisə zamanı bir neçə növ dəlil gətirilə bilər. Bu dəlillərə nümunə olaraq, «bürhan», «cədəl», «xitabə», «şe’r» və «müğalitə»ni göstərə bilərik. Bu beşlik əsaslandırmanın yollarını göstərir. Xitabə dəlilinin xüsusiyyəti budur ki, bu üsulda zənni dəlillərdən istifadə olunur. Xitabə dəlilinin məqsədi müraciət olunan şəxsi əmələ sövq etməkdir. Moizələr də bu qəbildəndir. Nəsihət verən şəxs dəlil gətirmək məqsədində deyil. Onun söhbəti öz dinləyicisini əmələ sövq etməkdir. Ona görə də belə bəyanlar ümumi olmaya da bilər. Danışanın nəsihətlərindən dinləyicinin istifadə edə bilməsi bu sayaq bəyanda kafi hesab olunur. Dinləyici deyilənləri yadda saxlayır və yeri düşdükcə onlardan istifadə edir. Demək, xitabədə zənni-dəlillərə əsaslanılır və o bütün hallara tətbiq olunmur. Məqsəd yalnız və yalnız dinləyicini yaxşılığa sövq etməkdir. Vəsiyyətin bu hissəsində imam Əlinin (ə) məqsədi budur ki, dinləyici bugünkü işlərində keçmişi nəzərə alsın. Dinləyicinin nəzərinə çatdırılan budur ki, dünya əbədi deyil və keçmişdə pisliklə nəticələnmiş hadisələr gələcəkdə də belə nəticələnəsidir. Hər birimiz təcrübədə görmüşük ki, çətinliksiz müvəffəqiyyət olmur. Rahatlığa gedən yol çətinlikdən keçir. Beləcə, nəticə çıxarırıq ki, gələcəkdə də belə olasıdır. Gözləməməliyik ki, bütün işlərimiz çətinliksiz ötüşəcək. Hətta əldə edilən şeylər də əbədi olmur, bir vaxt əldən çıxır. Həzrətin (ə) məqsədi öz dinləyicisini keçmişin hadisələrindən ibrət götürməyə sövq etməkdir. Deyilir ki, keçmişə nəzər sal. Bəli, keçmişlə gələcək həmişə oxşar olmur. Elə Həzrət (ə) də yalnız oxşar hadisələri nəzərdə tutur.
Demək, uyğun sualın cavabında birinci qeydimiz budur ki, Həzrətin (ə) bəyanı bir xitabdır və moizə şəklində bəyan olunur. Qaydaya görə moizə və nəsihətdə əsas məqsəd dinləyicinin işə sövq olunmasıdır. Nəsihətdə bəyan olunan qayda bə’zən özünü doğrultmaya da bilər. Yə’ni nəsihət yolu ilə təqdim olunan qayda üçün istisna hallar da var.
2. Uyğun sualın cavabında ikinci qeydimiz budur ki, Həzrət (ə) «çünki işlər bir-birlərinin oxşarıdır» deyərkən, hadisələr arasında müəyyən həddə oxşarlığın olduğunu nəzərdə tutur. Məqsəd bu deyil ki, bütün hadisələr dəqiq şəkildə oxşardır. Hamıya aydındır ki, min il bundan öncə yaşamış insanlar bir daha bu dünyaya qayıdası deyil. Ona görə də keçmişin hadisələrini bugünkü hadisələrlə tam eyniləşdirə bilmərik. Sadəcə, bildirmək istəyirik ki, keçmişdəki hadisələrlə bugünkü hadisələr arasındakı oxşarlıqları tapıb, onlardan istifadə edə bilərik.
Demək, dövrün hadisələri arasında oxşarlıqlar mövcuddur. Amma bu oxşarlıqları kəşf etmək lazımdır. Unutmamalıyıq ki, oxşarlıq uyğunluq deyil. Uyğunluq odur ki, hadisələr tam şəkildə həmahəng olsun. Oxşarlıq isə hadisələrin müəyyən cəhətdən uyğun olmasıdır və yalnız bu oxşar nöqtələrə istinad edilə bilər. Məsələn, keçmişdə baş vermiş bütün hadisələr dayanaqlı olmamış, fəna olub getmişdir. Həmin bu davamsızlıq, ötərilik xüsusiyyətini gələcəyin hadisələrinə də tətbiq etmək olar. Yə’ni keçmişdəki hadisələrin ötəriliyini nəzərə alaraq, qərar çıxarmaq olar ki, bugünkü hadisələr də ötüb keçəsidir. Məhz bu cəhətdən bütün hadisələr bir-birlərinin oxşarıdır. Qur’ani-kərimdə buyurulur: «Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir».1 Bu dünyada olan bütün şeylər fəna olasıdır. Bu cəhətdən bütün işlər oxşardır.
Qur’ani-kərimdə bütün cəmiyyətlərdə və məqamlarda təsadüf olunan oxşar cəhətlər sadalanmışdır. Bu səbəbdən də ötənləri nəzərdən keçirərkən həmin oxşar cəhətlərə əsasən gələcəkdə nələrin baş verəcəyini müəyyənləşdirə bilərik. Məsələn, naşükür insanların hansı aqibətlə üzləşdiyini tarixdən öyrənmək olar. Haqq itirən, ne’mətə qarşı naşükürlük edən insanların nəhayətdə bədbəxt olduğu göz qabağındadır. Demək, Allah-təala bütün naşükürlük edənlərdən öz ne’mətini geri alır: «Əgər şükr etsəniz, sizə verdiyim ne’mətləri artıracağam. Yox əgər nankorluq etsəniz, mənim əzabım, həqiqətən, şiddətlidir».2 Bəli, ayədə göstərilənlər aşkar bir həqiqətdir və bütün hallarda özünü doğruldur.
Demək, hadisələr arasındakı oxşarlıqları tapa bilsək, bu oxşarlıqlardan öz gələcəyimiz üçün istifadə edə bilərik.
GƏLƏCƏK KEÇMİŞDƏN FƏRQLİDİRMİ?
Söhbətimizin bu yerində bə’zilərinin iradlarına cavab vermək lazım gəlir. Bə’ziləri keçmişdə baş vermiş hərəkatların uğursuzluğa düçar olduğunu əsas götürüb, növbəti hərəkatların nəticəsini şübhə altına alırlar. Belələri əslində bəhanə gətirərək, öz ictimai və dini vəzifələrindən boyun qaçırırlar.
Qeyd etməliyik ki, onlar hadisələr arasındakı oxşar cəhətləri düzgün müəyyənləşdirə bilməmişlər. Onlar bilmirlər ki, hadisələr arasında fərqli cəhətlər də mövcuddur. Məsələn, hadisənin baş verməsi üçün mövcud şərait nəzərə alınmalıdır. Əgər hansısa hərəkat uğursuzluğa düçar olmuşsa, demək, həmin dövrün şəraiti münasib olmamışdır. Sual oluna bilər ki, bugünkü şərait həmin dövrün şəraiti ilə eynidirmi? Hansısa dövrdə kütlələrin siyasi aktivliyi zəif olmuşdursa, bu o demək deyil ki, bu gün də həmin şərait davam edir. Keçmişdəki hərəkatın uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri insanların siyasi şüurunun yetərsizliyidir. Bu günkü siyasi şüur isə tamam fərqli ola bilər. Demək, eyni bir hadisə bir dövr və şəraitdə baş tutmamışsa, başqa bir dövr və şəraitdə baş tuta bilər.
Bə’zən cəmiyyətdə hansısa azadlıq hərəkatına qarşı elə güclü təbliğat olur ki, insanlar aldadılır və siyasi meydandan kənarlaşdırılır. Həmin təbliğat istənilən bir dövrdə ictimai fəallığı zəiflədir. Bu gün keçmişdən fərqlənə də bilər. Əsrimizin insanları həqiqətdən çox tez xəbər tutur və düşmənin təbliğatlarını dəqiq qiymətləndirməyi bacarırlar. Bu gün keçmişdəki məğlubiyyətləri əsas götürüb, insanları süstləşdirmək yanlış hərəkətdir. Çünki keçmiş dövr ilə bugünkü dövr arasında fərqlər mövcuddur. Əvvəlcə keçmişdəki və bugünkü hadisələr arasında oxşar cəhətlər tapılmalıdır. Yalnız müştərək xüsusiyyətləri nəzərə alaraq, mühakimə yürütmək olar. Oxşar cəhətlər yalnız o vaxt faydalı olur ki, fərqli cəhətlər də nəzərdən qaçırılmasın.
Həzrət (ə) buyurmur ki, bütün hadisələr eynən oxşardır. Aydın məsələdir ki, istilik sevən bitki soyuq şəraitdə inkişaf edə bilməz. Bu məsələdə torpağı əsas götürmək lazımdır. Yə’ni «torpaq torpaqdır» deyib, eyni nəticələr intizarında olmaq sadəlövhlükdür. Hər bir ağac xüsusi bir mühitdə becərilməlidir ki, barlı-bəhərli olsun.
Əgər müşahidə ediriksə ki, keçmişin bə’zi hadisələri bugünkü hadisələrdən fərqlənir, demək bir çox cəhətlər nəzərə alınmamışdır. Hadisələr arasındakı oxşar və fərqli cəhətlər dəqiq müəyyənləşdirilməlidir. Yalnız bir oxşar cəhəti əsas götürüb, fərqli cəhətləri nəzərdən qaçırsaq, müsbət nəticə əldə edə bilmərik. «Torpaq torpaqdır, ağac da ağac» deyərək şimal bitkisini cənubda becərmək ağılsız bir cəhddir. Eyni bir hadisə bir şəraitdə müsbət, digər bir şəraitdə isə mənfi nəticələnə bilər. Diqqətli olmalıyıq ki, bə’zən şərait və səbəblər dəyişir. Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, Həzrətin (ə) buyuruğu ümumişlək bir qaydadır. Amma bir şərtlə ki, hadisələrdəki oxşarlıqlar və fərqlər dəqiq müəyyənləşdirilsin. Nəhayət, Həzrətin (ə) kəlamının izahında deyə bilərik ki, Həzrət (ə) ya moizə məqamında olmuşdur, ya da bu bəyan «xitabə» bəyanıdır.
İCTİMAİ HADİSƏLƏRİN QANUNİLİYİ
Görən ictimai hadisələr də təbiət hadisələri kimi təkrarlana bilərmi? Məsələn, təbiət qanunlarına görə yanma qabiliyyəti olan hər bir şey oda düşdükdə yanır. Bu qaydanı əsas götürərək başqa hallarda ondan istifadə edə bilərik. Məsələn, baharda yağış yağır və ağaclar cücərir. Bu hadisəni əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Görən ictimai hadisələr də belədirmi? Bu sual sosioloji baxımdan daha çox əhəmiyyət kəsb edir. Məsələn, deyirlər ki, ictimai hadisələr təkrarlana bilməz. Ona görə də ictimai hadisələrə münasibətdə sabit qanunlar nəzərdə tutulmur. İctimai hadisələri öncədən proqnozlaşdırmaq üçün isə həmin qanunlara ehtiyac var. Sosiologiyanın bu prinsipi Həzrətin (ə) buyuruğu ilə uyuşurmu?
Nəzərimizcə, təbiət qanunları ilə ictimai qanunlar arasında fərqlər mövcuddur. Təbiət hadisələrindən fərqli olaraq, ictimai hadisələr arasında tam oxşarlıq tapmaq mümkünsüzdür. Yuxarıda qeyd etdiyimiz sosioloji baxış da düzgün deyil. Çünki hadisələr arasındakı oxşarlığı tamam inkar etmək yanlışdır. Qur’ani-kərimdə buyurulur: «Güman edirsiniz ki, imtahana çəkilməmiş behiştə daxil olacaqsınız?!»1 Bəli, bütün insanlar sorğudan keçəsidir və kimsə üçün imtiyaz nəzərdə tutulmamışdır. Keçmişdəki insanlar sınağa çəkildilər, bir çox bəlalarla rastlaşdılar. Yalnız imtahandan alnıaçıq çıxanlar behiştə daxil oldular. Bəli, biz də müxtəlif çətinliklərlə imtahana çəkiləsi, bu imtahanın nəticəsindən asılı olaraq, aqibətimizi tə’yin edəsiyik.
Bu mövzuda kifayət qədər hədislər də vardır. Hədislərdən birində həzrət Peyğəmbər (s) müsəlmanlara buyurur: «Tarixdə Bəni-İsrailin başına gələnlər sizin də başınıza gələsidir. Hətta onlar kərtənkələ yuvasına daxil olmuşsa, siz də daxil olasısınız».2 Həzrət Peyğəmbərin (s) kəlamından mə’lum olur ki, tarixdəki hadisələr ən son incəliyinədək təkrarlana bilər. İctimai hadisələr kamil şəkildə təhlil olunsa, müştərək xüsusiyyətlərə əsasən, onların yenidən təkrarlanacağını proqnozlaşdırmaq olar. İctimai hadisələrin amili təkcə fərd deyil. Bu hadisələrin də qanunları vardır. Sadəcə, bu qaydaları arayıb, üzə çıxarmaq çətindir. Hər hansı bir hadisənin törəmə səbəblərini bilmək, onun reallaşma şəraitini öyrənmək çətin olur. Təbiət hadisələrinin təhlili xeyli asandır. Onların başvermə şəraitini dəqiqləşdirmək bir o qədər də çətin olmur. Bununla belə, ictimai hadisələr arasındakı oxşarlığı inkar edə bilmərik. Keçmişdəki hadisələri dəqiq təhlil etdikdən sonra gələcək hadisələr haqqında fikir yürütmək olar.
Hadisələrin təkrarı o demək deyil ki, bu hadisələr eynən oxşar olmalıdır. Götürək Həzrət Peyğəmbərin (s) oxşatmasını. Bizim bəni-İsrail yox, müsəlman olduğumuz aydındır. Amma hansısa müştərək nöqtələrə əsasən bu hədisdə müsəlmanlar bəni-İsrailə oxşadılır. Əslində isə biz öz səciyyəvi xüsusiyyətlərimizlə onlardan fərqlənirik. Onların peyğəmbəri Musa (ə), bizim peyğəmbərimiz isə Məhəmməd (s) olmuşdur. Amma aramızdakı oxşar cəhətlər səbəbindən onların başına gəlmiş bə’zi hadisələr bizim də başımıza gələ bilər. Bəni-İsrail Həzrət Musanın (ə) qırx gün qeybindən sonra danaya pərəstiş etməyə başladılar. Həzrət Musanın naibi onları tövhidə nə qədər də’vət etdisə, sözlərini dinləyən olmadı. İslam aləmində də belə hadisələr baş vermişdir. Həzrət Peyğəmbərin (s) vəfatından çox keçməmiş Əmirəl-mö’minini (ə) atıb onun dediklərinə qulaq asmadılar. Əlinin (ə) peyğəmbər naibi olmasına baxmayaraq, onun dedikləri qulaq ardına vuruldu. Musa (ə) öz naibi Harundan soruşduqda ki, nə üçün bəni-İsrailin yolunu azmasına imkan verdin, Harun cavab verdi ki, bəni-İsrail arasındakı ixtilaflarda müqəssir sayılacağımdan qorxdum. Bu hadisənin oxşarı İslamda da baş vermişdir. Əmirəl-mö’minin Əli (ə) müsəlmanlar arasında ixtilafın düşməməsi üçün susmaq yolunu seçmiş və 25 il müddətində səbr etmişdir.
Müxtəlif rəvayətlərdə də bildirilir ki, bəni-İsrailin başına gələn hadisə sizin də başınıza gələsidir. Olsun ki, məhz oxşarlıq səbəbindən bəni-İsrailin əhvalatı Qur’anda təkrar olunmuşdur. Bəni-İsrailin başına gələn bir çox hadisələr müsəlmanlar üçün ibrətamizdir. Müsəlmanlar bu hadisələrdən nəticə çıxarmasalar, bəni-İsrailin aqibəti ilə rastlaşa bilərlər.
SÖHBƏTİN XÜLASƏSİ VƏ NƏTİCƏSİ
Əmirəl-mö’mininin (ə) buyuruqlarının bu hissəsinin izahında dedik ki, keçmişdə və gələcəkdə baş vermiş hadisələr arasında müştərək nöqtələr tapılarsa, bu hadisələrin oxşar cəhətləri sübuta yetərsə, birinci hadisəyə aid olan hökmü oxşar məqamlarda ikinci hadisəyə də tətbiq etmək olar. Buna əsasən də Həzrət (ə) buyurur: «Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar. Çünki işlər bir-birlərinin oxşarıdır». Daha sonra oxuyuruq: «Ne’mət sahibinə naşükür olma. Ne’mətə qarşı naşükürlük ən alçaq küfrdür». Qeyd olunduğu kimi, ne’mətə münasibətdə küfr hadisələr arasındakı oxşar nöqtələrdən biridir. Naşükürlük edənlər keçmişdə necə bədbəxt olurdularsa, gələcəkdə də bədbəxt olasıdırlar. Biz də ne’mətə qarşı küfr etmiş olsaq, həmin bəlalarla üzləşəsiyik. Ne’mət dedikdə yalnız geyim, qida, məskən kimi maddi ne’mətlər nəzərdə tutlmamalıdır. Bütün ne’mətlərdən üstün mə’nəvi ne’mətlərdir və bu məsələni unutmamalıyıq. İslam, ilahi rəhbərlik kimi ne’mətlərdən qəflətdə qalmaq bədbəxtlikdir. Bu ne’mətlər heç bir ne’mətlə müqayisə oluna bilməz. Onlar mücahidlərin və alimlərin qanı bahasına əldə olunmuşdur. Bu məfhumların xalqın düşüncəsində möhkəmlənməsi üçün alimlər məs’uldurlar. İnqilabın ne’mətlərindən biri də Qur’ana və müqəddəs dinimizə yetərincə diqqət göstərilməsidir. Əlbəttə, bu iddiada deyilik ki, ölkəmizdə günahdan əsər-əlamət yoxdur. Belə bir arzu həqiqətdən uzaq olardı. Çünki insanlar mə’sum deyillər. Sadəcə, bizlər cəmiyyətin islahı üçün çalışmalı və ne’mətlərin şükrünü yerinə yetirməliyik ki, bu ne’mətlər günbəgün artsın. Allah eləməmiş, bu ne’mətlərin qədrini bilməsək, ilahi rəhbərlik kimi bir ne’mətdən qəflətdə qalsaq, elə bir insanın rəhbərliyi altına düşərik ki, müqəddəs dinimizə bütün qapılar bağlanar. Əgər belə bir xoşagəlməz hadisə baş versə, bütün dini və bəşəri dəyərlər əlimizdən çıxasıdır. Belə bir mənfi nəticənin məs’uliyyəti yalnız bizim üzərimizdədir. «Şura» surəsində buyurulur: «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahın ucbatındandır».1
Dostları ilə paylaş: |