SƏRVƏT VƏ ONDAN SUİ-İSTİFADƏ
Ümumiyyətlə insanlar-qadın, kişi, böyük, kiçik, şəhərli, kəndli, alim və cahil hamısı təbiətən malı, sərvəti, pulu və vəzifəni sevirlər. Az adam tapılar ki, bu ilahi qanundan istisna olsun. Cahan malsız, sərvətsiz, qadınsız və övladsız közəl simaya malik olmaz.
Qur`ani-Kərim “Kəhf” surəsində buyurmuşdur:
“Mal-dövlət və övladlar bu dünyanın zinətidir.”2
“Qadınlar, uşaqlar, qızıl-gümüş xəzinələri, yaxşı cins atlar, mal-qara, əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür. Gözəl qayıdış yeri isə Allah yanındadır.”1
“Ə`raf” surəsində belə buyurulmuşdur:
“Ya Peyğəmbər de ki: Allahın Öz bəndələri üçün yaratdığı zinəti və pak ruziləri kim haram etmişdir? De ki: bunlar dünyada iman gətirənlər üçündür. Qiyamət günündə isə xalis şəkildə ancaq mö`minlərə məxsusdur.”2
Qur`ani Kərim bu ne`mətlərin və dünyəvi həyat vasitələrinin iman sahibi olan şəxslərə məxsus olduğunu aydın surətdə göstərmiş, bu ne`mətlərin ən xalisinin və ən təmizinin Qiyamət günü onların ixtiyarına qoyulacağını müjdə vermişdir.
Pəhrizkarların rəhbəri İmam Əliyyibni Əbi Talib (əleyhissalam) buyurmuşdur:
“Agah olun ki, sərvət, ne`mətlərdən biridir.”3
Doqquzuncu İmam Həzrət Cavad (əleyhissalam) buyurmuşdur: “Dörd şey vardır ki, insana işdə və fəaliyyətində köməklik göstərir: sağlamlıq, ehtiyacsızlıq, bilik və ilahi tovfiq.”4
Ancaq bu cəhəti nəzərə almaq lazımdır ki, dünyəvi sərvətin, malın və zinətin tə`rifi, öyülməsi və cəmiyyətin təkamülündə zəruri sayılması heç də onlardan sui-istifadə edilməsi mə`nasında deyildir: qürur və xudpəsəndlik doğuran, Allahı yad etməyi unutduran sərvət zahirən qəşəng və aldadıcı, batinən isə öldürücü olan ilan kimidir.
Ona görə də sərvətə, sərmayəyə qarşı mübarizə aparmaq üsulu islamın danılmaz qanununa ziddir; əksinə, başqa ne`mətlər kimi çox böyük ne`mət olan elmdən, qüdrətdən və sözün nüfuzundan sui-istifadə etməyə qarşı mübarizə aparmaq lazımdır.
Bilik və qüdrət kimi sərvət səfeh, yaramaz adamın əlinə düşsə, cəmiyyətdə elə bir tüğyan və itaətsizlik əmələ gətirər ki, o, Allahlıq iddiası edər və Fir`on kimi “mən sizin ən uca Rəbbinizəm” deyib, dad çəkər, öz iqtisadi və maddi qüdrətinin bu iddianı etməyə ona icazə verdiyini sanar.
Qur`ani-Kərim Fir`onun dilindən hekayət etdiyi kimi:
“Məgər Misir səltənəti (saraylarının) altından axan bu nəhrlər mənim deyilmi? Məgər mənim qüdrətimi görmürsünüzmü?”5
Qur`an sərvətpərəstlikləri nəticəsində Allahı unutmuş, Onun böyük ne`mətlərindən insanların xeyri və səadəti yolunda sərf etməyən adamlar haqqında belə buyurmuşdur:
“Qızıl və gümüş toplayan və onu Allah yolunda xərcləməyənləri dərdli bir əzabla müjdələ.”6
“Vay olsun bütün məzəmmət edən və eyb axtaran adamların halına ki, var-dövlət toplayır və güman edirlər ki, sərvətləri və mal-mülkü onları ölümdən xilas edəcək, dünyada onları daimi yaşadacaqdır. Amma bu, belə deyildir. Əksinə, onlar cəhənnəm odu içinə atılacaqdır.”
Cəmiyyətlərin puçluğu və məhvi, məmləkətlərin viranəyə dönməsi o zaman başlayır ki, sərvətlilərin, rifah axtaranların və əyyaş adamların bir hissəsi Allah verən ne`mətdən və sərvətlərdən sui-istifadə edir, özləri üçün əyləncələr, gecə məclisləri düzəldir, xalqın işlərindən və cəmiyyətin rifahından xəbərsiz olur, təbəqələr arasında bir uçurum əmələ gətirir və beləliklə, öz millətlərinin məhvinə bais olurlar.
Xudavəndi-aləm bu qəbil adamlar haqqında belə buyurmuşdur:
“Əgər Biz bir məmləkəti (və ya şəhəri) məhv etmək istəyiriksə, onun naz-ne`mət içində yaşayan başçılarına verdiyimiz əmrlərdən sonra, yenə fisq və günah işlərə əl uzadarlarsa, o zaman onlar haqqındakı və`dəmiz və sözümüz sübut olar. Sonra onları məhv edərik.”1
Gördüyünüz kimi, sərvət haqqındakı bütün məzəmmət və tənqid, ondan sui-istifadəyə, sərvətdən yanlış bəhrələnməyə aiddir, mal və sərvət sahibi olmağa yox! Nə olaydı ki, insanlar sərvət üzərinə cummaq və mal-dövləti məzəmmət etmək əvəzinə, mənfəət axtaranların, zəiflərin hüququna təcavüz edənlərin qarşısını almağa, onları İslamın ali tə`limləri yoluna və asimani cəzalara, Qur`an qanunlarından istifadə etməyə çalışaydılar, İslamın, müsəlmanların, qardaşların, qonşuların və yoxsulların qanuni hüquqlarını müdafiə edib və sərvətdən şə`ri üsulla istifadə edəydilər, sərvəti, malı və vəzifəni məqsəd yox, vasitə sanaydılar. Çünki, həqiqi ilahi rəhbərlər cəmiyyətin islah olunmasında, fəsadın və puçluğun qarşısının alınmasında bu üsuldan istifadə etmiş və müəyyən qədər də müvəffəqiyyət əldə etmişlər.
Dostları ilə paylaş: |