Müaviyənin qüdrətinin hakim olduğu belə acınacaqlı vəziyyətdə bir çox şeyləri nəzərə almaqla, o vaxtda qiyam etməyə nə imkan var idi nə də qiyamın bir faydası olacaqdı. Aşağıdakı iki səbəbi Müaviyənin dövründə İmam Hüseyn əleyhissəlamın inqilabına mane olan əsas iki amil kimi qeyd etmək olar.
1. İmam Həsən əleyhissəlamin Müaviyə ilə sülh müqaviləsi
Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi Müaviyə İmam Həsən əleyhissəlamın onunla bağladığı və İmam Hüseyn əleyhissəlamın da təsdiqlədiyi sülh müqaviləsini bəhanə gətirib İmam Hüseyn əleyhissəlamı sülh müqaviləsini pozmaqda ittihamlandıracaqdı. Çünki hamı bilirdi ki İmam Həsən (əleyhissəlam) və İmam Hüseyn (əleyhissəlam) nə qədər ki Müaviyə sağdır onun hökuməti qarşısında sükut edəcəklərinə və heç bir qiyama əl atmayacaqlarına söz veriblər. Əgər belə bir vaxtda İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi Müaviyə İmamı vəzifətələb və əhd-ilqar sındıran bir şəxs kimi qələmə verərdi. Düzdür İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə bağlanan müqaviləyə əməl etməyi vacib bilmirdi. Çünki bu müqavilə azad könüllü və ixtiyari şəkildə deyil məcburiyyət qarşısında və danışıqların heç bir fayda verməyəcəyi bir dövrdə bağlanmış bir müqavilə idi. Bundan əlavə, artıq Müaviyənin özü müqaviləni pozmuş və daha müqavilənin şərtlərinə riayət etmirdi. Deməli belə bir müqaviləyə (baxmayaraq ki əslində düzgün müqavilədir) İmam Hüseyn (əleyhissəlam) əhəmiyyət verməzdi. Çünki Müaviyə özü onu pozmuş və onun pozulmasında əlindən gələni əsirgəmirdi. Ancaq nə qədər müqavilə var idi Müaviyə onunla İmam Hüseyn əleyhissəlamın qiyamına qarşı bəhanə gətirə bilərdi. Digər tərəfdən də baxmalıyıq ki görək camaatın İmam Hüseyn əleyhissəlamın qiyamı barədə fikri necədir?
Mə’lumdur ki İmam Hüseyn əleyhissəlamın dövründəki camaatda qiyam həvəsi yox idi. Onlar qılınclarını açıb kənara qoymuşdular. Salamatçılıq ardınca olan bu camaatın beynində təbii ki İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə sülh bağlayıb (sülhə razı olub) indi də ona əməl etməlidir fikirləri dolanırdı. Deməli belə bir vaxtda əgər İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi Müaviyə onun qiyamını qeyri-qanuni və sülh müqaviləsinin əksinə olan bir üsyan kimi qələmə verəcəkdi. Əvvəldə də qeyd etdik ki o dövrün camaatında qiyam həvəsi olmadığına görə onlar da Müaviyənin sözlərini təsdiqləyəcəkdilər.