Xanım Zeynəb (səlamullahi əleyha) Yezidin sarayında
Yezid əmr etdi ki əsirləri şəhidlərin kəsilmiş başları ilə birlikdə Şama göndərsinlər. Əsirlər karvanı Şama tərəf hərəkət etdi. İbn Ziyadın adamları çox bədxasiyyətli idilər. Şam şəhərinin saray adamları (Yezid və onun adamları) böyük fəth və qələbə hesab olan bu karvanın yetişməsi üçün dəqiqələri sayırdı. Tarixçilərin dediyinə görə əsirlər karvanı minlərlə tamaşaçının gözü qarşısında şəhərə (Şama) daxil oldu. Həmən gün Şam şəhəri sevinc və fərəh içində idi və camaat Yezidin qələbəsini bayram edirdi. Əsirlər karvanı camaatın arası ilə küçələri bir-bir arxada qoyaraq Yezidin böyük hökumət sarayına yetişdi.
Saraydakılar xüsusi yerlərdə oturmuş Yezid taxtın üzərində qürur və təkəbbürlə əsirləri görmək intizarında idi. Übeydullah ibn Ziyadın məclisindən fərqli olaraq Yezidin məclisinə hər adam gələ bilmirdi. Ancaq ölkə böyükləri qəbilə başçıları və bə’zi xarici ölkələrin nümayəndələri iştirak edirdilər. Buna görə də, bu məclis çox əhəmiyyətli bir məclis hesab olunurdu.
Əsirlər saraya daxil olub onlar üçün nəzərdə tutulmuş yerdə dayandılar. Yezidin gözü Peyğəmbər ailəsindən olan əsirlərə sataşdıqda, onları öz qarşısında ayaq üstə durmuş görüb əmr etdi ki İmam Hüseyn əleyhissəlamın başını bir ləyənə qoysunlar. Sonra o əlində olan çubuqla İmam Hüseyn əleyhissəlamın dişlərinə vura-vura Abdullah ibn Zəb’əri Səhminin kafir olduğu zaman yazdığı cahillik kin-küdurətini xatırladan şe’rini oxuyaraq deyirdi: «Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin əzabını çəkməli olmuş əcdadım burada olub sevinərək deyəydilər ki Yezid çox sağ ol! Əli (əleyhissəlam) övladlarına Bədr gününün acısını dadızdırdın və intiqamımızı onlardan aldın...»60