ŞƏHADƏTDƏN SONRA BAŞ VERƏN QƏRİBƏ HADİSƏLƏR
Yezidin qoşunu İmam Hüseyni (ələyhissalam) şəhid etdikdən və əhli-əyalını əsir tutduqdan sonra bir çox qəribə hadisələr baş verdi. Əlbətdə ki, bunlar səbəbsiz deyil. Mühüm səbəblərdın ikisini yada salmaq istərdik:
1-Zülmün yerdə qalmaması:
Yəqin ki, zalımın etdiyi zülmlərin açınacaqlı nəticəsini dəfələrlə elə bu dünyada ikən müşahidə etmisiniz. Hər zalım etdiyi zülmün nəticəsini istər bu dünyada, istərsə də Axirətdə görəsidir. Belə ki, Kərbəla hadisəsindən sonra Yezid və tərəfdarları müxtəlif əzablara qatlaşaraq işgəncələrə məruz qaldılar. Onlar həm bu dünyanı, həm də Axirəti itirdilər.
فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُواْ وَالْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِينَ
»Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükr aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur.«1
Qurani-Kərimdə “zülm” kəlməsi 288 dəfə gəlmişdir.
2-Bu ağrılı və acılı müsibətdən insanların ibrət alıb haqqı tanıması:
Qurani-Kərimdə keçmiş ümmətlərin başına gələn hadisələr yad olunur. Bu ona görədir ki, İlahi vəhyləri oxuduqca ibrət alıb haqq ilə batili biri-birindən ayıraq və tanıyaq. Nəticədə isə həyatımızı haqq uğrunda quraq.
Bildiyimiz kimi Kərbəla hadisəsi aləmlərdə baş verən ən ağır hadisədir. Buna əsasən də insanlar Allahın xəlifəsinin əleyhinə qiyam edənlərin aqibəti barəsində oxuyub düşünməli və onların başına gələnlərdən ibrət almalıdırlar.
لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِّأُوْلِي الأَلْبَابِ
»Şübhəsiz, Onların (Peyğəmbərlərin və ümmətlərinin) başlarına gələnlərdə ağıl sahibləri üçün bir ibrət vardır.«1
Qurani-Kərimdə “ibrət” kəlməsi 9 ayədə zikr edilmişdir.
Dostları ilə paylaş: |