Qeyd etdiyimiz kimi Ömər ibn Əbdüləziz digər Əməvi xəlifələri ilə müqayisədə nisbətən ədalətli şəxs olmuşdur. Onun hakimiyyətinin Peyğəmbərin (səlləllahu əleyhi və alih) mə’sum canişinləri tərəfindən rəsmən tanınmadığı üçün onun da zalımlar cərgəsinə daxil olmasına baxmayaraq, o özündən qabaqkı xəlifələrin zülmlərinə qarşı çıxaraq hakimiyyətini xalqa xidmət etməyə həsr etdi. Bu xidmətlər arasında onun İslama bəlkə də bəşəriyyət aləminə göstərdiyi həyat və hakimiyyət dövrünün xüsusi parlaq xidməti Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamı söymək adətini aradan götürərək qadağan etməsidir. O bu işi ilə altımış doqquz illik rişə atmış çirkin bir bid’əti aradan götürməklə, şiə aləminə bəlkə də, bütün bəşəriyyət aləminə xidmət etmiş oldu. Bu bid’ət Müaviyənin qoyduğu çirkin miras idi. Həzrət Əli əleyhissəlamın şəhadətindən sonra (hicrətin qırxıncı ili) bütün mövqeyi ələ keçirən Müaviyə qərara gəldi ki əks təbliğat və müxalif şüarlar vasitəsilə Əli əleyhissəlamı İslam aləminin “ən nankor” adamı kimi tanıtdırsın. O bu məqsədini həyata keçirmək üçün bir tərəfdən Əli əleyhissəlamın dost və şiələrini təzyiqlərə mə’ruz qoymaqla qılınc gücü ilə Əli əleyhissəlamın fəzilətlərinin söylənilməsinin qarşısını alaraq bir hədis hekayə və şe’r belə, o Həzrətin mədhi barədə deyilməsinə icazə vermir digər tərəfdən də, o Həzrətin parlaq simasını əksinə göstərmək üçün Əməvi hökumətinin hədisçi və yaltaqlarını Əli əleyhissəlamın əleyhinə hədis quraşdırmağa məcbur edirdi. Bu yolla saysız hədislər söylənilib camaatın arasında yayıldı. Müaviyə bununla da, kifayətlənməyib əmr etdi ki bütün xilafət ərazisində cümə günləri minbərə çıxıb xütbə oxuyarkən Əli əleyhissəlamı söymək də xütbəyə əlavə edilsin. Bu çirkin bid’ət icra olunaraq adət halını aldı. Ümumi fikirlərdə öz tə’sirini qoyaraq rişə atmış bir iş halına çevrildi. Belə ki uşaqlar Əli əleyhissəlama qarşı kin-küdurətlə böyüdülər böyüklər isə Əli əleyhissəlama qarşı zidd fikirlərlə dünyadan getdilər.
Müaviyədən sonra digər Əməvi xəlifələri də bu adəti davam etdirmiş və bu iş Ömər ibn Əbdüləzizin hakimiyyətə yetişdiyi – təxminən hicrətin birinci yüzilliyinədək icra olunurdu.1