Bu hadisə qısa bir zamanda bütün Dəməşqə yayıldı Şam ərazisində şadlıq sevinc dalğası yarandı. Hişam İmam Baqir əleyhissəlamın xristianlarla elmi mübarizədə qalib gəlməsindən sevinmək əvəzinə o Həzrətin mə’nəvi nüfuzundan daha çox qorxuya düşdü. O Həzrətlə zahirdə dostluq edib ona hədiyyə çatdıraraq xəbər göndərdi ki elə həmin gün Dəməşqdən çıxsın. Eyni zamanda o Həzrətin ona elmi mübarizədə qalib gəlməsindən hirslənib çalışırdı ki ona xristian olmaq töhmətini atmaqla onun elmi və ictimai nüfuzunu aşağı salsın. Buna görə də, son dərəcə hörmətsizliklə özünün bə’zi valilərinə (o cümlədən Mədinə şəhərinin valisinə) yazdı: “Əbu Turabın oğlu Məhəmməd ibn Əli (əleyhissəlam) (İmam Baqir) öz oğlu ilə birlikdə mənim yanıma gəlmişdi. Onları Mədinəyə qaytararkən keşişlərin yanına gedib xristianlığı qəbul edərək məsihilərə qoşuldular. Onların mənə olan qohumluqlarına görə bu günahlarından keçdim. Elə ki onlar sizin şəhərə çatdılar camaata bildir ki mən onlara nifrət edirəm.” Ancaq Hişamın puça çevrilmiş sə’yləri həqiqəti örtmək üçün bir nəticə vermədi. Əvvəllər Hişamın təbliğatına uymuş yuxarıda adını qeyd etdiyimiz şəhərin (Mədinənin) əhalisi İmam Baqir əleyhissəlamdan İmamət sahəsində gördüyü nişanələr nəticəsində o Həzrətin həqiqi və əsl məqamından xəbərdar oldu. Beləliklə məcburiyyət və hədə-qorxu nəticəsində başlanmış səfər axırda səmərəli və parlaq səfərlərdən birinə çevrildi.62