Böyük qeyb dövrü
Dördüncü naibin ölməsi ilə İmam Məhdi əleyhissəlamın böyük qeyb dövrü başlayır. Bu dövrdə müctehidlik səlahiyyətinə malik olan alimlər İmamın ümumi nümayəndələri hesab olunur. Ötən səhifələrdə qeyd etdik ki, xüsusi nümayəndəlik o idi ki, İmam Məhdi (əleyhissəlam) özü müəyyən bir şəxsi nümayəndə tə’yin edir, ancaq ümumi nümayəndə odur ki, İmam nümayəndə üçün lazım olan ümumi şəraiti deyir və bütün dövrlər boyu həmin şəraitə malik olan şəxslər (alimlər) də, İmamın nümayəndəsi olaraq şiələrin dini və dünyəvi işlərdə müraciət obyektinə çevrilir. Mə’sum İmamlar, xüsusən də, İmam Məhdi əleyhissəlamın özü bir çox rəvayətlərdə bu şəraiti müəyyənləşdirmiş və müsəlmanları böyük qeyb dövründə həmin şəraitə malik olan alimlərə müraciət edərək onlara tabe olmağı əmr etmişdir. İndi həmin rəvayətlərdən ikisini oxucuların nəzərinə çatdırırıq:
1) Ömər ibn Hənzələ deyir: “İmam Sadiq əleyhissəlamdan soruşdum ki, əgər iki nəfər şiənin borc, yaxud irs məsələsində mübahisələri olsa, bu məsələni aydınlaşdırmaq üçün dövlət qazısına müraciət edə bilərlərmi? İmam buyurdu: “Haqla batili ayırd etmək üçün onlara (dövlət qazılarına) müraciət edən şəxs həqiqətdə zalıma müraciət etmiş olur. Onun hökmü ilə əlinə gələn bütün şeylər hətta onun öz haqqı da olsa belə, haramdır. Çünki onu zalımın hökmü ilə ələ gətirmişdir. Halbuki, Allah-taala zalıma müraciət etməyi qadağan edərək buyurmuşdur: “Onlar zalım məhkəməsinə müraciət etmək istəyirlər. Halbuki, onlara zalıma müraciət etməmələri əmr olunmuşdur.”77 Soruşdum ki, bəs onda nə etsinlər? İmam buyurdu: “Fikir verməlidilər ki, bizim rəvayətlərimizi kim söyləmişsə, halal-haramımıza nəzər salıb hökmləri tanımışsa, onu hakim tə’yin etməlidirlər. Çünki mən onu sizin üçün hakim tə’yin etmişəm. Əgər o, bizim buyurduğumuza əsasən hökm versə, lakin kimsə onun hökmünü qəbul etməsə, Allahın hökmünü yüngül tutmuş və bizi inkar etmişdir. Bizi inkar edən isə Allahı inkar etmişdir. Bu isə eynilə Allaha şərik qoşmağa bənzər...”78
İmam Sadiq əleyhissəlamın bu əmri ümumi bir əmr olub bütün müctehidlik səlahiyytinə malik olan alimlərə şamil olur. Əgər İmam Sadiq (əleyhissəlam) kiçik bir məsələdə mübahisə yaranarkən onun həllində zalım hakimə müraciət etməyə razı deyilsə, şübhəsiz ki, müsəlmanların digər işlərinə də zalımların nəzarət etməsinə razı olmaz. Buna görə də, o Həzrət bu kimi işləri ədalətli şiə müctehidlərinin öhdəsinə buraxmışdır.
2) İshaq ibn Yə’qub deyir: “(İkinci nümayəndə) Məhəmməd ibn Osmandan məktubumu İmam Məhdi əleyhissəlama çatdırmasını istədim. Məktubda qarşılaşdığım çətin məsələləri yazmışdım. İmam məktuba öz xətti ilə cavab yazmışdı. Yazdığım məsələlərdən biri də bu idi ki, (böyük) qeyb dövründə mübahisəli məsələlərdə kimə müraciət edək? İmam sualımın cavabında belə yazmışdı: “Qarşılaşdığınız məsələlərdə bizim hədisləri söyləyənlərə müraciət edin. Onlar mənim sizə olan hüccətim, mən isə Allahın (sizə olan) hüccətiyəm.”79
Dostları ilə paylaş: |