Həzrət Məhdi (əleyhissəlam) ilə görüş
İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən geniş mə’lumat verdiyimiz kimi, zalım Abbasi hökuməti o Həzrətin (İmam Əskəri əleyhissəlamın) oğlunu ələ keçirib öldürmək məqsədilə İmam Əskəri əleyhissəlamın evini ciddi nəzarət altında saxladığından, İmam Məhdi əleyhissəlamın anadan olması İmam Həsən Əskəri əleyhissəlamın qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mö’təbər xəbəri o Həzrətin anadan olmasının yaxından şahidi olmuş İmam Həsən Əskəri əleyhissəlamın bibisi Həkimə xanım vermişdir. Qeyd etmək lazımdır ki, o Həzrətin gizli şəkildə anadan olması bu demək deyil ki, sonralar, yə’ni, İmam Həsən Əskəri əleyhissəlamın sağ olduğu müddətdə Həzrət Məhdi əleyhissəlamı beş-altı yaşına qədər heç kəs görməmişdir. Xeyr, şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə o Həzrəti görməyə nail olmuş, beləliklə də, onun anadan olmasına yəqinlik taparaq, lazım gəldikdə başqa şiələrə də bu haqda mə’lumat verirdilər. (Necə ki, bu görüşlərdən birini İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən qeyd etmişdik.) Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş,14 lakin bunların içərisində ən əsası çox güman ki, İmam Həsən Əskəri əleyhissəlamın qırx səhabəsinin o Həzrətlə görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.
Həsən ibn Əyyub ibn Nuh15 deyir: “İmam Həsən Əskəri əleyhissəlamdan sonrakı İmamın kim olacağı barədə soruşmaq üçün o Həzrətin yanına getdik. Biz qırx nəfər idik. (Sonradan İmam Məhdi əleyhissəlamın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: “Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm.” İmam Həsən Əskəri (əleyhissəlam) Osmana “Əyləşin” - deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: “Heç kim durub getməsin.” Buna görə də, kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra İmam Əskəri (əleyhissəlam) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: “İstəyirsiniz, bura nə üçün gəldiyinizi deyim?” Hamı “Buyurun!” -deyə cavab verdi. İmam buyurdu: “Bura məndən sonra kimin İmam olacağı barədə soruşmaq üçün gəlmisiniz.” Hamı “Bəli” dedi. Bu vaxt ay kimi işıqlı (nurani), İmam Həsən əleyhissəlama oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri (əleyhissəlam) ona işarə edərək buyurdu: “Bu, məndən sonra sizin İmamınız, mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər...”16
Dostları ilə paylaş: |