Allah-taala on ikinci İmamı qeybə çəkməklə onu ölümdən qurtarmışdır. Çünki əgər o Həzrət ömrünün ilk günlərindən camaatın arasında olsaydı, onu mütləq öldürəcəkdilər. (Bu barədə kifayət qədər söhbət etmişik). Deməli, o Həzrət münasib vaxtdan qabaq da zühur etsə, yenə həyatı təhlükədə olar, nəticədə öz İlahi vəzifələrini yerinə yetirməyə, cəmiyyəti islah etmək sahəsindəki ali məqsədlərini icra etməyə nail olmaz. İmam Sadiq əleyhissəlamın səhabələrindən olmuş Zürarə deyir: İmam Sadiq (əleyhissəlam) buyurdu: “Gözlənilən İmam qiyam etməzdən qabaq bir müddət gözlərdən itəcək.” Soruşdum ki, nəyə görə? Buyurdu: “Çünki canı təhlükədə olacaq.21 ”