3. Zəmanə zalımları ilə bey’ət etmək zülmündən qurtarmaq
On ikinci İmam heç bir rejimi, hətta təqiyyə22 üzündən də olsa belə, rəsmi tanımamış və tanımır. O, heç bir hakimin hökumətini qəbul etmək məcburiyyətində olmayıb və olmayacaq. O, öz vəzifəsinə uyğun olaraq rəftar edir, Allahın dinini mükəmməl şəkildə, çəkinmədən və heç bir bəhanəni qəbul etmədən icra edir. Belə olduqda isə kiminləsə bey’ət etməyə lüzum qalmır. Həsən ibn Fəzzal deyir: “İmam Riza (əleyhissəlam) buyurdu: “Sanki üçüncü oğlumun (İmam Həsən Əskəri əleyhissəlamın) ölümündən sonra öz İmamını axtaran, lakin onu tapa bilməyən şiələrimi görürəm.” Mən dedim: “Nə üçün o, gözlərdən itəcək?” İmam cavab verdi: “Ona görə ki, əlində qılınc qiyam edəcəyi zaman heç kəsə tabe olmasın.”23