İmam Riza əleyhissəlamın həyatından bəhs edərkən qeyd etdik ki, Məmun bir sıra siyasi çətinliklərlə üzləşdiyindən Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi ilə aranı düzəltmək qərarına gəlir. Elə buna görə də, İmam Riza əleyhissəlama güclə vəliəhdliyi qəbul etdirməklə öz çoxcəhətli siyasətini həyata keçirmək istəyirdi. Digər tərəfdən isə Abbasilər Məmunun bu hərəkətindən hakimiyyəti Abbasilərdən alıb Ələvilərə verəcəyi ehtimalından çox narahat olduqlarından, ona qarşı çıxmağa başlayırlar. Ancaq İmam Riza (əleyhissəlam) Məmun tərəfindən zəhərlənərək şəhid olduqdan sonra onlar sakitləşib razı olaraq Məmuna üz tuturlar. Məmun İmam Riza əleyhissəlama zəhəri çox gizli şəkildə vermiş və çalışırdı ki camaat onun bu cinayətindən xəbər tutmasın. O, öz cinayətinin üstünü örtmək məqsədilə əzadarlıq edib özünü narahat qələmə verirdi. Ancaq bu qədər səylərə baxmayaraq, nəhayət bütün Ələvilərə məlum olur ki İmam əleyhissəlamın qatili məhz Məmunun özüdür. Onlar bu hadisədən çox narahat olaraq qəzəblənirlər. Hakimiyyətini bir daha təhlükə qarşısında görən Məmun bu dəfə yeni bir hiyləyə əl atır. İmam Cavad əleyhissəlamla dostluq əlaqəsi bərpa etmiş Məmun qərara gəlir ki öz qızını o Həzrətə ərə verməklə İmam Riza əleyhissəlama zorla qəbul edilmiş vəliəhdlikdən istifadə etdiyi kimi İmam Cavad əleyhissəlamla olan bu qohumluqdan da istifadə etsin. Bu məqsədlə o hicrətin iki yüz dördüncü ili yəni İmam Riza əleyhissəlamın şəhadətindən düz bir il sonra İmam Cavad əleyhissəlamı Mədinədən Bağdada gətizdirir. İmam Cavadla Yəhya ibn Əksəm arasındakı elmi mübahisə məclisində (əlbəttə bu məclis o Həzrətin Bağdada gəlməsindən bir neçə il sonra olmuşdur) öz qızı Ümmul-Fəzli o Həzrətə nişanlayır. Qeyd edirlər ki, bu hadisə İraqın Təkrit şəhərində 215-ci hicri ilində baş vermişdir.46