SƏDƏQƏ VƏ RUZİNİN ÇOXALMASI
Sədəqə ruzinin çoxalmasına səbəb olur. Aşağıdakı üç hədisdə bu tə`sirə işarə olunur.
Səkuni, İmam Sadiq (əleyhissalam)-dan nəql edir ki, buyurur:
“İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Sədəqə verin! Həqiqətən, sədəqə mallarınızda bərəkətin çoxalmasına səbəb olur. Beləliklə, sədəqə verin ki, Allah-taala sizi Öz rəhmətində saxlasın!”1
İmam Kazim (əleyhissalam) buyurur:
“Sədəqə vasitəsi ilə ruzinizin verilməsini istəyin!”2
İmam Rza (əleyhissalam) atasından, o da İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir, buyurur:
“İnsanın ən yaxşı malı və zəxirəsi sədəqədir!”3
SƏDƏQƏ VƏ XƏSTƏLİKLƏRİN ŞƏFASI
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Xəstələrinizi sədəqə verməklə sağaldın!”1
Beləliklə, xəstələrin sağalması həm dərman və həm də sədəqə verməklə ola bilər. İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, buyurur:
“Xəstələrinizi sədəqə verməklə sağaldın! Bəlaları dua etməklə özünüzdən uzaqlaşdırın! Ruzi və ne`məti sədəqə verməklə özünüzə alın! Çünki, sədəqə insanı Şeytanın yeddi yüz məzəmmətindən saxlayır.”2
Yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
“Müstəhəbbdir ki, xəstə öz əli ilə dilənçiyə sədəqə versin və ondan, ona dua etməsini istəsin.”3
SƏDƏQƏ VƏ BƏLANIN QARŞISININ ALINMASI
İmam Rza (əleyhissalam)-dan nəql olunur, buyurur:
“İsrail övladları arasında uzun illər qıtlıq vücuda gəlmişdi. Belə ki, bir nəfər qadının bir tikə yeməyi vardı. Ağzına qoymaq istədikdə sail çağırır: “Ey qadın! Aclıq məni əldən salıb." Qadın öz-özünə deyir: “Sədəqə vermək vaxtıdır." Loğmanı ağzından çıxarıb dilənçiyə verir.
Bu qadının kiçik bir oğlu var idi. Odun yığmaqdan ötrü səhraya getmişdi. Birdən canavarın hücumuna mə`ruz qalır. Fəryad səsi ucalır. Anası səsi eşitcək, səhraya tamaşa edib canavara baxırdı. Allah-taala, Cəbraili yollayır ki, uşaqı canavarın ağzından alıb anasına qaytarsın. Sonra Cəbrail o qadına buyurur: “Razı oldunmu? Tikə, başqa tikənin müqabilində!”
Bəli! Əgər İmam Səccad (əleyhissalam) sədəqənin haqqı barəsində buyurursa: “Allah onu saxlayıb özünə qaytaracaq”, - tə`siri belə zahir olar. Bu əhvalat, sədəqənin bəlaların və gözlənilməz hadisələrin qarşısını necə almasını gözəl bəyan edir.
Bu əhvalat kimi başqa bir rəvayət də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bir nəfər yəhudi barəsində buyurur: Bu kişini qara bir ilan izləyəcək və onu öldürəcək. Çox çəkmir yəhudi getdiyi yerdən odunla qayıdır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: O odun dəstəsini yerə qoy! Yəhudi yükünü yerə qoyur. Odunun içindən qara bir ilan çıxır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Ey yəhudi! Bu gün nə iş görmüsən? Cavab verir: Bu odunu yığmışam və iki ədəd çörəyim vardı, birini özüm yedim, başqasını isə fəqirlərdən birinə sədəqə verdim. Həzrət buyurdu: Allah-taala həmin sədəqəyə xatir bəlanı səndən dəf edib.
Yenə buyurur: “Sədəqə, insanı ölümə giriftar olmaqdan saxlayır.”1
İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur: “Sədəqə, dünyanın yetmiş bəlasını insandan uzaqlaşdırır və pis vəziyyətdə ölümdən ona verənə nicat verir. Bundan əlavə, axirətinə çoxlu savab yığır.”2
Qur`an ayələrində oxuduğumuz kimi sədəqənin istər aşkar, istərsə də gizlində verilməsinin savabı vardır. Rəvayətlərdə də bu mətləbə işarə olunur. İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir: “Gizlində sədəqə vermək, Allahın qəzəbini yatırır.”3
Yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: “Aşkarda sədəqə vermək yetmiş növ bəlanı dəf edir və gizlində sədəqə vermək Allahın qəzəbini yatırır.”4
Məşhur alim Təbərsi, "Məcməul-bəyan" təfsirində İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:
“Gizlin sədəqə, Pərvərdigarın qəzəbini yatırır. Xətanı aradan aparır. Su atəşi söndürdüyü kimi qəzəbi yatırır və bəlaların yetmiş qapısını bağlayır.”5
İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir, buyurur:
“Qiyamətin səhnəsi, atəş və oddur. Yalnız, sədəqə verən mö`minlərin yerləri var ki, onlara kölgə salınıb.”1
Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur:
“Gizlində verilən sədəqə, xəta və günahları bağışladır. Aşkar sədəqə mal-dövləti artırır.”2
Yenə İmam Əli (əleyhissalam)-dan nəql olunur, buyurur:
“Yeddi tayfa var ki, Qiyamətdə Allahın kölgəsindədirlər. Onlardan biri o tayfadır ki, sədəqəni elə gizlində versin ki, sol əlin sağ əldən xəbəri olmasın.”
Sədəqənin rəvayətlərdə tə`sirləri bunlardan ibarət idi.
Dostları ilə paylaş: |