22. Kataloqlar
Disklərdə fayllar kataloqlarda və ya direktoriyalarda birləşirlər. Kataloqlar faylların ad verilmiş qrupudur və faylların tipi, ölçüsü, yaranma vaxtı haqda məlumatları özündə birləşdirir. Kataloqlar – faylların və digər kataloqların adlarını özlərində birləşdirən disklər üzərindəki yazılardır. Beləliklə, kataloq sanki içərisində sizin kitablar – fayllar yerləşmiş,adı olan qutudur. Qutuda eyni zamanda kitablardan başqa,içərisində ixtiyari digər kitablar olan başqa qutular da ola bilər.
Bütün digər kataloqların yerləşdiyi ən baş kataloq ixtiyari diskdə çəp xətlə “ \” işarə edilir və əsas kataloq adlandırılır, ona görə ki., bura daxil olan digər kataloqlar aşağıya tərəf inkişaf etmiş ağaca bənzəyən struktur əmələ gətirir.
Kataloqlar diskdə səliqə-sahman yaratmaq üçün bir vasitədir. Bütün faylları birlikdə bir diskdə yerləşdirmək əvəzinə, daha yaxşı və əlverişli axtarış aparmaq üçün onları kataloqlara görə, yəni oyunları bir kataloqda, mühasibatlığı digərində, sənədləri üçüncüdə və s. yerləşdirmək lazımdır. Kataloqların adları, eynilə faylların adlarında olduğu kimi yaradılır və adətən kataloqların adlarında genişlənmə olmur.
Fayllara müraciəti asanlaşdırmaq üçün fayla yol və faylın tam adı anlayışları mühüm rol oynayır. Bu anlayışları aşağıda təqdim olunan nümunə ilə izah edək:
Tutaq ki, C: diskində LEVELS altkataloqunda OYUN.EXE adlı faylda bizim sevimli oyun yerləşir. LEVELS altkataloqu, GAMES kataloqunda yerləşən PRİNCE altkataloqunda yerləşir. Bu halda hesab edilir ki, OYUN.EXE faylının tam yolu C:\GAMES\PRİNCE\LEVELS, bizim sevimli oyunumuzun yerləşdiyi faylın tam adı isə C:\GAMES\PRİNCE\LEVELS\OYUN.EXE kimi daxil edilməlidir. C:\ işarələnməsi əsas kataloqun C: diskində işarəsi hesab edilir.
Dostları ilə paylaş: |