Maddə 6. İnformasiya əldə olunmasının əsas prinsipləri
6.1. İnformasiya əldə olunmasının əsas prinsipləri aşağıdakılardır:
6.1.1. informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi;
6.1.2. informasiyanın əldə olunmasının qanuniliyi;
6.1.3. dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi;
6.1.4. informasiyanın maksimum açıqlığı;
6.1.5. informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;
6.1.6. informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması;
6.1.7. informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;
6.1.8. bu Qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla, informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi;
6.1.9. informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması;
6.1.10. informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi;
6.1.11. ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması.
6.2. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.