“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanunun 15.5-ci maddəsində nəzərdə tutulmuş insan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş insan alveri qurbanlarına kömək fondunun fəaliyyətinin hüquqi əsaslarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.8. öz səlahiyyətləri daxilində “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində və 7.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin qanunun 9.5-ci maddəsində ikinci halda, 10.3-cü maddəsində, 12.3-cü maddəsində, 15.5-ci maddəsində, 17.2-ci maddəsində və 22.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin qanunun 7.1-ci maddəsində, 9.1-ci maddəsində və 19.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
2.4. həmin qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
2.5. həmin qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir;
2.6. həmin qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi həyata keçirirlər;
2.7. həmin qanunun 9.5-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
2.8. həmin qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
2.9. həmin qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 avqust 2005-ci il
Dostları ilə paylaş: |