İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi Qaydasının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 12 avqust 2002-ci il
№ 130
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 12 avqust tarixli, 130 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi
QAYDASI
İnsan həyatı üçün təhlükə yaradan üsullarla (kodlaşdırma və s.) narkoloji xəstələrin müalicəsi hüquqi əhəmiyyətlə bərabər sırf psixoterapevtik əhəmiyyət də kəsb edir və aşağıdakı qaydalara riayət edilməklə həyata keçirilir:
1. insan həyatı üçün tәhlükә yaradan üsulların tətbiq edilməsinə yalnız narkoloji xəstə tərəfindən könüllü olaraq yazılı şəkildə verilmiş ərizə əsasında yol verilir;
2. əgər bu üsullarla müalicə üçün müraciət edən narkoloji xəstə yetkinlik yaşına çatmayıbsa və yaxud məhkəmənin qərarı ilə mәhdud fəaliyyət qabiliyyətli hesab edilərsə, bu halda onun yaxın qohumlarının bu üsulların tətbiqinə etiraz etmədikləri həmin ərizədə qeyd olunmalıdır;
3. bu üsullarla narkoloji xəstələrin müalicəsi dövlət narkoloji ambulator və ya stasionar müəssisələrində həkim komissiyasının qərarı əsasında aparılır:
4. bu üsulların tətbiqindən əvvəl xəstənin vəziyyəti qiymətləndirilməli və lazım gəldikdə müvafiq müalicə tədbirləri həyata keçirilməlidir;
5. həkim-narkoloq tərəfindən psixoloqla birlikdə hər bir narkoloji xəstə üçün fərdi müalicə, sosial-psixoloji reabilitasiya və sonrakı müşahidə proqramı tərtib edilir;
6. bu üsullarla müalicə üçün xəstə könüllü müraciət etdikdə, onun öz hərəkətlərini, davranışını qiymətləndirə bilmək bacarığı həkim tərəfindən müəyyən edilir;
7. bu üsulları tətbiq edən həkim xəstəni əvvəlcədən bütün baş verə biləcək nəticələr barədə yazılı surətdə xəbərdar edir və sənəd həmişə xəstənin üzərində saxlanılır;
8. bu üsulların tətbiqi digər müalicə tədbirlərinin həyata keçirilməməsinə səbəb ola bilməz;
9. digər müalicə üsullarının tətbiqi zamanı xəstəyə həyatı üçün təhlükə yaradan müalicə üsullarının tətbiq edilməsi nəzərə alınır.
Dostları ilə paylaş: |