ƏQLPƏRƏSTLƏRİN NƏZƏRLƏRİNİN XÜLASƏSİ
Əvvəldə qeyd etdiyimiz kimi, qədim filosofların fikrincə insanın cövhəri və həqiqi «mən»i onun əqlidir. İnsanın bədəni onun şəxsiyyətinin bir hissəsi olmadığı kimi, onun müxtəlif ruhi istedad və qüvvələri də onun həqiqi şəxsiyyətini təşkil etmir. İnsanın həqiqi şəxsiyyəti onun düşünən qüvvəsidir. İnsan görən, təsəvvür edən, sevən, şəhvəti olan və qəzəblənən deyil, fikirləşən varlıqdır. Bütün bunlar, fikirləşən varlığın əlində olan bir alət və vasitələrdir. İnsanın cövhəri təfəkkürdür və kamil insan fikirləşməkdə kamil həddə çatmış insandır. Fikirləşmək və təfəkkürdə kamil həddə çatmağın mənası isə budur ki, o, dünya və varlığı olduğu kimi dərk və kəşf etmiş olsun.
Bu məktəbdə insan cövhərinin və həqiqi «mən»in ağıl olmasından əlavə, başqa bir şey də diqqət mərkəzindədir və o da budur ki, ağıl dünyanı olduğu kimi kəşf edə bilən, dünya gerçəkliklərini olduğu kimi əks etdirən və dünyanı düzgün şəkildə özündə göstərmək bacarığına malik olan bir qüvvədir.
Bu nəzəriyyəni qəbul etmiş islam filosoflarının fikrincə, Quranda deyilmiş islami iman dünyanı ümumi şəkildə, olduğu kimi tanımaq, dünyanın başlanğıcı, hərəkət, quruluş və hansı nöqtəyə qayıtmasını dərk etməkdən ibarətdir. Onlar deyirlər ki, Quranda Allaha, varlığın vasitələri olan mələklərə, dünyanın məxluq olmasına, Allahın dünyanı boş buraxmaması və hidayət etməsi, habelə bəşəriyyəti peyğəmbərlər vasitəsilə istiqamətləndirməsi və hər şeyin Allahdan gəlməsi, Ona qayıdacağı və Məad adlandırılan əslə iman bəsləməkdən məqsəd, dünyanın tanınmasıdır və bundan başqa bir məqsəd yoxdur. Bu filosoflar, həmişə öz təfsirlərində imanı fəlsəfi agahlıq və tanışlıq kimi izah edirlər. Onlar deyirlər ki, iman mərifət və tanışlıqdır. Amma cüzi mərifət olan elmi tanışlıq deyil, fəlsəfi və filosofların düşüncə və tanışlığıdır. Fəlsəfi və ümumi mərifət dünyanın başlanğıc və sonunu, varlıqların dərəcələri və dünyanın ümumi hərəkət və cərəyanlarını kəşf edib bilmək mənasındadır.
Dostları ilə paylaş: |