1. QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
«Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə [düşmənə qarşı] vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də [kafirlərə] boyun əymişlər. Allah səbr edənləri sevər!»
(Ali-İmran-146).
Kamil, nümunəvi, ideal, üstün və ali insan barəsində nəzəriyyə vermiş məktəblərdən digər birisi də «qüdrət» məktəbidir. Bu məktəbdə kamil insan, qüdrətli və güclü insana deyilir. Başqa sözlə desək, onlar qüdrət və bacarığa «kamillik», zəiflik və bacarıqsızlığa isə naqislik kimi baxırlar. Bu məktəbin nəzəriyyələrinə əsasən, insan güclü olduğu qədər kamil, zəifliyi qədər isə naqisdir və ümumiyyətlə haqq və ədalət heç bir həqiqətə malik deyil və onların güc və qüdrətdən başqa mənaları yoxdur.
Biz, adətən iki qüvvə qarşı-qarşıya dayananda onların hansının qalib gələcəyini nəzərə almadan birinin haqlı və ədalətli, digərinin isə nahaq, zalım və batil olmasını fikirləşirik. Bu cür qarşılaşmalarda haqqın batilə və ya batilin haqqa qalib gəlməsi mümkündürmü? Yəni ola bilərmi ki, batil haqqa qalib gəlib onu məğlub etsin, həmçinin haqq batilə qalib gəlsin. Əlbəttə, Quranın məntiqi baxımından son qələbə həmişə haqqa məxsusdur və batilin qələbəsi müvəqqəti və ötəridir. Bu, Quran baxımından çox diqqətəlayiq bir məsələdir. Amma bununla belə, bu ilahi kitaba əsasən həmişə qarşı-qarşıya dayanmış iki qüvvədən qalib gələni haqq, məğlub olanı isə nahaq və batil deyildir. Qürdət məktəbi tərəfdarları isə deyirlər ki, tərəf müqabilini məğlub edən qüvvə haqdır, qüdrətli və güclü tərəfin gördüyü iş, güclü və bacarıqlı olduğu üçün ədalət hesab olunmalıdır.
Dostları ilə paylaş: |