İNSANIN ÖZ ŞƏXSİYYƏTİNİ FORMALAŞDIRMASINDAKI ROLU
Məxluqat iki qismə bölünür: canlı və cansız. Sansız varlıqlar özlərinin formalaşmasında heç bir rol oynamır. Su, od, daş və torpaq cansız varlıqlardır, öz təkamül və təşəkkül tapmalarında heç bir rol oynamırlar. Bu proseslər sırf xarici amillərin təsiri nəticəsində baş verir. Bəzən də bu amillərin təsiri nəticəsində bir növ kamal əldə edirlər. Bu cür varlıqlarda özünədiqqət və ya özünü necə formalaşdırma kimi şeylərin heç biri müşahidə olunmur.
Amma bitki, heyvan və insan kimi canlı varlıqlarda özlərini təhlükələrdən qorumaq, başqa maddələri özlərinə cəzb etmək, eləcə də törəmə və çoxalma işlərində bir sıra çalışqanlıqlar müşahidə olunur. Bitkilərin vücudunda gələcəkdə necə formalaşması üçün rol oynayan bir sıra təbii qüvvələr mövcuddur. Bu təbii qüvvələrdən bəzisi hava və ya torpaqdan müxtəlif maddələri özünə cəzb edir, bəzisi cəzb olunmuş bu maddələri bitkinin inkişafına yönəldir, bəziləri də bitkinin törəmə və artmasına imkan yaradır.
Heyvanlarda saydığımız bu təbii qüvvələrdən əlavə, bir sıra qərizə ilə olan görmə, eşitmə, hiss etmə və dadmaq kimi qüvvələr də mövcuddur.
Heyvan bu qüvvələr sayəsində bir tərəfdən özünü müxtəlif təhlükələrdən qoruyur, digər tərəfdən də fərdi inkişaf və həyatını davam etdirir.
İnsanlarda bitki və heyvanlarda olan qüvvələrin olmasından əlavə, bir sıra başqa qüvvə və meyllər də mövcuddur. İnsan bütün bunlardan əlavə, ağıl və iradə kimi qüvvələrə də malikdir. Bu iki möcüzəvi qüdrətə malik olan qüvvə insanlarda öz gələcək həyatını istədiyi kimi qurmaq və formalaşdırmaq imkanı yaradır.
Dediklərimizdən belə nəticə çıxır ki:
1. Bəzi mövcudlar gələcək həyatının necə formalaşmasında heç bir rol oynamır (qeyri-üzvi maddələr).
2. Bəzi məxluqların bu prosesdə öz rolu vardır, amma agah və azad şəkildə deyil, təbii və daxili qüvvələrin belə xəlq olmasına görə (nəbatat).
3. Bəzi varlıqlar bu prosesdə daha çox rol ifa edirlər. Onlar öz işlərindən agah olurlar, amma icrasında isə tam azad deyillər. Belə ki, agah olaraq özlərini müdafiə edir və həyat uğrunda mübarizə aparırlar (heyvanlar).
4.İnsan isə öz həyatını qurmaqda daha geniş, daha fəal rol oynayır. O, ifa etdiyi bu rolda həm agah və həm də azaddır, gələcəyi nəzərə alaraq, ağıl və iradəsi ilə gördüyü işdən, eləcə də özündən və ətraf mühitdən xəbərdardır və öz gələcəyini istədiyi kimi seçə bilir (insanlar).
Heyvan və bitki kimi bəzi canlılar da müxtəlif üsullarla müəyyən dərəcədə tərbiyə olunub formalaşa bilirlər, amma bu proses onların öz əli ilə deyil, insanlar vasitəsi ilə həyata keçir. Həm də onlarda baş verən bu dəyişikliklər insanla müqayisədə çox az olur. İnsan özünü formalaşdırmaqda tam azad, çatması mümkün olan kamalı isə sonsuzdur. Çünki, insan vücudunun həqiqəti bütün varlıqlarla fərqli olaraq, yaradılışdan sonra necə olmaq mərhələsinə qədəm qoyur. İnsan yaradıldığı kimi deyil, özü istədiyi kimi olur. O, öz iradəsi ilə necə olacağını təyin edir. Başqa sözlə desək, hər bir varlıq mahiyyətcə necədirsə, real olaraq keyfiyyətcə də o cür olacaqdır. İnsan isə belə deyil. O, potensial istedad və qabiliyyətlərlə birgə yaradılmışdır; hansısa bir mane və çətinlik yaranmazsa, potensial qüvvələr baş qaldırıb insanlığa yetişəcəkdir. Onda olan bu qüvvələr insan fitrəti adlanır.
İnsan bitgi və heyvanlardan fərqli olaraq, şəxs və şəxsiyyətdən təşkil olunmuşdur. O, bir şəxs kimi bədənə lazım olan bütün cihazlarla təchiz olunduğu halda dünyaya gəlir və bu baxımdan heç də heyvanlarla fərqlənmir. Amma ruhi baxımdan, yəni yaradılışdan sonra öz şəxsiyyətinin qurulması baxımından potensial bir varlıqdır. İnsani dəyərlər onun vücudunda qeyri-fəal şəkildə yerləşdirilmiş və inkişaf etməyə tam hazırdır. İnsan ruh və mənəvi baxımdan cism mərhələsindən bir addım arxadadır. Belə ki, cismə aid olan bütün cihazlar, yaradıcı amillər vasitəsi ilə ananın bətnində vücuda gəldikdən sonra ruh və mənəviyyatla bağlı olan şəxsiyyət inkişaf etdirilməli, bünövrəsi qoyulmalıdır. Başqa sözlə desək, insan xasiyyət və müxtəlif xislətlər baxımından potensial qüvvəyə malik olan bir varlıqdır, yəni dünyaya gəldikdə heç bir xasiyyətə malik olmur. Amma heyvanlar bundan fərqli olaraq, hər biri öz-özlüyündə bir sıra xislət və xasiyyətlərlə doğulurlar. İnsan dünyaya gəldikdə xasiyyət və xislətlərə malik olmadığından və digər tərəfdən də müxtəlif xasiyyətləri qəbul etmə qüvvəsinə malik olduğundan, fitri xüsusiyyətlərdən başqa ikinci dərəcəli xüsusiyyətləri qazanmağa başlayır. Hər bir varlıq, hətta heyvanlar (cism deyil, istedadları baxımından) xilqətinin əvvəlindən necə yaradılıblarsa, eləcə də qalırlar. Amma insan istədiyi kimi ola bilər. Elə buna görə bütün heyvan növləri, cism quruluşu baxımından bir-birlərinə oxşar olduqları kimi, ruhi xislətlər baxımından da bir-birlərinə oxşardırlar. Bütün bitgilər bir cür xasiyyətə malikdirlər, eləcə də it, qarışqa və s. Bunlar arasında fərq olsa da, çox azdır. Amma insana gəldikdə, onların əxlaqi xüsusiyyətlərində olduqca çox fərqli olan ayrı-ayrı xislətlərlə rastlaşırıq. Buna görə də insanı öz şəxsiyyətini istədiyi kimi qura bilən yeganə varlıq hesab edirlər.
Deməli, insandan başqa hər bir varlığın özü və onun mahiyyəti arasında fərq olduğunu təsəvvür etmək qeyri-mümkündür. Məsələn, daş və daşın mahiyyəti arasında olan fərq... İnsan özü və mahiyyəti (insan və insaniyyəti) baxımından fərqli olması ilə bütün varlıqlardan seçilir. Belə bir sual meydana çıxa bilər ki, bir şeyin özü və mahiyyəti arasında necə fərq ola bilər? Şübhəsiz, vücud üçün onun mahiyyəti lazımlı bir şeydir. Əgər vücud potensial surətdə mövcud olsa, onun mahiyyəti də potensial şəkildə mövcud olacaqdır.
Eqzistansialistlər vücudun əsil olmamasını iddia edərək deyirlər ki, insan mahiyyətsiz bir varlıqdır və hər hansı bir yolu seçməklə özünə mahiyyət bəxş edir. Bu onların fəlsəfəsini mənalandıran əsaslardan biri sayılır.
İslam filosofları, xüsusilə Molla Sədra həmin mətləbə əsaslanaraq deyir: «İnsan növ deyil, növlərdir; hər fərd və şəxs ola bilər; bir gün bir növdə, o bir gün isə tam ayrı bir növdə olması mümkündür.»
Dostları ilə paylaş: |