«Sur çalınacağı gün (qəbrlərinizdən çıxıb) dəstə-dəstə məhşərə gələcəksiniz».
İnsanlar qiyamətdə müxtəlif dəstələr şəklində məşhur olacaqlar və din başçılarımız (imamlar və peyğəmbər) dəfələrlə demişlər ki, onlardan yalnız bir dəstəsi insan simasında olacaq, qalanları isə müxtəlif heyvanlar şəklində gətiriləcəklər.
Məsələn, bir dəstə qarışqa, bir dəstə əqrəb, bir dəstə ilan, o biri dəstə isə şir-pələng simasında zahir olacaqlar.
Axı nə üçün belə olmalıdır? Ona görə ki, onlar dünyada əqrəb xüsusiyyətlərini kəsb etmiş və onu-bunu çalmaqdan başqa bir iş görməmişlər. Hələ üstəlik bu qeyri-insani rəftarlarından ləzzət də almışlar. Bəli, bu cür insanlar qiyamətdə öz həqiqi xüsusiyyətləri ilə məşhur olunacaqlar.
Qurani-kərimin «Tövbə» surəsinin 35-ci ayəsində buyurulur:
«O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): «Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın (əzabını, acısını) dadın!»-deyiləcəkdir».
Əgər hansısa bir şəxs pulpərəstdirsə, qiyamətdə həmin qızıl-gümüş əridilmiş qızmar şəkildə onu yandıracaqdır, çünki maddəyə ibadət edən bir şəxs məsx olunub anormal şəklə çevrilmiş bir insandır.
(Yəhşərun-nasi əla niyatihim).
İnsanlar qiyamətdə öz məqsəd, istək və niyyətləri əsasında tanınacaqlar. Siz bu dünyada kimsiz və necə olmaq istəyirsiniz? Sizin istəkləriniz insaniyyətə layiq bir istəkdir, yoxsa yırtıcı heyvanların istəkləri ilə oxşardır?
İstəkləriniz nədirsə, o cür də tanınacaqsınız. Elə buna görə də Allahdan başqa, bütün şeylərə ibadət etməyin qarşısı alınır, çünki insan nəyə pərəstiş etsə, o cür də olacaqdır.
Əgər bir şəxs, hansısa bir heyvanın xüsusiyyətlərini əldə etmiş olsa, ruhi və mənəvi baxımdan həmin heyvana çevrilmiş olur. Burada belə bir sual yaranır: Nə üçün bəzi şəxslərin heyvandan da aşağı səviyyədə olduğu qeyd edilir?
Məsələn, bəzi şəxslər hansısa bir heyvan xüsusiyyətlərini əldə edib və artıq özündən başqa heç kəs haqqında düşünmür. Bu cür insanlar heyvanla bir səviyyədə olmaqla bərabər, əxlaqi rəftar normalarına da əməl etmirlər. Amma bir şeyi qeyd etmək lazımdır ki, onların rəftarı əxlaq normaları ilə də zidd deyildir. Bəzən həyati bir məsələdə psixoloji xəstəliklərə düçar olmuş və öz fitri istedadlarını heyvani fikirləri ilə idarə edən insanlarla da qarşılaşırıq. Heyvanların qidalanması insanlarda olduğu kimi, təbii bir haldır. Amma bəzən, hərislik xəstəliyinə tutulmuş insanlarla da qarşılaşırıq. Artıq bu təkcə öz həyatı uğrunda deyil, çoxlu mal-dövlət toplamaq uğrunda göstərilən səylərdən biridir. Bu hərislik xəstəliyidir.
Bəzi insanlar ehsan və yaxşılığın vacib və zəruri olmasını dərk etdiyi halda, paxıllıq üzündən bu işi görmürlər. Bu özü bir növ psixoloji xəstəlikdir. Peyğəmbərin (s) təbirincə desək, onlar «şuhhun mutaun» adlı xəstəliyə düçar olublar. Yəni onlar elə bir psixoloji vəziyyətə düçar olublar ki, fikir, ağıl və iradələri öz əllərində deyildir. Daha aydın desək, pul toplamaq xəstəliyi onların bu cür xeyirxah işlər görməsinin qarşısını alır. Əgər o, ağıl və məntiqlə fikirləşsə, başa düşər ki, belə anlarda xərcləmək və ehsan etmək lazımdır. Amma nə etmək olar, paxıllıq xəstəliyi onu bu yaxşı əməllərdən çəkindirir və sanki ağlını əlindən alır. Artıq bu cür rəftar əxlaq normalarının ziddinədir. Hərislik insan və heyvanların təbii rəftarlarından aşağıda olan bir psixoloji xəstəlikdir. Belə insanlar öz şəxsiyyətlərini itirməkdən əlavə, heyvandan da aşağı səviyyəyə enmiş olurlar. Çünki onlar mal, pul və digər şeylərə pərəstiş edirlər. Əxlaq alimləri insanların bu cür psixoloji xəstəliklərə tutulmaması üçün onlara Allahdan qeyri heç bir şeyə pərəstiş etməmələrini tövsiyə etmişlər.
Dostları ilə paylaş: |