Səni tanıyanlar canı neynir,
Oğul, uşaq, ailə, malı neynir.
İki dünyanı versən divanə olar,
Sənə divanə olan, iki dünyanı neynir.
Deməli, arifin hədəfi haqqa yetişməkdir. Amma bu o demək deyildir ki, Allah-taala insana qovuşmalı, onunla tərkibə girərək qaynayıb-qarışmalıdır. Çünki Allahın məxluqatla birləşməsi qeyri-mümkün olan bir şeydir. Ümumiyyətlə ariflər Allahı vahid bilib, Ona şərik qoşmurlar.
Əgər qovuşmaq bir növ Onda həll olmaq və Onunla tərkib yaratmaq kimi götürülsə əlbəttə, Allaha şərik qoşmaq olar və əgər «ittihad» deyilsə, yenə də burada ikilik mənası başa düşülər, çünki ittihad bir neçə şeyin bir-biri ilə birləşərək vəhdət yaratması deməkdir. Ariflər deyirlər ki, biz əslində məxluqatı onun təcəllisi sanır və Allahın insanda təcəlli tapması da, heç də iki şeyin birləşməsi kimi qəbul edilmir.
Buna görə də, Ona qovuşmağın mənası Onda fani olmaq deməkdir və fanilik də həqiqət olduğu kimi, dərk etmək məqamına çatmaq və özünü dərk etməzdən qabaq Onu dərk etmək deməkdir. Yəni hər şeydən əvvəl Onu görə və dərk edə.
«Marəəytu şəyən illa və rəəytullahə qəbləhu və bədəhu və məəhu».
Ariflərin nəzərində bu mərhələdən sonra insan üçün mənlik və başqa şeylər heç bir məna daşımır. Fanilik bax bu deməkdir. Demək, ariflərin sözlərinin məğzi həqiqətin yalnız bir şey olması, ondan başqa məxluqatın isə ikinci bir şey deyil, Onun adları, sifətləri və təcəllisi sayılması deməkdir.
Haqqa qovuşmaq, yəni insan elə bir məqama yetişməlidir ki, hər şeydə Onu dərk etsin və hər yerdə Onu görsün.
«Və huvə məəkum əynəma kuntum».
Hər bir şeyi görəndə və hətta görməzdən də əvvəl Onu görmək;. Hər şeyin hətta özünün həyat və varlığını Onda müşahidə etmək.
Artıq belə bir məqamda heç bir «mən» qalmır, hər şey məhv olub aradan gedir və qeyd olunan fəna və fanilik başlanır.
Ariflərin dili ilə desək, artıq o, «yədullahul-basitə» olur. «Seyrun iləllah», «sulukun iləllah» da məhz budur.
Dostları ilə paylaş: |