İMANIN TƏRİFİ
İnsanların mənəvi və yüksək inamları, onların bu aləmdə olan bəzi həqiqətlərə qarşı iman və etiqadından doğan bir şeydir. İnsanın iman gətirdiyi bu inanclar həm fərdin və həm də təbiətin fövqündə dayanan həqiqətlərdir. Bu cür iman və etiqadlar öz növbəsində, Allahın peyğəmbərlər vasitəsilə insanlara təqdim etdiyi dünyagörüşündən doğan məsələlərdir. Buna görə də, insanın yüksək mənəvi inamı özü üçün fikri və etiqadi bünövrə qurduqdan sonra «iman» adını kəsb edir.1
Hikmət alimləri islamda olan imanın dərrakə və düşüncə ilə bağlı olduğunu söyləyirdilər, amma iman haqqında olan bu izahlara diqqət yetirdikdə, onları islami əsaslarla heç cür tətbiq etmək olmur. Çünki islamda olan iman dərrakə və düşüncədən daha geniş bir həqiqətdir. Məsələn, sosioloq cəmiyyəti, zooloq heyvanları, psixoloq isə insan psixloligiyasını araşdırır və öyrənir. Bunları tanıyıb bilmək, onların həqiqətlərini dərk etmək deməkdir.
Görəsən Quranda buyurulan iman da belədir, yoxsa yox? Əlbəttə yox! Çünki, Allah və peyğəmbərə olan iman təkcə onları dərk etməkdən ibarət deyildir və burada əlavə olaraq inam və təslim olmaq da tələb olunur. İman adlı bir məfhuma inam, təslim və məhəbbət ünsürləri də daxildir. İnsan həmişə dərk etdiyi şeylərə meyl və rəğbət göstərmir. Astronom ulduzlara meyl və rəğbət bəsləmir, sadəcə olaraq onları öyrənir və dərk edir. Başqa sahədə çalışan alimlər də öyrəndiyi şeylərə rəğbət bəsləmir və sadəcə olaraq onları dərk edirlər.
Hətta bəzən insanın öyrəndiyi və dərk etdiyi şeylərə nifrət etməsi də mümkündür. Siyasətçilər düşmənlərini özlərindən daha yaxşı tanıyırlar, amma bu o demək deyildir ki, onlara rəğbət bəsləyirlər.
Müsəlman alimlərin imanın təkcə düşüncə və dərk ilə bağlı olmadığını söyləmələrinin səbəbi, Quranda Allahı və Onun peyğəmbərini, eləcə də məadı hamıdan yaxşı dərk edən, amma bu həqiqətlərə kafir olan varlığın adının çəkilməsidir. Yəqin ki, bu varlığın Şeytan olması hamıya məlumdur. Şeytan Allahı bizdən daha yaxşı tanıyır və uzun illər Ona ibadət etmişdir. O, mələkləri, peyğəmbərləri və məadı çox gözəl dərk edir, amma buna baxmayaraq Quran onun kafir olduğunu söyləyib buyurur: «...Kanə minəl kafirin». (Sad surəsi-74). Yəni [Şeytan] kafirlərdən oldu.
Əgər filosofların iddiasına uyğun olaraq, iman ancaq düşüncə və dərk ilə əldə olunsaydı, Şeytan hamıdan əvvəl mömin olardı. Amma gördüyünüz kimi belə deyil, çünki o, Allahı tanıya-tanıya inadla Onunla müxalifətçilik edir, düşünüb dərk etdiyi həqiqət qarşısında təslim olmayır və Ona rəğbət bəsləmir.
Deməli, qeyd etdiyimiz kimi, iman təkcə düşüncə ilə bağlı deyildir. İslam filosoflarının çoxu Quranda «Ət-Tin» surəsindəki «...İlləlləzinə amənu» (iman gətirənlərdən başqa) ifadəsini nəzəri hikmət, «Və əmilussalihat»ı (saleh əməllər edənlərin) isə əməli hikmət adlandırırlar.
Halbuki, «...İlləlləzinə amənu» ifadəsi nəzəri hikmətdən daha yüksək bir mənanı çatdırır və nəzəri hikmət bu yüksək mənalı məfhumun yalnız bir hissəsidir.
Deməli, bütün bu söylədiyimiz elm, mərifət, idrak və sair məfhumlardan yüksək olan daha bir məfhum da vardır ki, o da təslim, meyl və rəğbətdir.1
İman, meyl və rəğbətlə yanaşı olan, eyni zamanda agahlıq üzərində qurulmuş bir məsələdir. İman agahlıqla yanaşı olduqda təslim deməkdir, yəni Allahı tanıyıb Ona rəğbətlə təslim olmaq.2
İman məfhumunun daxilində, agahlıqla təslim və rəğbət bəsləməkdən əlavə, küfr ünsürü də vardır. İman gətirilən hər hansı bir şeyin qarşısında təslim olmaq zəruridir. İnsanın imanı o vaxt kamala çatmış olur ki, iman və təslim olduğu şeyin ziddinə hər nə varsa, onlara qarşı kafir olsun. Ümumiyyətlə insan əgər bəzi şeylərə qarşı kafir olmasa, mömin ola bilməz. Üsyan olmasa, təslim məfhumu öz mənasını əldən vermiş olur. Sizin Allaha imanınız o vaxt həqiqi olur ki, Allahın ziddinə olan hər bir şeyə qarşı kafir olasınız. Allaha təslim olub Ona baş əymək, amma Onun ziddinə olan şeylərə təslim olmamaq «iman» sayılır.
Həzrət Peyğəmbərin (s) ərəblərə birinci şüarı bu idi: «La ilahə illəllah» (Aləmlərin Rəbbindən başqa bir Allah yoxdur). Burada bir təsdiq və bir də inkar vardır.
İnkar, Allahdan qeyri-bir ilahi varlığın rədd edilməsi, isbat isə Onun öz vücudunun təsdiq edilməsidir. Allahdan başqa hər bir şeyin qarşısında üsyan və tüğyan, Allahın qarşısında isə təslim və iman olmalıdır.
Ayətəl-kursidə buyurulur:
Dostları ilə paylaş: |