RUHUN DÜNYADA TƏKAMÜLÜ
İslamdan qabaq Yunanıstan və Hindistan kimi ölkələrdə belə bir əqidə olub ki, insanın ruhu əvvəlcə tam və kamil surətdə başqa bir aləmdə yaradılıb və sonra onu qəfəsə salınmış quş kimi bu dünyaya gətiriblər. Belə olan surətdə insan həmin qəfəsi sındırmalıdır. Amma Quran Muminun surəsinin ayələrinin birində bu fikri rədd edir. Molla Sədranın bu barədə çox maraqlı bir ifadəsi var. O, deyir ki, mən «yaranmanın cismani, əbədiliyin isə ruhi» olmasını həmin ayədən kəşf etmişəm. Həmin ayə, insan barəsində danışaraq belə deyir: «Biz insanı torpaqdan yaratdıq, o, mərhələ-mərhələ keçərək gəlib nütfə oldu; nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük.» Ayənin davamında belə buyurur: «...və daha sonra onu başqa bir məxluq olaraq yaratdıq.» Yəni biz həmin maddə və təbiəti başqa bir şey, yəni ruha çevirdik, yəni ruh həmin təbiətdən doğan bir şeydir. Ruh abstraktdır, amma «maddədən doğulmuş abstrakt» bir varlıq. Deməli, insan başqa yerdə kamil şəkildə olmayıb ki, biz onun bu dünyada qəfəsdə yerləşməsini iddia edə bilək. İnsan bu dünyada öz anasının qucağındadır. Təbiət insan ruhunun anasıdır və onun təbiətdə yaşaması anasının qoynunda yaşaması deməkdir. Buna görə də onun əvvəlcədən təkamülə çatması, sonra burada zindan, yaxud quyuda yerləşməsi və quyudan qurtarmaq üçün çalışmalı olması fikri səhvdir. O, bu dünyada təkamülə çatmalıdır. Zindan və quyu fikirləri islamın fikri deyildir.
Əlbəttə islam deyir ki, sən həmişəlik olaraq ana qucağında qalmamalısan. Çünki belə olan surətdə «ana uşağı» olaraq qalar və meydana gələrək kişi kimi öz ayağın üstündə dura bilməzsən. Əgər təbiət və bu anadan əl çəkərək ayağa durub yuxarı qalxmasan, orada qalaraq təbii varlığa çevrilərsən. Rəzillərin rəzili olarsan və iman gətirib yaxşı əməllər edənlərdən olmazsan; ən alçaq və rəzil nöqtədə qalarsan. İnsanın ən rəzil nöqtədə, yəni təbiətdə qalaraq yuxarı qalxmaması, onun üçün başqa dünyada cəhənnəm mislindədir. Allah, körpəni bu təbiətin qoynunda dünyaya gətirib ki, o, doğulduqdan sonra anasının qucağından yuxarı qalxsın, məktəbə getsin və mərhələləri keçərək ucalsın. Əgər o, həmin yerdə qalsa, orada həmişəlik olaraq qalmalı olacaqdır. Əlbəttə bu misal və bənzətmənin çox naqis olmasına baxmayaraq, demək olar ki, həmin şəxs doğrudan da «ana uşağı» olan şəxsə bənzəyir. Ana uşağı 25 yaşına çatanda da anasının yanında yatmalıdır, onun yuxulaması üçün anası döşlərini onun üzünə qoymalıdır. Sizcə belə adamdan sabah nə çıxar?!
Deməli, insan, islam baxımından əvvəlcədən düzəldilərək müqəddəs aləmdə uçmuş, sonra isə bu qəfəsə salınmış və yeganə vəzifəsi bu qəfəsi sındırmaq olan varlıq deyil. İslam bu məsələni qəbul etmir. Bəli, əgər siz ruhlar aləminin cismani aləmdən qabaq olmasını eşitmisinizsə, onun mənası ruhların əsl və kökünün qabaq olmasıdır, yəni ruh əvvəllər kamil şəkildə başqa yerdə olmuş və sonra bu dünyaya gətirilərək qəfəsə salınmış şey deyil, bəlkə burada vücuda gətirilmiş, amma başqa bir aləmdən bu dünyaya saçan nur və şüadır. Bu fikir yəni «tənsüx»* fikri hindistanlılar və Əflatuna məxsusdur. Əflatun yunanlılar arasında belə bir fikrə malik olub ki, insanın ruhu bu dünyadan qabaqkı «musul»* aləmində yaradılıb və sonra bir sıra məsləhətlərə görə bu dünyada zindana salınıb. Buna görə də o, bu zindandan azad olaraq getməlidir. Amma islam, təbiətə bu nəzərlə baxmır. Əlbəttə bəzilərinin çaşqınlığa düçar olmamaları üçün bunu da deyim ki, mən bütün ariflərin bu qədər səhv etdiklərini demək istəmirəm. Bəli, böyük ariflər bəzən heç olmasa öz söhbətlərində də olsa, bu məsələyə diqqət yetiriblər. Onlar nə cəmiyyət və nə də təbiəti tərk etməyiblər. Həmin ariflər Quranın xarici və batini nişanələri bir-birinin kənarında zikr etməsini və təbiətin də haqqın camalının ayna və nişanəsi olmasını tamamilə başa düşüblər. Məsələn, Şəbüstəri özünün doğrudan da insanlıq barəsində şah əsəri olan çox-çox ali və uca şerində bu məsələni gözəl şəkildə aydınlaşdırmışdır.
Əgər biz Quranı bir tərəfə, irfanı isə digər bir tərəfə qoysaq, yəni Quranla irfan məktəbinin təbiətə diqqətini bir-biri ilə müqayisə etsək görərik ki, bu ilahi kitab batinə diqqət və ona müraciət məsələsini heç bir şəkildə inkar etmədən təbiətə irfandan çox diqqət yetirib. Buna görə də Quranın təsvir etdiyi kamil insan əql və qəlbə meyl göstərməklə yanaşı, cəmiyyət və təbiətyönümlüdür. İslam baxımından kamil insanın siması barəsində danışanda, imkan olsa bunların hər birinin nə qədər dəyərə malik olmalarını deyəcəyəm. Hər halda burada bunu deməklə kifayətlənirəm ki, Quranın dediyi kamil insan əql, qəlb, təbiət və cəmiyyət meyllidir.
Dostları ilə paylaş: |