YARADISILIQ VƏ KƏŞF
İnsan xüsusiyyətlərindən biri də yaradıcılıq və kəşf etmə istəyidir. Düzdür ki, bəşər həyatda olan ehtiyaclarını ödəmək üçün yaradıcılıq və kəşflərə can atmışdır, amma buna baxmayaraq, elm öz-özlüyündə insan üçün gərəkli olaraq bəyənilmişdir. Elmin zati olaraq bəyənilməsi onun öz-özlüyündə gərəkli olması deməkdir.
PƏRƏSTİŞ VƏ YA EŞQ VƏ PƏRƏSTİŞ
İnsanda eşq adlandırılan bir sıra ilkin şərt və şəraitlər də mövcuddur. Eşq məhəbbətin fövqündə dayanan bir şeydir. Məhəbbət hər bir insanda mövcud olan bir şeydir. Eşq isə bundan fərqli olaraq bir sıra ayrı şəraitlər də tələb edir. Eşq insanın yuxusunu gözündən qaçırıb və fikrini təkcə məşuqda mərkəzləşdirir. İnsanın fikrində bir növ vəhdət yaradıb hər bir şeydə yalnız öz məşuqunu axtarmasına səbəb olur.
İnsan ruhunun ən güclü təzahürlərindən biri də onun pərəstiş hissidir. Pərəstiş hissi, onun vücudunun əsas hissələrindən birini təşkil edir. Bəşər tarixini oxuyarkən onların hər zaman pərəstiş etdiklərini yaxşı başa düşmək olar. Pərəstişlər arasında olan fərq, təkcə məbud və onlara edilən ibadətlərin müxtəlifliyidir. Bəşər övladı müxtəlif zikrlər, cəm şəklində rəqslər formasında ifa edilən ibadət növlərindən tutmuş ali dərəcəli zikr və sitayişlərə qədər dini ayinlər həyata keçirmişdir. Bəzən onlar daş, torpaq, kəsək və öz əli ilə düzəltdiyi müxtəlif əşyalara və bəzən də əzəli və əbədi olan ulu Tanrıya sitayiş etmişlər.
Peyğəmbərlər insanlara pərəstiş etməyi deyil, onun necə və hansı şəkildə olmasını gətirmişlər. Eləcə də vahid olan Allahdan qeyrisinə ibadətin və ya başqa sözlə desək, şirk və bütpərəstliyin qarşısını almağa çalışmışlar.
Pərəstiş hissi bütün bəşər övladlarında mövcuddur. Erik Forum bu barədə deyir:
«İnsanın canlılara, ağac və ya qızıldan düzəlmiş bütlərə, daşlara, gözə görünməyən Allaha, yüksək mənəviyyatlı bir insana, hətta şeytan sifətli bir rəhbərə sitayiş etməsi mümkündür. Həmçinin onun əcdad, millət hansısa bir təbəqə, partiya və hətta pula da sitayiş etməsi mümkün olan bir şeydir. Bəzən insanın özünü dinsiz hesab etməsi, yəni heç bir dini qəbul etmədiyini zənn etməsi də mümkündür. Əsas məsələ insanın dindar olub-olmaması deyil, onun hansı dində olmasıdır.
Vilyam Seyms bu hissin bütün insanlarda ümumi bir şəkildə olması barəsində deyir: «İnsanların öz daxili hisslərindən təsirlənmələrinin müxtəlif olması bir həqiqətdir. Bu hisslər bəzi şəxslərdə daha güclü olur və bu da onların daha dindar olmasına səbəb olur. Mən, özlərini aldadaraq «bu hisslərdən uzağıq» deyən şəxslərin az da olsa dindar olduqlarına tam əminəm».
Pəhləvan, alim və dindar şəxslərin əfsanəvi qəhrəmana çevrilməsi insanlarda olan pərəstiş və müqəddəsçilik hissindən doğan bir şeydir. İnsan təbiətin fövqündə olan sitayişə layiq bir mövcudun olmasını istəyir.
Müasir dövrdə də bəşərin öz milli qəhrəmanlarını həddən artıq şişirtməsi, hər hansısa bir partiya, məslək, bayraq, su və torpağa sitayiş və bunların yolunda fədakarlıq etməsi pərəstiş hissindən doğmuşdur. Bütün şəraitlərdə insanda zahir olan bu hiss mütləq və kamil bir varlığa pərəstiş hissindən yaranmışdır. Hər hansı bir məxluqa, hansı şəkildə olursa-olsun pərəstiş edilməsi, bu hissin düzgün yoldan çıxması deməkdir.
İnsanın ibadət və pərəstiş etməsi, onda hansısa bir imkan və meylin olmasını göstərir. İnsanlara xas olan xüsusiyyətlərdən biri də onun maddi aləmin fövqündə duran geniş üfüqə qovuşmaq meylinin olmasıdır. Odur ki, pərəstiş insanın mənəviyyat və ruhuna aid olan daxili hisslərdən biri sayılır.
Adlarını çəkdiyimiz bu beş əsas üsulların hər birinin mənşəyi insan fitrətidir. Çünki qeyd etdiyimiz kimi, islam dini nöqteyi-nəzərindən insan ruh və bədəndən təşkil olunmuş bir varlıqdır. Onun ruhu ilahi bir həqiqətdir.
Dostları ilə paylaş: |