Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının _____-ci il ___________ tarixli _____ nömrəli Qərarı ilə təsdiq edilmişdir
İnvestisiya təşviqi sənədinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
haqqında inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: investisiya təşviqi sənədinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: investisiya təşviqi sənədinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu və investisiya təşviqi sənədinin verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 3 nömrəli əlavəsi – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 76-cı maddəsi;
1.3.2. “İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”;
1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri”;
1.3.4.“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 6.11-ci bəndi;
1.3.6. “İnvestisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarının təsdiq edilməsi haqqında” İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2016-cı il 24 fevral tarixli 2 nömrəli Qərarı.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 5 iş günü.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: investisiya təşviqi sənədinin verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi şəxslər və fərdi sahibkarlar.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://e-xidmetler.economy.gov.az, http://e-gov.az.
2.5. Elektron xidmət barədə məlumatlandırma: http://e-xidmetler.economy.gov.az, http://e-gov.az, office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, Çağrı mərkəzi: 195-2.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onlar skan edilərək elektron formada təqdim olunur:
2.6.1. investisiya təşviqi sənədinin alınması üçün ərizə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 24 fevral tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş formaya uyğun);
2.6.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
2.6.3. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
2.6.4. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
2.6.5. ərizədə qeyd olunan investisiya layihəsinin həyata keçiriləcəyi obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;
2.6.6. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 3-cü hissəsində göstərilən meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı);
2.6.7. investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd;
2.6.8. “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanına uyğun olaraq “Turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi” iqtisadi fəaliyyət sahəsi üzrə investisiya təşviqi sənədinin alınması üçün müraciət edildikdə investisiya layihəsinin turizmin inkişafı üzrə strateji planlara, turizm və rekreasiya zonalarının Baş inkişaf planlarına, turizm xidmətlərinin təsnifatına, regional səviyyədə turizm xidmətlərinin (məhsulun müxtəlifliyi) proporsional bölgüsünə uyğunluğu barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəyi.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Elektron xidmət üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanlarından (http://e-xidmetler.economy.gov.az və ya http://e-gov.az) yüklənərək doldurulur və müraciət edən şəxs tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərlə birlikdə həmin elektron ünvanlardan birinə göndərilir;
3.1.2. sorğunun qəbulu: sorğu http://e-xidmetler.economy.gov.az və ya http://e-gov.az internet saytlarına daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı müraciət edən şəxsin elektron poçt ünvanına bir iş günü ərzində bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (aradan qaldırılması mümkün olan və investisiya təşviqi sənədinin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar istisna olmaqla), investisiya layihəsi (biznes planı) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 3-cü hissəsində göstərilmiş meyarlara tam cavab vermədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir.
3.2.2. sorğunun qəbulu: imtina üçün əsaslar olmadıqda ərizəçiyə investisiya təşviqi sənədi verilir.
3.3. Sorğunun icrası:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və müvafiq şöbənin icrasına yönləndirilir.
Müvafiq şöbə ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci və 18.2-ci maddələrinin və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 3-cü, 5-ci və 5-1-ci hissələrinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və investisiya təşviqi sənədinin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumat ərizəçinin elektron poçt ünvanına göndərilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman investisiya təşviqi sənədinin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət investisiya təşviqi sənədinin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 iş günü müddətində aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçinin elektron poçt ünvanına göndərilir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra investisiya təşviqi sənədinin alınması üçün təkrar ərizə ilə müraciət edə bilər.
Ərizədə və ona əlavə edilmiş sənədlərdə imtinaya əsas verən hallar müəyyən edildikdə
İqtisadiyyat Nazirliyi bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdə investisiya təşviqi sənədinin verilməsindən imtina edilməsi haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir, habelə bu barədə məlumat ərizəçinin elektron poçt ünvanına göndərilir.
İnvestisiya layihəsi meyarlara tam cavab verdiyi və təqdim olunmuş sənədlərdə imtinaya səbəb olan hallar olmadığı halda İqtisadiyyat Nazirliyi bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdə investisiya təşviqi sənədini ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, habelə bu barədə məlumat ərizəçinin elektron poçt ünvanına göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. nəzarət forması: elektron kargüzarlıq;
3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər investisiya təşviqi sənədinin verilməsi barədə qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət edə bilərlər;
3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;
3.5.3. şikayətin baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Dostları ilə paylaş: |