İnformasiya sisteminin arxitekturası
İnformasiya sistemi kompüterdən, onun xarici yaddaşında saxlanan verilənlər bazasından, verilənlər bazasının idarəetmə sistemindən (dil və proqram vasitələri) və sistemin administiratorundan ibarət mürəkkəb “insan-maşın” kompleksidir. İnformasiya sisteminin əsasını verilənlər bazası təşkil etdiyindən, bəzən ona verilənlər bazası sistemi (VBS) də deyilir. İnformasiya sistemlərini fəaliyyət dairəsinə görə iki sinfə bölmək olar:lokal sistemlər və paylanmış sistemlər. Əvvəlcə lokal İS-in arxitekturasına baxaq.
Lokal İS adətən bir kompüterdə reallaşdırılır, bir VB-yə malik olur və həmin VB-yə aid sorğulara cavab verir.
Verilənlərin məntiqi və fiziki müstəqilliyini təmin etmək üçün onlar 3 səviyyədə təsvir olunur: xarici (istifadəçi səviyyəsində),məntiqi (konseptual səviyyə) və fiziki(yaddaş səviyyəsində). Hər səviyyədə uyğun verilənlərin modeli yaradılır.
Xarici model (XM) istifadəçinin verilənləri necə görməsi deməkdir. Başqa sözlə, xarici model istifadəçinin VB-dən tələb etdiyi verilənlərin strukturunu və tərkibini əks etdirir. Xarici modelə başqa sözlə altsxem də deyilir. İstifadəçilərin informasiya tələbləri müxtəlif olduğundan, altsxemlərin sayı və strukturları müxtəlif olur. Xarici model istifadəçinin ünsiyyət dili vasitəsilə sistemə verdiyi sorğuya görə formalaşdırılır.
Məntiqi model (MM) verilənlərin mücərrəd təsvirini əks etdirir. Bu təsvirdə VB-yə daxil edilən bütün verilənlərin xarakteriskaları və onlar arasındakı əlaqələr əks etdirilir. Məntiqi model VB-nin əsası sayılır. Ona başqa adla konseptual model (KM) deyilir. Məntiqi model verilənlərin strukturunu və onlar arasındakı əlaqələri əks etdirən sxem vasitəsilə ifadə olunur. VB-nin təşkili zamanı konseptual sxem verilənlərin təsviri dili vasitəsilə (məsələn, dBase dili, SQL dili və s.) təsvir olunur.
İdeal halda məntiqi model verilənlərin bütün xarakteriskalarını və əlaqələrini əhatı etməlidir. Lakin real sistemdə bu tam mümkün olmur. Sxemdə müəyyən məhdudluqlar olur və bu da özünü məntiqi modelin təsviri üçün istifadə olunan iyearxik, şəbəkə və relyasiya sxemlərində göstərir. Yığcamlığı, əyaniliyi, zənginliyi və verilənlər üzərində lazımi əməliyyatların aparılmasının mümkünlüyü baxımından relyasiya sxemi daha geniş tətbiq tapmışdır və müasir sistemlərin böyük əksəriyyəti relyasiya modeli əsasında yaradılır.
Fiziki model (FM) verilənlərin kompüterin xarici yaddaşında necə təşkil olunmasını əks etdirir. Bu modeldə VB-nin daxili (maşın) sxemi təsvir edilir. Həmin sxemdə xarici yaddaşın xarakteriskaları, fiziki yazıların formatları, indekslər, kataloqlar və s. haqqında məlumat verilir. Verilənlər bazası xarici yaddaşda fiziki modelə uyğun saxlanır.
Xarici, məntiqi və fiziki modellər verilənlər bazasının idarəetmə sistemi vasitəsilə bir-biri ilə əlaqələndirilir.
Beləliklə, informasiya sistemi 3 səviyyəli arxitektura üzrə qurulur. Şəkil -də lokal İS-in sadələşdirilmiş strukturu göstərilmişdir. Qeyd edək ki, bu arxitektura verilənlərin idarəetmə sistemləri üzrə tədqiqat qrupunun (ANSI/SPARC) təklif etdiyi arxitekturaya uyğundur.
Verilənlər bazasında aparılan əməliyyatların hamısı verilənlər bazasının idarəetmə sistemi (VBİS) adlanan proqram kompleksi vasitəsilə yerinə yetirilir. Əməliyyat aparmaq üçün sorğular VBİS – in interfeysi vasitəsilə sistemin tələb etdiyi dilə və formaya çevrilib icra olunur. VBİS öz işini əməliyyay sisteminin (ƏS) idarəsi altında aparır.
Modellər arasında əks olunma funksiyalarının və verilənlərin emalı üçün funksiyaların reallaşdırılması bir neçə variantda aparıla bilər. Məsələn, sadə halda hər bir məntiqi yazıya bir fiziki yazı və hər bir xarici yazıya bir məntiqi yazı uyğun gələ bilir. Onda xarici yazı birmənalı olaraq daxili yazıdan alınır. Bu variant yüksək məhsuldarlığa malikdir, lakin verilənlərin təkrarlanmasına yol verilir. Digər halda konseptual sxem əsasında lazımi əksolunmanı həyata keçirən proqram yaradılır və onun köməyilə daxili yazılardan xarici yazılar formalaşdırılır.
İnformasiya sistemi tətbiq olunan müəssisədə verilənlərin mərkəzləşdirilmiş idarə olunmasına məsuliyyəti verilənlərin adminstratoru (VA) adlanan bir və ya bir neçə şəxsdən ibarət qrup daşıyır. VA-nın funksiyalarına aşağıdakılar aiddir: VB-yə hansı verilənlərin daxil edilməsini müəyyənləşdirmək, İS-in fəaliyyəti zamanı qaydalara əməl olunmasını və sorğu nəticələrinin istifadəçilərə vaxtında çatdırılmasını təmin etmək.
VB-nın tələblərinin yerinə yetirilməsi verilənlər bazasının adminstratoru (VBA) tərəfindən aparılır. Verilənlər bazasının adminstratoru bir və ya bir neçə peşəkar mütəxəssisdən ibarət qrupdur. VBA – nın əsas vəzifəsi VB-ni yaratmaq, onun yeniləşdirilməsini, təshihini və istifadəçilərin sorğularına cavabları təmin etməkdir. VBA həmçinin sistemin operativliyinə, texniki, informasiya və proqram təminatına da cavabdehlik daşıyır.
Dostları ilə paylaş: |