Hüseyn (ə) və Zeynəb (ə) köməkçilərinin anaların tərbiyəsində böyüməsi
Bu gün bizim analarımız bilirlər ki, əgər Fatimənin (s) sədaqətli ardıcılları olmaq istəsələr, gərək Hüseyn (ə) və Zeynəb (ə) köməkçilərini tərbiyə etsinlər və onlar dövrün Kərbəlasında iman və izzətin qanlı bayrağını ucaltsınlar.
Şirazda Kövsər seminarına müraciətdən; 19 fevral, 1987
Fatimeyi-Zəhranın (s) şəhadətinin ildönümündə əzadarlıq
Həzrət Siddiqə-Kübranın (ə) uca məqamının anılması məqsədi ilə yaxşı olar ki, tacirlər və bazar adamları ona hörmət əlaməti olaraq, cəmadis-sani ayının o həzrətin şəhadətinin ildönümü olan üçüncü gününü tətil edib, əza məclislərinə qatılsınlar.
Həzrət Zəhranın (s) şəhadətinin əzadarlıq mərasimində çıxışdan; 5 oktyabr, 1997
İslam Cümhuriyyəti qəzeti
Dördüncü fəsil: Müsəlman qadının xüsusiyyətləri və dəyərləri Müsəlman qadının xüsusiyyətləri
Dəyərli xüsusiyyətlər
Müsəlman qadın elm yolunda, mənəvi və əxlaqi özünüislah yolunda çalışsın, hər hansı bir növdən olan cihad və mübarizə meydanında öncül olsun, dünyanın bər-bəzəyinə və dəyərsiz dəbdəbəçiliyə etinasız yanaşsın. Onun iffəti, paklığı elə bir həddə olsun ki, yad nəzərləri uzaqlaşdırsın, evdə həyat yoldaşının və övladlarının sakit ürəyi, ailənin asayişinə və həyatın dincliyinə səbəb olsun, şəfqətli və mehriban ağuşunda, mənalı və məhəbbətli sözləri ilə ruhi cəhətdən sağlam övladlar tərbiyə etsin, pis adətlərdən uzaq, xoş əhval-ruhiyyəli, ruhi və sinir cəhətindən sağlam insanlar yetişdirsin, cəmiyyətin kişilərini, qadınlarını və şəxsiyyətlərini vücuda gətirsin! Ana hər bir qurucudan daha qurucu və daha dəyərlidir. Ən böyük bir alim çox mürəkkəb elektron cihazı ixtira edə bilər, qitələri qət edən raketlər və kosmik gəmilər düzəldə bilər. Amma bunların heç biri böyük insan yetişdirmək qədər əhəmiyyətli deyil. Ana insan yetişdirir. Bu, müsəlman qadının modelidir.
Qadın günü münasibəti ilə ölkə qadınlarının bir qrupunun görüşdə çıxışdan; 15 dekabr, 1992
Agah şəkildə iman
Biz qadının şəxsiyyətini dəyərləndirərkən elm, təcrübə, ixtisas və bu gün dünyada qadın üçün dəyər sayılan digər məsələlərin ardınca getdikdə, gərək agah şəkilli iman ruhunu da axtaraq.
"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransındakı çıxışdan; 6 fevral, 1988
Ettelaat qəzeti
İbadət, siyasət və evdarlıq – kamil qadın şəxsiyyətinin elementləri
Bəziləri elə bilirlər ki, insan ibadətlə məşğul olsa, bir abid, ibadətçi, dua və zikr adamı olar, siyasi bir insan ola bilməz. Yaxud bəziləri elə bilirlər ki, siyasətlə məşğul olan qadın, yaxud kişi, Allah yolunda cihad meydanında aktiv iştirak edən insan əgər qadındırsa, bir ev qadını olub, analıq və evdarlıq vəzifələrini yerinə yetirə bilməz; əgər kişidirsə, ev, dükan və yaşayış kişisi ola bilməz. Elə bilirlər ki, bunların arasında ziddiyyət var. Halbuki İslamın baxışında bu üç məsələnin nəinki bir-biri ilə ziddiyyəti yoxdur, kamil insan şəxsiyyətinin formalaşmasında bir-birinə kömək də edirlər.
Nəzarət Şurasının işçiləri ilə görüşdə çıxışdan; 13 dekabr, 1989
İran qadınlarının üstünlüyünün dəlilləri
Bizim ölkəmizin qadın toplumu dünyanın hər bir yerindən yaxşıdır. İş vaxtı çatdıqda siyasi işdə, mədəni işdə və təşkilat işlərində öndədirlər. Cihad vaxtı çatdıqda övladlarını öz əlləri ilə cəbhəyə göndərirlər. Evdarlıq və övlad tərbiyəsi zamanı çatanda evdar olurlar. Bütün bunlar dünyada azdır. Bunlar çox dəyərlidir. Bu, İslam tərbiyəsidir. Bunların hamısı ümidvericidir.
15 şaban (İmam Mehdinin (ə) doğum günü) münasibəti ilə xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışdan; 20 dekabr, 1997
İslam Cümhuriyyəti qəzeti
İranlı müsəlman qadının dəyəri
Bizim cəmiyyətimizin mömin qadınları çalışıb müsəlman iranlı qadının qədrini bilsinlər. İslam qadınının və müsəlman qadının dəyərini bilin. Elə bir qadın ki, münasibətlərdə kişilərə qarışmır, özünü kişinin gözünü cəlb etmək üçün vasitə bilmir, özünü bundan üstün hesab edir. Elə bir qadın ki, öz məqamını çılpaq olmaqdan, üzü, saçı və bədəni ilə keçənlərin gözünü özünə sarı cəlb etməkdən, onların həvəsini doyurmaqdan daha əziz sayır. Elə bir qadın ki, özünü, zirvəsində bəşər tarixinin ən böyük qadını olan Fatimeyi-Zəhranın (s) dayandığı yüksəkliyin ətəyində bilir. O qadın iranlı müsəlman qadındır. Bu qadın daha Qərb sivilizasiyasının oyuncaqlarından və onun təxribatlı üsullarından üz çevirməli, onlara etinasız yanaşmalıdır.
Tehran, İsfahan və Təbriz şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990
İranlı qadın – rahibədən pak, əsgərdən şücaətli
İranlı qadın rahibə deyil, amma rahibədən də pakdır, təmizdir; əsgər deyil, amma müharibə meydanında əsgər qədər şücaətlidir. Döyüş meydanlarında ona cihad vacib olmasa da, Allah yolunda bir mücahid kimi çalışır və bütün səhnələrdə iştirak edir.
Ölkənin mədəniyyət mənsubu olan xanımlarının nümayəndələri ilə görüşdə çıxışdan; 27 yanvar, 1985
İranlı qadınların fədakarlığından nümunələr
İranlı qadınlar onlar üçün çox dəyərli olan yadigarlarını təqdim etmişlər. Bəzən bir yoxsul ailə özünün bütün qızıl-zinət əşyalarını batil əleyhinə vuruşan haqq cəbhələrinə təqdim etmişdir. Bəzən bir yoxsul ailə özünün üzüyünü, yaxud sırğasını cəbhələrə təqdim etmişdir. Bəzən pilot övladı müharibədə öldürülmüş iraqlı bir ailə Səddamdan aldığı qızılları Səddam rejimi əleyhinə müharibə cəbhələrinə kömək üçün hədiyyə etmişdir. Şəhidlərin gənc həyat yoldaşları da öz nişan üzüklərini vermişlər. Bunun bənzəri heç bir ölkənin tarixində görünmür.
Xalqın müxtəlif və fədakar təbəqələri ilə görüşdə çıxışdan; 13 avqust, 1988
İranlı qadının həqiqi zinəti
İslam inqilabının qələbəsi ilə bizim cəmiyyətimiz ilahi dəyişikliyə uğradı. Bu dəyişiklikdə qadınlar öncül idilər. İranlı qadının həqiqi zinəti budur ki, bu inqilab yükünün yarısını çiyninə ala bilsin. Bu o haldadır ki, əxlaq, təqva, iffət, əmanətdarlıq, iman, paklıq və Allah yolunda fədakarlıq baxımından öz borcunu ödəsin.
Şəfqət bacılarının İslam birliyinin üzvləri və könüllü İslam keşikçisi olan qadınlarla görüşdə çıxışdan; 20 fevral, 1983
Dostları ilə paylaş: |