Qadının və İslam inqilabının qarşılıqlı təsirləri
İmam Xomeyninin nəzərində qadının İslam inqilabında rolu
İnqilabın böyük müəllimi həzrət İmam Xomeyni qadının inqilabda – istər inqilabın baş verməsində, istər onun davam etdirilməsində rolunu, həmçinin İslam cəmiyyətinin təkamülündə, İslam və inqilab tərbiyəsində onun mövqeyini çox böyük sayırdı. Doğrudan da belədir. Bunun üçün iranlı və müsəlman qadın çürük Qərb mədəniyyətinin qurduğu tələlərdən qurtulmaq üçün möhkəm iradə ilə öz işini davam etdirməli, qadını özlərinin dağıdıcı və əsarətli siyasətlərini icra etmək üçün vasitə etmək istəyən şəxslərin hiylələrinə əsla uymamalıdır.
“İmam Xomeyninin baxışında qadın şəxsiyyətinin araşdırılması” seminarına müraciətdən; 25 oktyabr, 1989
İslam inqilabının qələbəsində və davam etdirilməsində qadınların rolu
Qadınlar inqilabın qələbəsində, davam etdirilməsində və onillik dövrün böyük hadisələri qarşısında ən bariz və ən parlaq rollardan birini ifa etmişlər. Bizim böyük və mərhum imamımız bu həssas rola görə dəfələrlə İslam Respublikası qadınlarını mədh etmiş və bu sahədə gələcək nəsillər üçün özünün mühakiməsinin dəyərli yadigarlarını qoymuşdur.
Həzrət İmam Xomeyninin vəfatının qırxıncı günündə hörmətli İran xalqına müraciətdən; 14 iyul, 1989
Qadınların iştirakı və fədakarlığı – İslam inqilabında və müharibədə qələbənin amili
İslam hərəkatı İslam inqilabı mərhələsinə çatdıqda qadınlar İslamın qadın toplumuna dair təsəvvürü əsasında irəliyə düşdülər və imam haqlı olaraq buyurdu ki, əgər qadınlar bu hərəkatda həmkarlıq göstərməsəydilər, inqilab qələbə çalmazdı. Şübhəsiz, əgər qadınlar küçələrdə və əzəmətli nümayişlərdə iştirak etməsəydilər, inqilab dövründə qadınların əzəmətli və təntənəli iştirakı olmasaydı, inqilab qələbə çalmazdı. Əgər məcburi müharibədə şəhid anaları və şəhidlərin həyat yoldaşları (mən bunların min nəfəri ilə görüşüb, söhbət etmiş və onların xüsusiyyətlərini müşahidə etmək şərəfinə nail olmuşam) öz imanlarını, öz dözümlərini, öz müqavimətlərini, öz bilgilərini, müharibənin tələfatları, gənclərin və kişilərin fədakarlıqları qarşısında öz aydın baxışlarını nümayiş etdirməsəydilər, müharibə qələbəyə çatmazdı. Əgər şəhid anaları, şəhidlərin həyat yoldaşları dözümsüzlük etsəydilər, kişilərin ürəyindəki Allah yolunun cihad və şəhadət şövqü quruyardı, belə qaynamazdı, cəmiyyətə belə təravət bəxş etməzdi. Müharibə meydanında da qadınlar birinci dərəcəli rolları ifa etdilər. Əgər inqilab boyunca qadınların vəfadarlıqları, qadınların duyğuları, qadınların müxtəlif meydanlarda, yürüşlərdə və seçkilərdə iştirakı olmasaydı, şübhəsiz, bu əzəmətli xalq hərəkatı belə formalaşıb davam edə bilməzdi. Bu, İslamın baxışıdır.
Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000
İslam Cümhuriyyəti qəzeti
İslam inqilabından sonra qadınların məqamının ucalması
İslam inqilabının qələbəsindən sonra qadınların cəmiyyətdəki məqamı yüksəlmiş və müxtəlif məsələlərdə onların əsaslı rolu müəyyən olunmuşdur.
Məclis üzvü olan qadınlarla görüşdə çıxışdan; 6 oktyabr, 2001
Keyhan qəzeti
İslam inqilabı – qadınların yeni yolunun başlanğıcı
İnqilab səddi sındırdı, qadınlar üçün yeni yol açdı. Onlar inqilabın işlərində güclü və geniş fəaliyyət göstərə bildilər. Baş verən əzəmətli nümayişlər, toplantılar və seçkilərdə iştirak bu yeni yolun başlanğıcı idi. Lakin bu, şübhəsiz ki, keçmişdəki uzun dövrün geriliklərini düzəldə bilməzdi və bilmir.
"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988
İslam inqilabında müsəlman qadının dəyəri
İnqilab müsəlman qadınlara elə dəyər bəxş etdi ki, iranlı qadın özünün tarixi boyunca heç zaman bu qədər mövqe və dəyərə malik olmamışdı.
Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985
Qadın və onun dəyərləri sahəsində fikirlər təqdim etmək
Bəli, bu gün İran xalqı inqilabın sayəsində qadın və onun dəyərləri barəsində yeni fikirlər təqdim etməyə, dəyərli və üstün qadının yeni modelini yaratmağa qadir olmuşdur. Bu böyük uğur, həmişəyaşar və təqlidə layiq bir hərəkətdir. Qərb qurumları və mətbuatı tərəfindən qadağa və müqavimət qalmaqalına rəğmən, bu hərəkətin təsirlərini dünyada müşahidə etmək olar.
İslam İranının mütəfəkkir və məlumatlı qadınları öz aydın yollarını davam etdirməli, möhkəm addımlar atmalıdırlar. Olmasın ki, bəsit və qafil insanlarda göründüyü kimi, inqilabçı nəsil və mömin qadınlar da yenidən puç istehlaka, dəbdəbəçiliklərə və qeyri-inqilabçı təmayüllərə üz tutsunlar, yaxud kişilərlə sərhədsiz qarışmaqda cahiliyyət ənənəsini yenidən dirçəltsinlər.
Siz belə seminarlarda və toplantılarda imamın və inqilabın qadın barəsindəki yolunu davam etdirmək üçün düzgün üsulları yazmalı və bu yolun davam etdirilməsini təmin etməlisiniz.
“İmam Xomeyninin (r) baxışında qadın şəxsiyyətinin araşdırılması” seminarına müraciətdən; 25 oktyabr, 1989
İslam inqilabının qələbəsində qadınların iki təsirli rolu
İslam inqilabının qələbəsində qadınlar iki müsbət və təsirli rola malik idilər. Onların birinci rolu öz mübarizələrində müsbət və düzgün fəaliyyət, daha çox əhəmiyyətə malik olan ikinci rolları isə mübarizədən irəli gələn problemlərə dözüm, təmkinlik və kömək idi.
İslam inqilabında qadınların çoxu öz həyat yoldaşlarını həvəsləndirirdilər. İnqilabda ən çox problemlər adətən mübarizlərin həyat yoldaşlarına aid idi.
Mübarizənin son iki-üç ilində inqilabın və xalqın əzəmətli qiyamının qələbəsində qadınların rolu birdən-birə möhtəşəm şəkildə qabardı. Qadınlar birinci təhlükəli yürüşə başladılar, təhlükə dolu mübarizə meydanlarında fəal və nəzərəçarpacaq şəkildə iştirak etdilər.
Qadınlar İslam inqilabının qələbəsindən sonra da inqilabın bütün böyük dəvətlərinə cavab verən ilk şəxslərdən idilər. Qadınlar fəaliyyət və mübarizə meydanında bu günə qədər də kişilərdən qat-qat öndədirlər.
"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988
İslam Cümhuriyyəti qəzeti
Dostları ilə paylaş: |