İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsi meyarlarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 30 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsi meyarları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 21 oktyabr 2004-cü il
№ 155
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 21 oktyabr tarixli 155 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsi
MEYARLARI
1. ÜMUMİ MÜDDƏALAR
Bu meyarlar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.7-ci maddəsinə uyğun olaraq iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin mərkəzləşdirilmiş uçota alınması məqsədilə müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi aşağıdakı meyarlar əsasın-da iri vergi ödəyicilərinə və xüsusi vergi rejimli müəssisələrinə aid edilmiş vergi ödəyicilərini müəyyən edir.
2. İRİ VERGİ ÖDƏYİCİLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ
MEYARLARI
2.1. Vergi ödəyicilərinin (büdcə təşkilatları istisna olunmaqla) iri vergi ödəyicilərinə aid edilməsi aşağıdakı meyarlar əsasında müəyyən edilir:
a) əvvəlki üç ilin hər birində mülkiyyətində olan əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri şərti maliyyə vahidinin 1000000 misli və əvvəlki üç illik orta illik dövriyyəsi (ƏDV-siz) şərti maliyyə vahidinin 500000 mislindən çox olduqda;
b) son üç vergi ili ərzində müəssisə tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş bütün vergi və vergi olmayan digər ödənişlərin hesablanmış məbləğləri hər il üçün şərti maliyyə vahidinin 180000 mislindən çox olduqda;
c) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq inhisarçı subyektlərə aid olunan vergi ödəyiciləri, o cümlədən onların tabeçiliyində olan müəssisə və təşkilatlar.
Bu meyarlardan ən azı biri olduqda vergi ödəyicisi iri vergi ödəyicilərinə aid edilir.
3. XÜSUSİ VERGİ REJİMLİ MÜƏSSİSƏLƏRİN MÜƏYYƏN
EDİLMƏSİ MEYARLARI
Qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən, Vergi Məcəlləsi ilə yanaşı vergitutma və vergi nəzarəti məsələlərində müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsi xüsusi qaydalarla müəyyən edilmiş vergi ödəyiciləri aşağıdakılardır:
3.1. sazişlər imzalamış Podratçı Tərəflər və yaxud onların hüquqi varisləri və ya mümkün müvəkkilləri;
3.2. Podratçı Tərəflər adından fəaliyyət göstərən, neft-qaz əməliyyatlarının gündəlik idarə olunması üçün onların göstərişlərini yerinə yetirən, hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, yalnız mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı qeyri-kommersiya şirkəti kimi işləyən birgə əməliyyat şirkətləri;
3.3. Podratçı və birbaşa və ya vasitəli müqavilə üzrə, yaxud Podratçının adından mallar göndərən, işlər görən və yaxud xidmət göstərən, eləcə də Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri;
3.4. xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik və analoji nümayəndəlikləri, konsulluq idarələri və digər rəsmi nümayəndəlikləri.
4. YEKUN MÜDDƏALAR
İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələrin mərkəzləşdirilmiş uçotu Vergilər Nazirliyinin müəyyən etdiyi vergi orqanı tərəfindən aparılır.
Dostları ilə paylaş: |