Hövzə təşkilatları Ali məktəblərdə Rəhbərliyin nümayəndəliyi orqanı
İnqilabdan öncə bəzi ruhanilərin, o cümlədən bu həqir bəndənin, tələbələrlə əlaqəsi var idi. Bu əlaqə təşkilata aid bir münasibət deyildi. Kəskin mübarizə məsələləri ilə də bağlı deyildi. Fikri və aydınlaşdırıcı bir əlaqə idi. Yəni toplantı keçirirdik və tələbələr də orada iştirak edirdilər. Yaxud da biz bəzi vaxtlar ali məktəblərdə tələbə yığıncaqlarında iştirak edirdik. O zaman Məşhəddə məğrib və işa namazları arasında bir məclis keçirirdik. 20-30 dəqiqə çıxış edirdim. Dinləyicilərin də doxsan faizi gənclər idi. Bu gənclərin də əksəriyyəti tələbə, yaxud orta məktəb şagirdləri idi. Bir gecə mərhum şəhid Bahünər (Allah ona rəhmət etsin) Məşhəddə idi. Mənimlə birgə məscidimizə gəldi. Vəziyyəti görüb heyrətləndi. Cənab Bahünərin özü Tehranda gənclər və tələbə yığıncaqları ilə əlaqədə olan adam idi. O dedi ki, mən ömrümdə bu qədər tələbə və gənci bir məsciddə görməmişəm. Bizim məscidimizdə neçə gənc var idi? Ən çox 340-350 nəfər. Gənclərlə əlaqəsi olan cənab Bahünər kimi ziyalı bir ruhani üçün təqribən 300-350 nəfər gəncin bir yerə toplanması heyrət doğururdu. Bir halda ki özü də ali məktəbdən çıxmışdı və universitetdə kurslar keçmişdi. Tələbə mühitini tanıyırdı. Günə uyğun və yeni dini fəaliyyətlərdən də xəbərdar idi.
Bu saydan ola bilsin ki, iki yüz nəfəri tələbə idi. Bu onun üçün çox təəccüblü idi. O, heyrət və təəccüb içində idi. İki yüz tələbə bir yerə toplanır və bir ruhani onlar üçün söhbət edir?!
İndi bunu bu gün ali məktəblərdə olan vəziyyətlə müqayisə edin. Görün əlinizə hansı böyük və qiymətli fürsət düşmüşdür. Bu fürsəti qənimət bilin. Əsas məsələ budur.1
Fikrimcə, ruhani ali məktəbdə elə olmalıdır ki, tələbə ona sığınsın, ona ümidlə baxsın. Əlacını onda axtarsın. Əgər o, əlac edə bilməsə, ən azı tələbə üçün təskinlik səbəbi olmalıdır.
Əgər biz ali məktəblərdə toplantı keçirmişiksə, söhbət etmişiksə, məscidə getmişiksə, seçimdə iştirak etmişiksə, müəllim təyin etməyə hazır olmuşuqsa, bütün saydığım vəzifələri yerinə yetirmişiksə, amma tələbə bizə etimad etmirsə, ümid bağlamırsa, müvəffəq olduğumuzu söyləmək olmaz.
Sizin ali məktəblərdə əsas səyiniz bütün tələbələrə məxsus olmaqdır. Hətta, ola bilər ki, tələbəni fikir və münasibət baxımından qəbul etmirsiniz. Əlbəttə, bu çətin işdir, hətta bəzi yerlərdə mümkün olmaya da bilər. Amma hər yerdə belə deyil.
Fikrimcə, ruhani elə rəftar və əməl edə bilər ki, hətta fikir baxımından o ruhanini qəbul etməyən tələbə: “İnsafən, bu yaxşı insandır”, deyər. Əgər bir problemi, psixoloji, etiqadi və ya fikri çətinliyi varsa, yenə o şəxsə sığına biləcəyini düşünər. Əgər nə vaxtsa namaz qılmaq istəsə, bu ruhaninin arxasında qılar. Ali məktəblərdə belə davranılmalıdır. Yoxsa, nümayəndəlik bəzilərinə qarşı birtərəfli mühakimə yürütməməlidir. Bu məsləhət deyil.
Zənnimcə, biz öz cəmiyyətimizdə tələbənin dini təbəqənin seçilən üzvü olması üçün iş görməliyik. Yəni məqsədimiz ali məktəblərdə tələbələri həm ayıqlıq, maarif, həm də iman baxımından möhkəm, seçilmiş dini bir ünsürə çevirmək olmalıdır. Təbii ki, bunlar gələcəkdə İslam Respublikası üçün xidmətə də zəmanət verəcək. İnşallah, bu baxımdan irəliləməliyik.1
Dostları ilə paylaş: |