1.7 İnformasiya və cəmiyyət. İnsanlar arasında ünsiyyət informasiya mübadiləsi
şəklində baş verir. İnformasiya mübadiləsi yazılı, şıfahi və jestlərlə həyata keçirilə bilir.
İnformasiya dil vasitəsi ilə ötürülür. İnformasiyanın başa düşülməsi üçün dil ümumi
olmalıdır. Dillərin çoxluğu informasiyanın ötürülməsi imkanlarını genişləndirir və seçim
imkanlarını artırır. İnsan cəmiyyəti tarixinə, müəyyən mənada, informasiyanın yığılması
və emalı tarixi kimi baxmaq mümkündür. Dərketmə prosesi informasiyanın alınması,
saxlanması və emalı proseslərinin məcmusudur. Alınmış informasiya müxtəlif
daşıyıcılarda (saxlayıcılarda), kitablarda, audio-video kassetlərdə, maqnit və lazer
disklərində saxlanır.
Kompüterlərin vahid qlobal İnternet şəbəkəsində əlaqələndirilməsi bəşər tarixi
ərzində yığılıb toplanmış informasiyaya hər bir şəxsin müraciət edə bilməsini mümkün
etmişdir.