ON YEDDİNCİ ŞƏKİL
Suxumda kiçik bir otaq.
Sona uzanmış, anası və oğlu yanında oturmuşdur.
S o n a. Ana, ürəyim çox darıxır.
N a b a t. Hava tutqundur, qızım. Bir azdan gün çıxar, ürəyin açılar.
S o n a. Ana, görəsən indi Baxşı harada olmuş olar?
N a b a t. Kim bilir, qızım? Deyirlər, Sibir böyük yerdir. Kim bilir, ölübdür, sağdır?..
S o n a. Sağ olsaydı, indi gəlib çıxmalı idi. Vaxtı çoxdan qurtarmışdır. Mən hesabını saxlamışam.
N a b a t. O da bədbəxt oldu. Qızım, Allah ona kömək olsun.
S o n a. Ana, görəsən Baxşı məni bu halda görsə nə edər? Yenə də məni sevərmi? Ana, dur sən allah, o güzgünü mənə ver.
N a b a t. Ay qızım, nə üçün sənin ürəyinə pis-pis fikirlər gəlir? Allaha şükür, sənə nə olub? Naxoşsan, sağalarsan, qurtarar gedər.
S o n a. Yox, ana. Mənə belə gəlir ki, mən bir də sağalmayacağam... Ay! Gör üzüm necə olmuşdur? Adam qorxur. Yox, o məni daha sevməz... O, kim bilir... Əvvəllər o məni çox sevirdi.
N a b a t. O səni öz canından artıq sevirdi.
S o n a. Ana! Şər deməsən, xeyir gəlməz. İşdir, mən ölsəm, sonar Baxşı gəlib çıxsa, mənim yerimi ona göstərərsən və deyərsən ki, mən özümü və kiçik Baxşımı onun ixtiyarına verirəm. Deyərsən ki, onu mən sevirdim, lakin bizi ayırdılar. Deyərsən ki, mən onun yolunu gözlədim, çox...
Bu aralıq bayırdan tar səsi eşidilir və gözəl səsli bir qadın oxuyur.
Azad bir quşdum,
Yuvamdan uçdum,
Bir bağa düşdüm
Bu gənc yaşımda.
Bir ovçu gördü,
Köksümdən vurdu,
Torpağa düşdüm
Bu gənc yaşımda.
S o n a. Dayan!
N a b a t. Ay qızım, vallah, sən dəli olmuşsan. Bir belə də fikir olar?
S o n a. Ana! Allahın altında bir adam olaydı, o Baxşının çaldığı havanı bir çala idi, qulaq asa idim. Ey günlər, günlər! Ana, qonşumuzda bir kor var, o da deyəsən, o gün bu havanı çalırdı. Sən allah, bir dur gör, gəlsə çağır, o havanı bir də çalsın, eşidim.
N a b a t. Usta Minası?
S o n a. Adını heç bilmirəm nədir. Amma, yox, ana, getmə. O havanı heç kəs çala bilməz. Onsuz mənə tar ləzzət verməz.
N a b a t. Bayırda bilmirəm kimdir “Sona, Sona” – deyir.
S o n a. Bəlkə kağız-zad gəlmişdir. Nabat durub bayıra çıxır.
S o n a (oğluna). Baxşımın bütün xoşbəxt günlərindən mənə qalan bir sənin adındır. Bir də o tar. Sən böyüyərsən, o tarı çalarsan. Yaxşı! Baxşı, mən ölsəm, sən mənsiz nə edərsən? Baxşı gəlsə, mən səndən nigaran qalmaram. O səni məndən yaxşı saxlar.
Nabat sevinərək içəri girir.
N a b a t. Sona! Ay Sona! Gözün aydın olsun, gəldi.
S o n a. Kim? Tarçalan?!
N a b a t. Yox, özü, lap özü...
Baxşı, arvadı və qızı içəri girirlər.
B a x ş ı. Sona!..
S o n a (diqqətlə Baxşıya baxıb, onu tanıyaraq). Baxşı! Sənsən!.. Allaha çox şükür! Sən sağsan! Yaxına gəl, Baxşı! (Onu öpmək istəyir, birdən dayanır, düşünür). Mən səni öpmək istəyirəm. Yox, olmaz. Mən naxoşam. Baxşı, ömrümdə iki yol səni öpmək istədim, ikisində də qismət olmadı. Nə isə, eybi yoxdur, Baxşı, Allah qoysa, sağalaram, sonra... Necəsən, Baxşı? Otur! Məndən qorxmursan ki? Mən sapsarı saralmışam.
B a x ş ı. Yox, Sona! Səndə nə var ki... Naxoşsan sağalarsan. Sən heç qorxma, mən səni sağaldaram.
N a b a t. Sən gərək muştuluğumun əvəzində sabahdan sağalıb, ayağa durasan.
S o n a. Duraram, ana, yəqin duraram. Mən səni çalmağından tanıdım, Baxşı... Ancaq güman aparmadım. Bu gün ürəyim heç yerində deyildi. Hələ deyəsən bir şey gözləyirdim... Bu arvad kimdir, Baxşı? (Sükut) Bu sənin arvadındır?..
B a x ş ı. Bu qız gürcüstanlıdır, Sona. Bir dostumun bacısıdır. Bunun da qardaşı mənimlə dustaqda idi.
S o n a. Bu da sənin qızındır? Gözəl qızdır. Adı nədir?
B a x ş ı. Adı Sonadır.
S o n a. Sonadır? Sən öz qızına mənim adımı vermişsən. Mənim də oğlumun adı Baxşıdır, kiçik Baxşı. Bunları bir yerdə böyüdərsən, Baxşı.
B a x ş ı. Mən səni tək qoymaram. Bir yerdə böyüdərik.
S o n a. Baxşı, yox, Baxşı... Məni burada qoyma. Məni də özünlə Bakıya apar. Yaxşı eləmişsən ki, evlənmişsən. Baxşı, mənim səndən son bir xahişim vardır. Bu, bütün ömrümdə üçüncü xahişimdir. O havanı bir də çal. Mən özüm oxumaq istəyirəm. Heyif ki, dura bilmirəm, yoxsa...
B a x ş ı. Sonam! Bu saat. Ancaq, sən Allah belə solğun danışma.
Sona yaxşı, yaxşı, deyir. Baxşı çalır, Sona yavaşcadan oxuyur.
S o n a.
Azad bir quşdum,
Yuvamdan uçdum,
Bir bağa düşdüm
Bu gənc yaşımda.
Bir ovçu gördü,
Köksümdən vurdu,
Torpağa düşdüm
Bu gənc yaşımda.
Birdən Sonanın bədəni süstləşir, uzanır və tərpənməz olur.
B a x ş ı (onun yanında dizi üstə oturaraq). Sona, Sona!..
İ ş ı q d ə y i ş i r.
G ə n c S o n a. Demək, kiçik Sonaynan kiçik Baxşı bizik, böyük Baxşı da sən...
Q o c a B a x ş ı. Elədir ki, var, qızım... Sona havanın birinci yarısını oxumuşdu, birdən süstəldi, uzandı, susdu, gözlərini yumdu və həmişəlik tərpənməz oldu... Baxşı onun üzərinə əyildi, birinci və sonuncu dəfə olaraq soyuq dodaqlarından öpdü. Sonanı Bakıya gətirdilər. Kiçik Baxşını da öz yanına götürdü. General-qubernator artıq yox idi. Lakin onların başladığı işlər davam edir və getdikcə hər iki tərəfdən genişlənirdi. Nəhayət, Oktyabr inqilabı imperator jandarmeriyasının, burjuaziya hakimiyyətinin kökünü kəsdi. Əməkçi xalqlar azad qardaş oldular. Köhnə dünya dağılmağa, yeni dünya qurulmağa başladı. Köhnə məzarlığı sökür, yerində mədəniyyət bağçası tikirdilər. Baxşı da orada idi. O, Sonanın baş sümüyünə baxır və düşünürdü. Ala gözlərinin yeri birər qara uçurum idi. Al dodaqlarından əsər belə qalmamışdı. Sonanın yalnız inci dişləri qalmışdı. Sona, sanki gülürdü, nəyə gülürdü, Sona? O, çar jandarmlarının və burjuaziya hakimiyyətinin qanlı siyasətinə gülürdü. O, İncilin və Quranın həqiqətinə, o, burjuaziya milli namusunun məntiqinə gülürdü. Ver əlini, Sona, ver əlini, Baxşı! Qoy keçmişin qanlı tarixi bu köhnə məzarlıqda əbədilik gömülsün. Qoy yeni qardaşlıq dünyasının qırılmaz qolları sizin əllərinizi, iki qardaş kütlənin birləşmiş həyatı kimi, əbədilik birləşdirsin...
İ ş ı q s ö n ü r.
Dostları ilə paylaş: |