Sual: Alın yazısını pozmaq olarmı?
Cavab: Qurani-Kərimdə buyurulur: «Hər dövrün bir kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır»[77].
«Əsil kitab» kimi tərcümə olunmuş ifadə, Qurani-Kərimdə «ümmül-kitab» kimi verilmişdir. «Buruc» surəsinin 22-ci ayəsində bu kitab «lövhi-məhfuz» adlandırılmışdır.
Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci mərhələ Lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ isə, «lövhi-məhv və isbat»da öz əksini tapmışdır.
Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər. Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən qurtular.
İstər təbiiət, istərsə də cəmiyyətdə bir-birindən doğan hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq, hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü uzadar, bəlaların qarşısını alar»[78].
Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar barədə iki kitabda ‒ Lövhi-məhfuz və lövhi-məhv və isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz, ikincidə yazılanlar isə, dəyişgəndir.
Dostları ilə paylaş: |