Sual: Əsrin İmamı Həzrət Mehdi (ə) nə zaman zühur edəcək?
Cavab: Dünyada zülmün ərşə dirənəcəyi bir zaman, ədalət müjdəli xilaskarın zühuru – əksər təkallahlı dinlərin inancıdır. İslam dinində bu xilaskarın on ikinci İmam Həzrət Mehdi (ə) olduğu bildirilir: «O, bir kəsdir ki, Öz rəsulunu hidayət və doğru dinlə göndərdi. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərə qalib edər»[34].
Bu ayəni təfsir edən alimlər, nəhayətdə, İslamın bütün dinlərə qalib gələcəyini və bütün yer üzünə yayılacağını xəbər verirlər. Hər il Avropa, Amerika, Afrika və dünyanın müxtəlif nöqtələrində minlərlə insanın İslam dinini qəbul etməsi – deyilənlərə əyani sübutdur. Amma mötəbər hədislərə əsasən, İslam yalnız İmam Mehdinin (ə) zühurundan sonra bütün dünyanı tam əhatə edəcəkdir.
İmam Baqir (ə) yuxarıdakı ayənin təfsirində belə buyurur: «Bu ayədə verilən vəd Muhəmməd (s) ailəsindən olan Mehdinin (ə) zühuru zamanı həyata keçəcəkdir. Həmin gün yer üzündə Muhəmməd (s) həqiqətini təsdiq etməyən bir nəfər də qalmayacaq»[35].
Eyni ayənin təfsirində İmam Sadiq (ə) buyurur: «Hələ ki, bu ayənin mahiyyəti gerçəkləşməyib. O zaman gerçəkləşəcək ki, Mehdi (ə) zühur edəcək və dünyada bir nəfər də olsun kafir qalmayacaq»[36].
Hədislərdə Həzrət Mehdinin (ə) zühur əlamətləri geniş şərh olunmuşdur. Qısaca, bunu demək olar ki, zühur ərəfəsində dünyada küfr, sitəm, günah öz son həddinə çatacaqdır. Amma bu zühurun dəqiq vaxtı haqqında məlumat, yalnız Allah Təalanın ixtiyarındadır.
Dostları ilə paylaş: |