Məleyhə əməliyyatı
Aylar ötürdü və biz hələ Məleyhə əməliyyatı ilə məşğul idik. Əbu Hamid zirehli texnika təlimlərindən ötrü Xudabəxş Xavəri adlı istedadlı bir döyüşçünü Dəməşqə göndərmişdi. O, Məleyhədə özünü doğrultdu. Çox şuxtəb və enerjili idi, yanındakıların hamısını mənəvi enerji ilə təmin elədiyinə görə Əli Şarji kimi məşhurlaşdı. Sakit bir yerə gedəndə bir neçə dəqiqədən sonra oradan gülüş səsləri ucalırdı. Çox cəsur oğlan idi və cəsurluğu ağıllılıqdan, zirəklikdən irəli gəlirdi.
Məleyhə əməliyyat zonası hündür binalarla və küçələrlə dolu idi, tankların çox da manevr imkanı olmurdu. Suriyanın tank sürücüləri küçələrə girməyə qorxurdular. Ancaq Əli Şarji məharətlə küçəyə girib bir neçə dəfə atəş açır, sonra cəld başqa bir küçəyə girirdi. Bir dəfə içində on beş silahlı olan bir evə o qədər yaxınlaşmışdı ki, topun lüləsini pəncərədən içəri salıb atəş açmışdı.
Qulamsəxi də artilleriya birləşməsində işə başlamışdı. Uzaq məsafəni vuran 23 mm çaplı top çox ağırdır. Onu maşınlara qoyub istifadə edirlər. Bundan ötrü səkkiz silinidrli Amerika maşınlarına qədər müxtəlif nəqliyyatlar sınaqdan keçirildi. Amma top o qədər qüdrətli idi ki, atəş açanda güclü təkanı maşınların gövdə və şassilərinə xəsarət yetirirdi. Nəhayət, bu sınaqdan Toyota Land Cruiser pikapı başıuca çıxdı.
Qulamsəxi əşya xidmətinə gələndə Hələbdə geyindiyi forma hələ də əynindəydi. Halbuki yeni forma ala bilərdi. Mənimlə hal-əhval tutub deyirdi: “Daha özünə görə rəis olmusan ha!”
Bir neçə günlüyə məzuniyyətə getmişdim. Qayıdanda onun şəhid olduğunu eşitdim. Təəccüblənmədim. Hamımız bu xəbəri gözləyirdik. Buna baxmayaraq, bir neçə gün halım çox pis oldu. Döyüş yoldaşlarından onun necə şəhid olduğunu soruşdum. Məleyhə əməliyyatında 23 mm çaplı topdan atəş açırmış. Ona doğru iki tank əleyhinə raket atıblar. Birini topla vurub, amma ikincisi maşına dəyib və Qulamsəxi yerindəcə şəhadətə qovuşub.
Dostları ilə paylaş: |