Fatimiyyun briqadasının yaradılması
Əbu Hamid məzuniyyətdə olanda xəbər gəldi ki, Həzrət Zeynəb qərargahının komandiri dəyişib. Uşaqlarla birlikdə dua məclisində oturmuşduq. Yeni komandir ətrafındakılarla birgə hüseyniyyəyə girdi. Məclisdən sonra yeni qərargah komandiri yanındakıların birini Fatimiyyun komandiri kimi təqdim etdi. Biz təəccüblə bir-birimizə baxdıq. Elan etdilər ki, Əbu Hamid Fatimiyyun komandirliyindən kənarlaşdırılıb.
Uşaqlar arasında pıçapıç başlandı, hamımız etiraz etdik. Məleyhə əməliyyatında yenicə yaralanmış Fateh sarılmış qolu boynundan asılı vəziyyətdə yerindən qalxıb dedi: “Məgər belə şey olar?! Siz nə haqla bunu etmisiz?!”
Komandir Fatehi sakitləşdirməyə çalışdı, soyuqqanlılıqla və mülayim şəkildə dedi: “Yaxşı olar ki, gedək bayıra, təklikdə danışaq”.
Fateh dərhal, “Sizinlə təklikdə heç bir söhbətim yoxdur” – deyib hüseyniyyədən çıxdı.
Hər şey təbii görünürdü; Zeynəbiyyun, Heydəriyyun, hətta Vətən müdafiəçiləri hərbi birləşməsinin komandiri də iranlı, İran-İraq müharibəsinin veteranlarından biri idi. Yeni qərargah rəisi fikirləşmişdi ki, razılaşdırmalarda problem yaranmasın deyə yaxşı olar ki, Fatimiyyun komandiri də iranlı veteranlardan olsun. Buna görə Əbu Hamidi kənarlaşdırmaq qərarına gəlmişdi.
Fateh nadir hallarda hirslənərdi. Bəzən hirslənəndə də məşhur təbəssümü üzündən getmirdi. Şəxsi heyətindən bir nəfər tabesizlik göstərdiyinə görə bölgədən uzaqlaşdırılanda, hətta əmrə tabe olmayıb əməliyyat komandiri Fatehə silah tuşlayanda da gülümsəmişdi. Onda Fatehin rəftarı çox qəribə idi. Məlum idi ki, hirslidir. Çünki həmin döyüşçünün qayda pozuntularını dəfələrlə ona izah edirdi, onunsa vecinə deyildi. Buna baxmayaraq, üzündən təbəssüm əskilmirdi, yaxınlaşıb həmin döyüşçünü sakitləşdirməyə və xoşluqla bölgədən çıxarmağa çalışırdı.
Bu dəfə isə nə gülür, nə də təbəssüm edirdi. Həmin axşam Əbu Hamidlə əlaqə saxlayıb məsələni söylədi. Əbu Hamid dedi: “Siz müdaxilə etməyin, həmişəki kimi, vəzifələrinizi yerinə yetirin. Mən özüm qayıdıb məşğul olacam”.
Əbu Hamid barədə hər gün bir şayiə yayılırdı. Deyilirdi ki, guya onun Dəməşqə gəlməsinə icazə verilmir, yaxud həbs olunub və s. Yavaş-yavaş onun Fatimiyyun barədə planlarından da məyus olmağa başlayırdıq. Fateh daha bu vəziyyətə dözə bilmirdi, uşaqlara deyirdi ki, bir neçə gün heç bir iş görməyin, tətil edin. Nəhayət, xəbər gəldi ki, qərargahın xüsusi idarə rəisi Fatehi axtarır, onu yaralanma bəhanəsi ilə İrana qaytarmaq istəyir. Mən onu Müəllim adlı dostlarımızdan birinə tapşırdım. Əşya xidmətinin maşınlarından birini Müəllimə verib dedim ki, Fatehi bir müddət nə mənim, nə də başqa birinin bildiyi bir yerə aparsın. Müəllim də onu Zeynəbiyyəyə bir dostumuzun evinə aparmışdı.
Fatimiyyunun yeni komandirinin birinci müavini müxtəlif bölmə və xidmətlərə baş çəkməyə başlamışdı. Mən onun əşya və ərzaq xidmətinə müdaxilələrindən bezmişdim. Hətta anbarda əşyaların düzülüşünə də irad bildirirdi. Halbuki Əbu Hamid belə deyildi. O, işləri məsul şəxsinə tapşırır, ondan ancaq məruzə və şəxsi heyətin razılığını istəyirdi. Axırda səbrim tükəndi, uşaqların ikisinə dedim ki, komandir müavininin söylədiklərini etsinlər, özüm isə səhərdən axşama qədər düşərgədən bayırdakı işlərlə məşğul oldum.
Nəhayət, Əbu Hamid qayıtdı. Hamımız onu dövrəyə alıb dedik: “Nə əmr etsən, hazırıq. İstəyirsənsə, hamımız tətil edək”. Gülüb dedi: “Bu işlərə ehtiyac yoxdur”. Bizimlə bir qədər danışdı və həmişəki kimi bir neçə beyt şeir oxudu:
Dostları ilə paylaş: |