On beşinci fəsil Həndərat-2 əməliyyatı
Mən məzuniyyətdən qayıdanda Həndərat-2 əməliyyatı bitmişdi. Düşmən bu əməliyyatda da geniş bir düzənlikdə 14,5 mm çaplı topla uşaqlarımızın arxasındakı yolu vururmuş və onlar 24 saat mühasirədə qalmışdılar. Seyid İbrahim baldırından ağır yaralanmışdı. Əli Şarjinin qarnına üç güllə dəymişdi, onu İrana aparmışdılar. O, doqquz aydan sonra həmin yaralardan şəhadətə qovuşdu. Seyid İshaq Musəvi adlı başqa bir dostum da vardı, bölük komandiri idi, şəxsi heyəti ilə birgə bir evdə mühasirəyə düşmüşdü. O, uşaqlarını BMP-yə mindirib geri göndərə bilmişdi. Özü minəndə isə arxadan vurub şəhid etmişdilər.
Şəhidlərin sayı çox idi, Fatimiyyunun düşərgəsində ağır ab-hava vardı. Orada olmadığım iki həftənin üzücü xəbərləri əsəblərimi korlayırdı.
Bir gün Əbu Hamid şəxsi heyət önündə çıxış etməyə başlayanda uşaqların bir neçəsi qalxıb şikayətlənməyə başladı: “Hamınız yalan deyirsiz. Həndəratda bizə demişdilər ki, artilleriya vuracaq, tanklar, zirehli maşınlar gələcək. Ancaq heç biri olmadı və dostlarımız şəhid oldular”.
Əbu Hamid hirslənmədi, uşaqların ürəklərini boşaltmasına, etirazlarını bildirməsinə imkan yaratdı. Sonra soyuqqanlılıqla əməliyyatda baş verənləri izah etdi, hətta lövhə üzərində mövqeyi və vəziyyəti təsvir etdi. Adətən, komandir şəxsi heyətə açıqlama verməzdi, amma o, döyüşçülərinin narazılığına biganə qala bilmirdi.
Həndərat əməliyyatlarında düşmən bizi gözləyirdi, gözlənildiyinin əksinə olaraq, düşməni qəfil yaxalaya bilmədik. Düşərgəmiz şəhərdə, əhalinin yanında idi. Avtobuslar şəxsi heyəti aparıb-gətirəndə yalnız bir nəfərin bu hərəkətliliyi telefonla düşmənə bildirməsi kifayət edirdi. Bizim hansı kəndə hücum etdiyimizi bilmədiklərinə görə silahlılarını bölgəyə yayır, hər yerə həyəcan siqnalı verirdilər. Əksər hallarda irəliləməyimizə imkan yaradır, sonra arxadan qayçılayıb mühasirəyə alırdılar.
Dostları ilə paylaş: |