On altıncı fəsil
Daniyal adlı bir döyüşçü vardı, atası əfqanlı, anası iranlı idi. O, üzündən anasına çəkmişdi. Buna görə xüsusi idarə həmişə onu saxlayır, o da pasportunu göstərirdi.
O, Fatimiyyunun qərargah üzrə məsul şəxsi idi. Bir dəfə mənə dedi: “Əbu Hamid özünə köməkçi istəyir: səhər tezdən oyanan, savadlı, sürücülüyü bacaran və siqaret çəkməyən bir adam. Biz bu işdən ötrü səni seçmişik”.
Onda Əbu Hamiddən çəkinirdim. Buna görə qəbul etdim. Onun yanına gedib dedim: “Mən indiyədək komandir köməkçisi olmamışam. İndi nə etməliyəm?” Əbu Hamid gülüb dedi: “Mənim də indiyə qədər köməkçim olmayıb. Bu da belə!”
İşə başlayanda dostlarım gəlib məni ələ salır, deyirdilər: “Şəstlə de ki, cənab rəis iclasdadır”. Mən də gülə-gülə stolun arxasından qalxıb onları qabağıma qatırdım.
Qış gəlmişdi. Əbu Hamidi hər gün döyüş yerinə aparırdım. O məndən tez oyanırdı. Bəzən sübh çağı gəlib məni oyadır, deyirdi: “Bilmirəm sən mənim köməkçimsən, yoxsa mən sənin köməkçin!”
Dəməşqdən Dəra vilayətindəki döyüş yerinə qədər iki saatlıq yol vardı. Əbu Hamid həmişə deyirdi ki, döyüş yerindəki uşaqların yanında olmaq çox gözəldir. Hamı istəyirdi ki, bir neçə dəqiqəliyə olsa da, Əbu Hamidlə söhbətləşsin. O, çox yaxşı həmsöhbət idi, şeir oxumaqda və lətifə söyləməkdə heç kim ona çatmazdı. Hövzə dərsləri oxuduğuna görə vaiz ruhanilər gülüb deyirdilər: “Biz Əbu Hamidin şirin dili ilə rəqabət aparmaq istəsək, gərək bir neçə nəfər birlikdə ona hücum edək. Tək-tək öhdəsindən gələ bilmərik”.
Dostları ilə paylaş: |