İŞİD-lə üz-üzə


İkinci fəsil Əfqanıstan ordusu



Yüklə 346,24 Kb.
səhifə4/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   2   3   4   5   6   7   8   9   ...   55

İkinci fəsil

Əfqanıstan ordusu


Əfqanıstanda bir məsəl var, deyirlər ki, eşşəyə minmək bir ayıbdır, ondan düşmək də başqa bir ayıb. Mənim Əfqanıstandakı halım da eynilə belə idi.

2004-cü ilin yayında birbaş Kabilə getdim. Birinci işim atamın köhnə pasportu əsasında özümə Əfqanıstan pasportu almaq oldu. Yeni pasporta yiyələndim, amma bir şey dəyişmədi, gözləntilərimlə rastlaşmadım. Mən Əfqanıstan əhalisinin bir qismi ilə eyni soydan idim, ancaq çox keçmədən başa düşdüm ki, buraya da aid deyiləm. Məşhəddə doğulmuş, 20 ilə yaxın İranda yaşamışdım, əfqanıstanlılarla böyük fərqlərim vardı. Nə qədər axtarırdımsa, onlarla öz aramda az oxşarlıq tapa bilirdim; dil və ləhcədən tutmuş mədəniyyət, əxlaq və adət-ənənələrə qədər. Güclü depressiyaya düşdüm. Elə birinci ayda Əfqanıstana getdiyimə peşman oldum. Ancaq o qədər israr və iddiadan sonra İrana dönüb valideynlərimin üzünə baxmağa utanırdım.

Bir müddətdən sonra özümü toparladım. Uşaqlıqdan silahı, hərbi sahəni çox sevirdim, rəsm dərslərində ancaq tüfəng və tank şəkilləri çəkirdim. Müəllimim həmişə deyirdi ki, sən başqa bir şey çəkə bilmirsən? İrandakı müdafiə hazırlığı dərsi də yadıma düşdü. Ancaq əfqanıstanlı olduğumuza görə mənə və dostlarıma silahdan istifadə etməyə icazə verməmişdilər.

Qərara gəldim ki, Əfqanıstan Milli Ordusunda işə düzəlim. Üçillik bir müqavilə əsasında çavuş rütbəsilə bölüyün təminat xidmətinin rəisi vəzifəsində xidmətə başladım.

Dəri farscası ilə danışa bilmədiyimə görə Əfqanıstan ordusunda dəfələrlə məsxərə olundum. Əfqanıstanda Məşhədə ziyarətə gedənlərə “zəvvar” deyirdilər. Orada məni məsxərə olaraq, “iranlı” və ya “zəvvarək” (balaca zəvvar) deyə çağırırdılar. Ancaq mən bu yellərdən titrəyən dağ deyildim. Dil öyrənmə istedadım yaxşı olduğuna görə tez bir zamanda dəri farscası ilə, hətta yerli ləhcəylə danışmağı bacardım.

Orduda həzara, puştu, özbək və tacik kimi bütün soylardan adam vardı, çoxu da sünni idi. Bəzi dostlarım deyirdilər ki, burada şiə olduğunu gizlətsən, yaxşı olar. Ancaq mən razılaşmadım, dedim ki, inşallah, problem yaranmaz.

Azan veriləndə bütün əsgərlər namaza toplaşırdılar. Bir gün dostumla cibimizdən möhür çıxarıb namaza dayandıq. Namazı bitirəndən sonra gördük ki, əsgərlər bizi dövrəyə alıb heyrətlə bir-birinə göstərir, deyirlər: “Bunlar müşrikdirlər!”

Buna baxmayaraq, hamımız bir yerdə qalırdıq, heç vaxt aramızda problem yaranmırdı. Kimsə şiə-sünni mübahisəsi salmaq istəyəndə də digərləri mane olurdular. Puştunlar bizim də Quran oxuduğumuzu görəndə təəccüblənirdilər, şiələrə qarşı fikirləri dəyişirdi. Bir dəfə puştun dostlarımdan biri məni evinə dəvət etdi. Talibandan olduqlarına görə bəziləri məsləhət görürdülər ki, onların kəndinə getməyim. Lakin mən getdim və çox səmimi qarşılandım.

Məni məyus edən və Əfqanıstan ordusu ilə müqaviləmi uzatmağa mane olan amil oradakı əxlaqi problemlər idi. Təəssüf ki, əsgərlər üçün tərbiyəvi-əxlaqi bölmə nəzərdə tutulmamışdı, hərbi hissədə çox intizamsızlıq və əxlaqsızlıq görünürdü. Əsgərlər əvvəldə namaza qarşı çox ciddi olur, gündə beş dəfə vacib və müstəhəb namazlar qılır, get-gedə isə həvəsdən düşürdülər. Hərbi hissədə spirtli içkilər, qumar və əxlaqsız filmlər azad idi. Əfqanıstanlı əsgərlər amerikalı hərbçilərdən bir qutu film və jurnal alıb tamaşa edirdilər.

Orduya amerikalılar hərbi təlim keçirdilər. Bir amerikalı çavuşun bizim generalımıza hərbi salam vermədiyini, hətta əmr verdiyini görəndə çox narahat olurdum. Bu isə orada adi bir şey idi.

Düzdür, amerikalı əsgər və komandirlər bizim mədəniyyətimizə hörmət etməyə çalışırdılar. Məsələn, ramazan ayında günorta azanından iftara qədər hərbi təlimi dayandırırdılar. Bir dəfə otağımda namaz qılırdım. Hiss elədim ki, amerikalı bir əsgər qapının önündə dayanıb, içəri girməyə tərəddüd edir. Elə bilirdi ki, içəri girsə, müqəddəs ayinə hörmətsizlik etmiş olar.

Mən ərzaq xitmətinə başçılıq edirdim. Təzə çörək yeyək deyə Kabildən bir təndir almışdım. Bir dəfə amerikalı komandirlərin biri məndən bir parça təzə çörək alıb yedi, çox xoşu gəldi, amma qalanını yerə atdı. Ona başa saldım ki, bizim mədəniyyətimizdə çörək müqəddəsdir, onu heç vaxt yerə atmırıq. Soruşdu ki, bəs nə edirsiz? Dedim ki, onu hündür bir yerə qoyuruq. Bu söhbətdən sonra onun əlində çörək hündür bir yer axtardığını dəfələrlə görmüşəm.

Üç ildən sonra müqaviləmi uzatmadım. Atamın dəstəyi ilə İranda ingilis dili kurslarına gedib bu dili tam öyrəndim. Əfqanıstan ordusunda amerikalılarla da çox ünsiyyət qurub ləhcələrini mənimsəyə bilmişdim. Bu dəfə birillik müqavilə bağlayıb orduda tərcüməçi kimi fəaliyyətə başladım.



Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin