Hələbin Buhus düşərgəsi
Mən Hələbə çatanda Tədmur azad edilmişdi. Fatimiyyun qüvvələri Hələb şəhərində Buhus düşərgəsinə yerləşmişdilər. 2015-ci ilin payızında, təxminən mənim Hələbə getdiyim zaman müqavimət cəbhəsi Hələbdə çoxlu kəndləri azad etmişdi; o cümlədən Xantuman, əl-Hazir, əl-Eys, Zeytan, Sabiqiyyə, Xəlsə və Həmrə kəndlərini. Beləliklə, Hələb şəhərinin böyük bir bölgəsi üçün təhlükəsiz zona yaranmışdı. Mən uşaqların biri ilə azad edilmiş kəndlərdən əl-Hazirə getdim. Kəndin bir hissəsində çox qələbəlik vardı. Yaxınlaşanda gördüm ki, uşaqlar bir pikapın başına toplaşıblar. Hacı Qasim maşının arxasında dayanıb uşaqlarla söhbət edirdi. Qaça-qaça özümü onlara yetirdim. Həmin gün hamımız üçün yaddaqalan bir gün oldu.
Xantumandan Fuə və Kəfəriya kəndlərinə qədər təxminən 40 km məsafə vardı. Bu iki kənd mühasirədə idi. Onları azad etmək üçün daha çox birliyə ehtiyac vardı. Suriya ordusu Laziqiyyədən hücuma keçməli idi, biz başqa səmtdən. Fuə və Kəfəriya kəndlərinin mühasirəsi Nübl və əl-Zəhranın mühasirəsindən də çətin idi. Çünki orada heç olmasa, kürdlərə doğru bir yol vardı, Fuə və Kəfəriya isə tam şəkildə mühasirədə idi. Camaata helikopterlə qida məhsulları atılırdı. Amma çox təhlükəli idi, çünki helikopteri asanlıqla vururdular. Suriya ordusu bu iki kəndin azadlığından daşındı və elan etdi ki, Dəməşqdə vuruşduğuna görə bunlar prioritet deyil. Biz də qərara gəldik ki, azad etdiyimiz kəndləri saxlayaq.
Qərara gəlmişdilər ki, Hələb şəhərinin Buhus düşərgəsi Fatimiyyun qüvvələrinin mərkəzi maddi-texniki bazası olsun. Qərargah komandiri bu düşərgəni yenidən qurmağı mənə tapşırdı. Ərəblər Buhus düşərgəsinin böyük binasına qəsr deyirdilər. İkimərtəbəli idi, çoxlu otaqları vardı, təxminən 600 nəfəri yerləşdirə bilərdik. Ancaq təxminən yarıuçmuş halda idi, hər otağın tavan, pəncərə və ya divarlarında bir nöqsan vardı. “Bismillah” deyib təmirə başladıq.
Buhus düşərgəsinin komandiri “Əbu Kumeyl” çağırdığımız iranlı müharibə veteranı idi. İmanlı və başadüşən adam idi. Hərbi sistemdə deyirlər ki, siz rəisinizi sevməyə məcbur deyilsiz, amma ona hörmət etməyə məcbursuz. Ancaq aşağı rütbələrdən yüksək vəzifələrə qədər hamı Əbu Kumeyli çox sevir, ona ürəkdən hörmət edirdi. Bir neçə il idi təqaüd zamanı gəlmişdi, amma hər il təxirə salırdı.
Əşya və ərzaq xidmətinin uşaqları gecəyə qədər işlədiklərinə görə Əbu Kumeyl onlara səhər proqramlarına qatılmamağa icazə vermişdi. O, Buhus düşərgəsinin komandiri olduğu müddətdə yalnız bir dəfə anbarlara baş çəkib tövsiyələrini verdi, sonra da təkidlə dedi: “Mən sizin işlərinizə müdaxilə etmək istəmirəm. İşi sizə tapşırmışam, gözləyirəm ki, şəxsi heyət sizdən razılıq etsin”. Tabeliyində olanlara belə etimadı mənə Əbu Hamidi xatırladırdı. Mən də problemləri aradan qaldırmaq üçün mümkün olduqca onu narahat etmirdim. Yalnız Hələb-Dəməşq magistralı düşmən tərəfindən bağlananda və sobalara dizel tapmayanda vəziyyəti söylədim, o da Dəməşqdən yanacaq təmin etdi.
Dostları ilə paylaş: |