İyirmi səkkizinci fəsil Tədmur şəhərinin işğalı
Rauf Fatimiyyun briqadalarının biri ilə Tədmurda olanda bu şəhərin qəfil işğal məsələsi qarşıya çıxır. O, Əbu Hamidlə birgə Əfqanıstanda Məhəmməd (s) ordusunda vuruşmuş, bir müddətdən sonra Əfqanıstan ordusunda mayor kimi xidmət etmişdi. Fatimiyyunda isə İmam Həsən (ə) briqadasının komandiri idi.
Tədmurdan Deyr əl-zur vilayətinə və İraq ərazisinə doğru bir tranzit yolu çəkilmişdir. Deyr əl-zur şəhəri o zaman İŞİD-in mühasirəsində idi. Onlar bu şəhəri heç vaxt tam şəkildə ələ keçirə bilmədilər, əksər hissəsi və hava limanı həmişə Suriya ordusunda qaldı. İŞİD şəhərin bir hissəsini mühasirəyə almışdı, ancaq əhalinin müqavimətinə görə işğal edə bilmirdi. Suriya ordusu ərzağı və digər əşyaları helikopterlə şəhərə töküb xalqa çatdırırdı.
Əl-Məyadin şəhəri də İŞİD-in mühüm şəhərlərindən idi, onun iqtisadi paytaxtı sayılırdı. Ondan sonra Bukamal şəhəri gəlir, daha sonra İŞİD-in nəzarət etdiyi ərazilər İraqın Mosul şəhərinə qədər davam edirdi. O zaman Riqqə şəhəri də İŞİD-in əlində idi və kürdlər onlarla vuruşurdular.
Deyr əl-zurla Tədmurun arasında Süxnə adlı kiçik bir şəhər vardı, Tədmurdan 70 km aralıda yerləşirdi və Suriya ordusunun nəzarətində idi. İŞİD ildırım sürətli hücumla Suriya ordusunu geri qovub bu şəhəri işğal etdi. Bu hadisədən sonra Tədmur şəhərindəki canlı qüvvə təşvişə düşdü. Ruslar İŞİD-in hücumundan qabaq geri çəkildilər. Şəhərdə onların böyük silah anbarları vardı, geri aparmağa macal olmadığına görə partlatdılar. Bu partlayışlar müqavimət cəbhəsi və Suriya ordusu ilə razılaşdırmadan baş verdi, döyüşçülər elə bildilər ki, İŞİD şəhərdə intihar hücumlarına başlayıb. Bundan sonra Suriya ordusu da geri çəkildi. Ertəsi gün İŞİD bir neçə pikapla və piyada qüvvələrlə şəhərə hücum etdi. Canlı qüvvə ruhdan düşdüyünə görə güclü müqavimət göstərilmədi. Rusların və suriyalıların geri çəkilməkdə olduğuna görə Fatimiyyun uşaqları da qalıb mühasirəyə düşməyi uyğun görmədilər, bir yolla özlərini T4 aerodromuna yetirdilər. Rauf o gərgin vəziyyətdə nə qədər etmişdisə, piyada batalyonunu Biyaratda qalıb bir müdafiə mövqeyi qurmağa razı sala bilməmişdi. Bütün döyüşçülər avtobuslara minmiş, sürücüləri Dəməşqə sürməyə məcbur etmişdilər.
Tədmur şəhəri işğal olundu, İŞİD geri çəkilə bilməmiş döyüşçüləri və müxalif əhalini qətliam etdi, görüntülərini internetdə yaydı. Fatimiyyun uşaqlarından bir neçəsi evlərdə gizlənmişdi. Ertəsi günə qədər onlarla telefon əlaqəsi saxlayırdıq. Sonra isə əlaqəmiz kəsildi, hətta şəhid olduqlarını da öyrənə bilmədik.
Həmin günlərdə döyüş yoldaşlarımdan birinin şəhadət xəbərini eşitdim. Dəyərli ruhani olan Seyid Məhəmmədmehdi Haşiminejad bir müddət kəşfiyyatda xidmət etmiş, sonra Fatimiyyunun tribunal hakimi olmuşdu. O, Büsr əl-hərir əməliyyatından sonra İrana qayıdıb təhsilini davam etdirmək qərarına gəlmişdi. Gedəndə elə getmişdi ki, sanki bir də qayıtmayacaq. Ancaq bir il ötmədən qayıtdı. Qəribə mənəvi halı vardı, sanki özündə deyildi. Uşaqlar onu tanıyıb komandirlərə qayıtdığını söyləmişdilər. Onu tapıb bölmələrin birinə rəhbər təyin etmək istəyəndə isə piyada qüvvələrdən ayrılmağa razılıq verməmiş, əməliyyat gününə qədər adi döyüşçülərin yanında qalmağı üstün tutmuşdu. Seyid Həkim israr etmişdi ki, siz mədəni-tərbiyəvi işlər üzrə rəis olmalısız. O isə qəbul etməmiş, demişdi ki, bu dəfə piyada batalyonda vuruşmağa gəlmişəm. O, əməliyyat zamanı batalyonla birgə Tədmura getmişdi. Əməliyyat komandiri orada Seyid Həkimlə birgə onu qarşılayıb demişdi: “Məgər sən döyüş yerində olmaq istəmirsən?! Gəl, kəşfiyyat bölmələrindən birinə başçılıq elə, piyada qüvvələrin də getmədiyi yerlərə get”. Ağa Haşiminejad yenə qəbul etməmişdi. Onlar demişdilər ki, başqa yolun yoxdur, komandirin əmrinə tabe olmalısan. O da bir müddət fikrə getmiş, sonra on gün möhlət istəyib demişdi: “On gündən sonra hara desəniz, gedəcəm”. Seyid Həkim də bundan artıq israr etməmişdi.
Sonralar fikirləşəndə təxmin edirdik ki, Haşiminejad bəlkə də yuxuda şəhid olacağını görüb birdən-birə, özü də belə bir şəkildə qayıtmışdı. O, İŞİD-in Tədmur yüksəkliklərinə ardıcıl hücumlarından birində beş nəfərlə birgə şəhadətə qovuşdu. Sonralar həmin yüksəklikləri ələ keçirəndə dörd şəhidin cəsədini tapdıq, amma ondan əsər-əlamət tapılmadı.
Şəhərin işğalından sonra qərara gəldilər ki, Biyarat bölgəsi qorunsun. Bu məqsədlə Salehinin komandirlik etdiyi yeni bir briqada Dəməşqdən Biyarata göndərildi.
Dostları ilə paylaş: |