İŞİD-lə üz-üzə


Otuzuncu fəsil Təll-əl-İmarə əməliyyatı



Yüklə 346,24 Kb.
səhifə39/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

Otuzuncu fəsil

Təll-əl-İmarə əməliyyatı


İmam Həsən (ə) briqadasının komandiri Seyid Əli məni briqadanın qərargah rəisi təyin etdi. Əksər iclaslarda onunla birlikdə iştirak edirdim. Təll-əl-İmarə əməliyyat iclasında qərara alındı ki, müqavimət cəbhəsi Hələb vilayətindəki bu təpəni almaq üçün səkkizinci cəhdini etsin; Heydəriyyun Qərasi kəndinə hücum etsin, İmam Həsən (ə) briqadası da eyni zamanda əl-İmarə təpəsində əməliyyata başlasın.

Əməliyyat günü dostlarımdan Məhəmməd-baqirlə birlikdə hücum nöqtəsinə gedib vəziyyəti araşdırdıq. Oradan əl-İmarə təpəsinə qədər 1 km yol vardı. Piyada qüvvələr təpənin başına çıxmışdılar, BMP və maşınlar isə yuxarı qalxa bilmirdilər, düşmənin onları vurma ehtimalı çox yüksək idi.

Məhəmmədbaqirlə birlikdə əyilə-əyilə təpəyə qalxdıq. Səs-küy olduqca çox idi. Uşaqlar oradakı pərakəndə evlərin içində və arxasında mövqe seçmişdilər. Bizə hər tərəfdən atəş açılırdı. Hiss etdim ki, oradakı döyüşçülər bir qədər yorğundurlar. Uşaqların arasında nə qədər gəzdimsə, batalyon komandirini tapmadım. Onun cəsur bir müavini vardı. Ondan soruşdum ki, batalyon komandiri hardadır? “Hücum nöqtəsindədir” – deyib yenə atəş açmağa başladı. Onu saxlayıb dedim: “Niyə oraya atəş açırsan?” Dedi: “Məgər onları görmürsən?! Düşmənlərdir”.

Halbuki bizim sol tərəfimizdə Qərasi kəndi yerləşirdi və Heydəriyyun oranı tutmuşdu. Onda bildim ki, batalyon komandiri müavinini əməliyyat bölgəsinin vəziyyəti barədə məlumatlandırmayıb. İclaslarda deyilənləri başa salıb ondan uzaqlaşdım.

Beş nəfərlə birlikdə bir evə girib düşmənin çox yaxındakı torpaq istehkamına atəş açmağa başladıq. Bir müddətdən sonra bildim ki, o evdə qalmaq düzgün deyil, çünki düşmən hər an minaatanla vura bilər. Qapıdan da çıxa bilmirdik, düşmən pulemyotu imkan vermirdi. Uşaqların biri stulun üstünə çıxıb hündür pəncərəyə yaxınlaşdı. Silahının lüləsini çərçivəyə qoyub dayanmadan atəş açmağa başladı. Düşmənin diqqətinin bu atəşlərə yönəldiyi qısa müddətdə evdən çıxıb bir qədər geridə başqa bir evə girdik. Dərhal biz atəş açdıq və o da imkan tapıb evdən çıxdı.

Hər an evə doğru top mərmisinin atılacağını gözləyirdim, amma bu, baş vermədi. Bildim ki, təpənin başındakı düşmən qüvvələrinin ağır silahı yoxdur; olsaydı, o ana qədər dəfələrlə istifadə etmişdilər. Batalyonun komandir müavininə dedim ki, nə qədər gec deyil, ratsiyadan tank və ya pikap göndərmələrini istə. Çünki düşmən bizim ağır silahımızın olduğunu görsə, qorxacaqdı və biz istehkamlarını asanlıqla ələ keçirəcəkdik.

Bir müddətdən sonra suriyalı bir sürücünün idarə etdiyi tank təpəyə çıxdı, ancaq birinci evin arxasında dayandı, ondan irəli getmədi. Nə qədər yalvardım, hətta silah qaldırdımsa, irəli gedib özünü göstərmədi. İstəyirdim ki, getsin, döyüşçülər də dərhal arxasınca irəliləsinlər. Ancaq pulemyot və avtomat səsi bir an da dayanmır, hamını çox qorxudurdu.

Bu zaman öz döyüşçülərimizin idarə etdiyi və 106 mm çaplı topun yükləndiyi bir pikap təpəyə qalxdı, ancaq hələ bizə çatmamış düşmən mərmisinə tuş gəlib vahiməli gurultu qopardı. Tez özümüzü yetirdik. Maşın yanırdı. O şəraitdə kədərlənməyə imkan yox idi. Qatı tüstü arasında maşındakı üç nəfərin cəsədini toplayıb başqa bir maşınla geri göndərdik.

Bu hadisədən sonra uşaqlar çox ruhdan düşdülər. Axırıncı evin düşmən istehkamı ilə 10 metr məsafəsi vardı. Uşaqlar yavaş-yavaş oradan və digər evlərdən geri çəkildilər. Batalyon komandirinin müavini nə edirdisə, uşaqları toplaya bilmirdi. Axırda onlara dedi ki, evlərdə nə qədər sursat varsa, geri aparsınlar. Mən də o tərəf-bu tərəfə qaçır, qışqırıb deyirdim ki, bir yerə toplaşmayın, evlərə girməyin, ətrafa səpələnin. Axırda bir nəfər qarşımda dayanıb qışqırdı: “Sən kimsən axı?” Haqlı idi. Mən komandirləri deyildim və şəxsi heyətin vəzifəsi komandirin əmrinə tabe olmaqdır.

Bütün sursatı bir BMP-yə yüklədik. Yer doluncaya qədər uşaqlar da mindilər. Düz hərəkət zamanında sürücü qeyb oldu. Gördüm ki, piyada qayıdır. Ardınca qaçıb dedim ki, gəl BMP-ni də apar. Nə etdimsə, razılaşmadı, deyirdi ki, təhlükəlidir, piyada getmək daha yaxşıdır. Halbuki dəstək xidmətinin uşaqlarından biri həmin təhlükəli yolu Hilux avtomobili ilə gedib-gəlir, yaralıları daşıyırdı.

BMP-nin yanına qayıdıb ucadan dedim: “Bunu heç kim sürə bilmir?” Hamı bir-birinə baxdı. Bu zaman aralarından bir nəfər çıxıb dedi ki, mən gedirəm. Hamı bu cümləni gözləyirmiş kimi onun arxasınca yola düşdü. Təxminən hamı qayıtdı. Komandir müavini evlərin arasında qalmışdı; bir neçə nəfərlə birlikdə son güllələrini atırdı. Onlar da yavaş-yavaş geri çəkildilər. Biz təpədən enəndə düşmən silahlıları evlərin damından bizə atəş açırdılar. Yolda sığınacaq yox idi, bacardığımız qədər ziqzaq şəklində qaçırdıq. Güllələr vıyıldaya-vıyıldaya yan-yörəmizdən keçirdi, hər an birimizin vurulacağını gözləyirdik.

Təxminən 1 km qaçandan sonra hücum nöqtəsindəki torpaq istehkamımıza çatdıq. Təmiz paltarda və arxayın şəkildə dayanmış ilk adamı görəndə çox hirsləndim, yaxasından yapışıb qışqırdım: “Siz burda nə edirsiz? Niyə heç biriniz təpəyə çıxmamısız? Əgər uşaqların başı üstə komandir olsaydı, o istehkamı almışdıq”.

Hər kəs deyirdi ki, mənim vəzifəm deyil. Yavaş-yavaş hirsim soyudu, bildim ki, daha iş-işdən keçib. Reallıq bu idi ki, çoxlu komandirlər ilk dəfə idi vəzifəyə təyin edilmişdilər, hələ vəzifələri barədə tam təlimat almamışdılar. Təxminən bütün Fatimiyyun uşaqları iş və təcrübə əsnasında vəzifələrinin nə olduğunu öyrənirdilər. O anda görülməli olan yeganə iş təpənin başında qalmış BMP-ni partlatmaq idi. Onu dərhal raketlə vurdular.

Bu əməliyyatdan sonra Buhus düşərgəsində Sarəllah birləşməsinin bir batalyonu mənə tapşırıldı. Bir müddət şəxsi heyətə təlim keçdim. Təzəlikdə İmam Hüseyn (ə) briqadasının komandiri olmuş Süleyman bir gün müavini Sədaqətlə birgə məni görməyə gəldi. Dedilər ki, səni İmam Hüseyn (ə) briqadasının qərargah rəisi seçmişik. Dedim ki, hələlik burada məşğulam, gələ bilmərəm. Qərara gəldilər ki, özləri Sarəllah birləşməsinin komandiri ilə danışıb mənə icazə alsınlar. O da etiraz etmədi və mən İmam Hüseyn (ə) briqadasının qərargah rəisi oldum.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin