İmam Hüseyn (ə) briqadası
Briqadanın qərargah rəisi idim, amma vəzifələrimin nə olduğunu bilmirdim. Süleyman və onun birinci müavini Sədaqət də bilmirdi. Çoxlu vəzifələr kimi bu vəzifənin də məsuliyyət və səlahiyyətləri bəlli deyildi, özümüz təcrübə əsasında öyrənirdik.
Baxırdım ki, görüm iranlı pasdarlar öz qərargahlarında hansı işləri görürlər. Bildim ki, arxa cəbhə xidməti, kadrlar bölməsi və digər çoxlu bölmələr qərargahın nəzarəti altındadır. Buna görə də, briqadanın müxtəlif sahələrini nizama salmağa çalışdım. Hər kəsin vəzifələrini müəyyən etdim, əməliyyat bölməsi kimi hələ rəisi olmayan bölmələr barədə Süleymana məlumat verdim.
İmam Həsən (ə) briqadasının komandiri Seyid Əli çox səbirli və sakit adam idi, çox gec əsəbiləşərdi. Mülayim əxlaqına görə Fatimiyyunun köhnə və təcrübəli kadrları İmam Həsən (ə) briqadasında xidmət etmək istəyirdilər. Ancaq Süleymanla işləmək asan deyildi. Onun tələbkarlığı və ciddiliyi hələ snayper birləşməsinin komandiri olduğu zamandan Fatimiyyun döyüşçüləri arasında məşhurlaşmışdı. Snayperlərin otağı həmişə digər otaqlardan təmiz və səliqəli olurdu. Süleyman tez-tez əsaslı təmizlik əmri verir, döyüşçülərinə çətin qayda-qanunlar qoyurdu. İndi də həmin tələbkarlığı briqadada icra etmək istəyirdi. Bəziləri razılaşmır, bunu qeyri-mümkün sayırdı. Çünki snayper birləşməsi 25 nəfərdən ibarət idi, briqadada isə 600 döyüşçü vardı, özü də könüllü cihad döyüşçüsü. Çoxları düşünürdü ki, bunların nazıyla oynamaq lazımdır. Ancaq Süleyman öz işini görə bildi.
Birinci addımda otaqlarda siqaret çəkmək qadağan edildi. Bəzən gecə saat 3-də qəfil “Qalx” komandası verib bir-bir otaqlara baş çəkir, balışların altına baxırdı. Siqaret tapılanda qaydanı pozanları palçığın içində uzandırıb irəli sürünməyi əmr edirdi.
Sonra əmr etdi ki, hamı saçını qısaltsın. İlk olaraq, özü bunu etdi. Ondan sonra İmam Hüseyn (ə) briqadasının uşaqları saçlarından tanındılar.
Müxtəlif birləşmələr yaratmaqdan ötrü İmam Həsən (ə) briqadası kimi təcrübəli kadrlarımız yox idi. Bəzən bizə deyirdilər: “Sizin briqadanızda məharətli kadr yoxdur. Əgər əməliyyat olsa, ciddi problemlə üzləşəcəksiz”.
Süleymanla iclas keçirdik, qərara gəldik ki, iranlı kadrlardan istifadə etmək yerinə özümüz kadr yetişdirək. İstedadları tanımaqda Süleymanın xüsusi məharəti vardı. Üç gün bir adamla oturub-durur, onun hansı işə yaradığını bilirdi. Seçilmiş döyüşçülərə qərargahın köməyi ilə təlimlər keçdik və çox tez bir zamanda məqbul səviyyəyə çatdırdıq.
Batalyon komandirləri təcrübəsiz olsalar da, çox enerjili idilər. Onlar üçün gecə-gündüzün fərqi yox idi, yorulmadan saatlarla məşq edirdilər. Axırda onlar da özlərini ideal səviyyəyə çatdıra bildilər.
Bu batalyon komandirlərindən biri 22 yaşlı bir gənc idi. Yorulmaz xarakterlərinə və iri cüssəsinə görə ona “Briqadanın BMP-si” deyirdilər. Seyid İbrahimlə ortaq dostlarımız olan Məhəmməd Möhsüni də bir batalyonun komandiri oldu. O, Seyid İbrahimin şəhadətindən sonra çox narahat olmuşdu. Mən hər bir yolla, zarafat və ciddi söhbətlərlə onu sakitləşdirməyə çalışırdım.
Ən yüksək səviyyəyə çatdırdığımız hərbi birləşmə snayper bölüyü idi. Süleyman briqada komandiri olduğuna görə bütün snayper uşaqlar bu briqadaya gəlmişdilər. Ancaq silah problemləri vardı. Hər 150 atışdan sonra tüfənglərin lüləsi dəyişilməli idi. Süleyman onları yoxlayıb gördü ki, sıradan çıxmışlar. Ancaq yeni silahlar verilmirdi və uşaqlar həmin snayper tüfəngləri ilə idarə etməyə məcbur idilər.
Könüllü piyada qüvvələrdən idman və müqavimət imtahanı aldıq, lazımi təlimlərdən sonra hücumçu bölüyü yaratdıq. Onlar sonrakı əməliyyatlarda yaxşı çıxış etdilər.
İmam Hüseyn (ə) briqadasının düşərgəsi Əzzan təpəsinin yaxınlığında üç quşçuluq fermasından ibarət idi. Tikililəri verilən büdcə həddində təmir etməyə çalışdıq. Qışda istilik problemi yaranırdı. Pəncərələrə sellofan çəkmiş, zalın iki tərəfində generatorla işləyən soba qoymuşduq. Çünki bizə verilən dizel miqdarı kifayət etmirdi. İki qarlı qışı orada keçirdik. İkinci qışda şəxsi heyətə çarpayı da aldıq.
Dostları ilə paylaş: |