Qəriblik
Bərbəzəkli İstanbul hava limanından toz-torpaqlı Kabil hava limanına qədər yolçuluğumuz 4 saat sürdü. Mənsə sıfır nöqtəsinə deyil, mənfi iki nöqtəsinə qayıtmışdım və bu hadisələrin nə üçün baş verdiyini, Allahın nə üçün mənim də Avropaya getməyimə icazə vermədiyini bilmirdim.
On nəfərdən bəziləri ailələri ilə əlaqə saxlayıb dedilər ki, pul göndərin, yenə Türkiyəyə qayıdaq. Mən İrana qayıtmaq istəmirdim. Anamla danışıb dedim ki, Əfqanıstandayam və burada qalacağam. Kabilin şiələr yaşayan Dəşti-Bərçi məhəlləsinə gedib qohumlarımı tapdım. Atamın əmisi oğlunun evinə yerləşdim. Ona “əmi” deyirdik.
Pulum yox idi, tezliklə özümə iş tapmalı idim. Amerikalı və ingilislərin düşərgəsində, Təhlükəsizlik nazirliyində tərcüməçilik imtahanı verdim. Hər yerdə dedilər ki, bir neçə gündən sonra xəbər verəcəyik, amma heç bir xəbər gəlmirdi. Nəhayət, bir dərzi sexində səhərdən axşama qədər işləməyə başladım.
Dörd ay ötdü, qış gəldi. Əfqanıstanda evi qızdırmaq üçün odun və ya kömür sobasından istifadə edirlər. Yanacaq baha olduğuna görə evdə yalnız bir otağı qızdırırlar, hamı orada yatır. Mən əmimin evində naməhrəm olduğuma görə soba olmayan bir otaqda yatırdım. Əmim yoldaşı nə qədər adyal vardısa, mənə vermişdi.
Dərzi sexində də vəziyyət eyni idi. Gödəkcəmin zəncirbəndini boğazıma qədər çəkib başıma papaq qoyur, yun əlcəklə tikiş maşınının arxasında otururdum. Günorta yeməyinə əmimgilə getməyə utanırdım. Bir pors restoran yeməyi 100 rupi edirdi. Restoran sahibinə dedim ki, mənə 50 rupiyə yarım pors yemək versin, ancaq razılaşmadı. Sonra isə get-gedə yumşaldı və bir pors yeməyə məndən 50 rupi almağa başladı. Çox əziyyət çəkirdim. Dövlət tərəfindən tərcüməçilik işinə qəbul olunmağımı gözləyirdim. Onda maddi vəziyyətim çox yaxşılaşardı.
Əfqanıstanın kəskin soyuğu məni işə saldı. Hər şey iyirmi dəqiqə kəsilməyən, sinəmi və boğazımı yandıran öskürəklərdən başlandı. Bir həkimdən o birinə getdim, bir neçə dəfə analiz verdim, müxtəlif iynə-dərmanlar qəbul etdim, ancaq halım nəinki yaxşılaşmadı, günbəgün zəifləyib arıqladım. Bir gün sexdə əl-ayaqlarım o qədər əsdi ki, özümdən getdim. Daha işləyə bilmirdim. İşdən çıxıb əmimə dedim: “Mən bir müddət evdə istirahət etməyə məcburam, bəlkə halım yaxşılaşdı”. Əmim yoldaşı naməhrəm olduğuna görə mənə çox yaxınlaşmırdı, bir kasada yanıma su və parça qoyurdu, özüm parçanı isladıb alnıma qoyurdum ki, hərarətim ensin.
Halım o qədər pisləşmişdi ki, əmimgil məndən ümidlərini üzmüşdülər. Bir gün əmim yoldaşının yandakı otaqdan danışıq səsini eşitdim. Bir-bir Əfqanıstandakı qohumlarımıza zəng vurub deyirdi ki, bu oğlan burada ölür, gəlin aparın. Əfqanıstanlıların inancına görə, evində adam ölməsi çox pis bir şeydir.
O anda qəlbim sındı. Arzu edirdim ki, kaş öz evimizdə anamın yanında olaydım. Ancaq ondan kilometrlərlə uzaqda qərib halda xəstələnmişdim.
Məni bu vəziyyətdən bibim qızı xilas etdi. Yaşı böyük olduğuna görə onu “bibi” çağırırdıq. Dörd oğlu vardı, hamısı Əfqanıstanda yaxşı sahələrdə işləyirdilər. Bibim onlara dedi ki, məni evinə aparsınlar və həkim diaqnoz qoymayınca heç biri işə getməsin.
Qərara gəldik ki, misirli bir həkimə müraciət edək. O qədər arıqlamışdım ki, binanın keşikçisi narkoman olduğumu düşünüb məni içəri buraxmırdı. Axırda analiz kağızlarını görüb razılaşdı. Onun müraciət etdiyim neçənci həkim olduğu yadımdan çıxmışdı, ancaq yaxşı bilirdim ki, daha sağalmağa ümid qalmayıb. Bibim oğlanlarına dedim ki, evə qayıdaq, ömrümün son bir neçə günündə rahat olum. Razılaşmadılar və xoşbəxtlikdən, misirli həkim düzgün diaqnoz qoyub dedi: “Vərəmləmisən”.
Bu xəstəliyin əlamətlərindən biri bəlğəmli öskürəkdir. Ancaq mənim öskürəklərim quru idi. Buna görə heç bir həkim belə bir diaqnoz qoymurdu. Misirli həkim dedi: “Sənin xəstəliyin bəlğəmsiz vərəm növündəndir”.
Xəstəxanada yatdım. Müalicəni davam etdirməyə pul lazım idi. Bibim bütün qohumları evinə toplayıb vəziyyətimi başa saldı. Hamı kömək etdi, müalicə pulum düzəldi. Anamla da danışdılar, xəstələndiyimi söyləmədən dedilər ki, İrana qayıtmağım üçün pul lazımdır. Anam qızıllarını satıb pulunu göndərdi. Sağalmağa başlayanda qohumlarımın biri mənə pasport və viza aldı. Ayağa qalxandan sonra qohumlarımla sağollaşıb təyyarə ilə İrana qayıtdım.
Bir il ötmüşdü. Röyalarımın ardınca getdiyim fəsildə də evə döndüm: 2013-cü ilin yayında. Anam məni görən kimi huşunu itirdi. Hələ tam sağalmamışdım, çox arıq idim. İranda müalicəmi davam etdirdim. Vərəm dərmanı pulsuz idi, altı ay qəbul etdim. Bu müddətdə bir neçə dəfə Əfqanıstandan əlaqə saxlayıb dedilər ki, tərcüməçi işinə qəbul olunmusan, gəlib işə başlaya bilərsən. Və mən bilmirdim ki, gülüm, yoxsa ağlayım!
Dostları ilə paylaş: |