İSİM İsim əsas nitq hissələrindən biri olub əşyaların, canlı və cansız, maddi və mənəvi varlıqların adlarını bildirir: kitab, xalça, su, uşaq, torpaq, xəyal, gözəllik və s. İsimlər kim? nə? bəzən də hara? suallarına cavab olur



Yüklə 111,57 Kb.
tarix24.05.2018
ölçüsü111,57 Kb.
#51159

İSİM

İsim əsas nitq hissələrindən biri olub əşyaların, canlı və cansız, maddi və mənəvi varlıqların adlarını bildirir: kitab, xalça, su, uşaq, torpaq, xəyal, gözəllik və s. İsimlər kim? nə? bəzən də hara? suallarına cavab olur. Məsələn: ata, Lalə (kim?), çiçək,quzu, kələm (nə?), Bakı, Şabran, Göyçay (hara?) və s.



İsmə xas olan əsas xüsusiyyətlər:


  • Konkret və mücərrəd olur.

  • Ümumi və xüsusi olur.

  • Tək, cəm və toplu olur.

  • Hallanır.

  • Mənsubiyyətə görə dəyişir.

  • Şəxsə görə dəyişir.

Konkret və mücərrəd isimlər

İsimlər canlı və cansız varlıqların adlarını bildirir. Konkret isimlər gözlə görülə bilən əşyaların adıdır. Məsələn: su, çiçək, meşə, ev, qələm, quş, yarpaq və s. Mücərrəd isimlər gözlə görülə bilməyən anlayışların adıdır: fikir, arzu, xəyal, kədər, düşüncə və s. Konkret isimlər ümumi və xüsusi olmaqla iki yerə bölünür. Mücərrəd isimlər isə yalnız ümumi isimlərdən ibarətdir: fikir, xəyal, sevgi, gözəllik, dosluq və s.



Ümumi və xüsusi isimlər

Ümumi isimlər müəyyən bir qrupa daxil olan eynicinsli əşyaların ümumi adını bildirir: sinif, qəzet, məktub, səbət, əl, ayaq, sevgi, qəzəb və s. Xüsusi isimlər eynicinsli əşyaları, varlıqları fərqləndirmək, həmin varlığın tək olduğunu bildirmək üçün ümumi isimlərə verilən adlardır: “İşıq” (jurnalı), “Dalğa” (kafesi ), Araz, Аytel, Şəhla və s. Xüsusi isimlərin ilk hərfi böyük yazılır.



Tək və toplu isimlər

Ümumi isimlər kəmiyyətinə görə təkdə və cəmdə olur, bir qismi isə topluluq bildirir. İsimlərin çoxu ayrı-ayrı varlıqların adını ifadə edir və təkdədə olur: еv, qapı, ağac, top, lampa və s.

İsim iki və ya daha artıq əşyanı bildirərsə, o zaman –lar, -lər cəm şəkilçisi qəbul edərək əşyanın “bir”dən artıq olduğunu bildirir: evlər, qapılar, ağaclar, toplar, lampalar və s. Daha çox ümumi isimlər cəmlənir. İsimlərin qarşısında ismin birdən artıq sayını göstərən miqdar sayları işləndikdə isimlər cəmlənmir: 8 dəftər, 5 qələm, 6 ağac, 15 həkim və s.

Elə isimlər də vardır ki, onların məzmununda topluluq anlayışı özünü göstəri, yəni bu isimlər heç bir cəmlik şəkilçisi qəbul etmədən çoxluq bildirir. Məsələn: el, xalq, camaat, əhali, qoşun, sürü, ilxı, alay, dəstə və s. Bunlar toplu isimlərdir.

Toplu isimlərin bir qismi cəm şəkilçisi qəbul едир (xalqlar, ellər, diviziyalar və s.), bir qismi isə cəm şəkilçisi qəbul edə bilmir (camaat, əhali, üləma, şüəra ).

Toplu isimlər qrammatik cəhətdən təkdə hesab olunur. Toplu isimlərlə əlaqədə olan xəbər təkdə işlənir. Məsələn: Camaat öz sözünü deməlidir. Xalq bayram edir və s.

Tək isimlər hallanarkən hal şəkilçiləri söz köklərinə artırılır: vətən, vətənin, vətənə, vətəni, vətəndə, vətəndən.

Cəm isimlər hallanarkən hal şəkilçiləri cəm şəkilçisindən sonra yazılır: çəmənlər, çəmənlərin, çəmənlərə, çəmənləri, çəmənlərdə, çəmənlərdən.

İsmin quruluşca növləri
Dilimizdə işlənən isimlər quruluşca bir-birindən fərqlidir. İsimlərin bir qismi yalnız bir kökdən ibarətdir, bir qismi kök və leksik şəkilçidən, bəziləri də iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Buna görə də isimlər quruluşca üç növə ayrılır: sadə isimlər, düzəltmə isimlər, mürəkkəb isimlər.


  • Sadə isimlər yalnız söz köklərindən ibarət olur.Onlar heç birleksik şəkilçi qəbul etmir, yalnız qrammatik şəkilçilərlə işlənirlər: ağac, yol, şərəf, səxavət, dost+lar, səhifənin, yarpağa, zamanı, kənddə, küçədən, evimiz və s.

  • Düzəltmə isimlər sadə sözlərə (isim, sifət, say, əvəzlik, feil və yamsılamalara) leksik şəkilçilər əlavə etməklə (yəni morfoloji yolla) düzəlir: dostluq, düzlük, birlik, yaxınlıq, döyüntü, tappıltı və s.




İSIM DÜZƏLDƏN ŞƏKİLÇİLƏR

Adlardan isim düzəldən şəkilçilər

-lıq4,-laq,-ça2, -çı4, cıq4,-cığaz4, -lı4, -daş, -iyyat, -stan, -iyyə, -izm, -its , -i, -gil, -ov, -yev, -zadə, -at, -xana, -dan, -caq2, -şünas, -gər, -baz, -saz, -kar, -gah, -ıltı 4 və s.

dostluq, çəmənlik, yaylaq, kitabça, evcik, qızcığaz, Həsənli, sirdaş, ədəbiyyat, gülüstan, mədhiyyə, kapitalizm, materialist, Təbrizi, əmimgil, Qədirov, Əliyev, Quluzadə, yeməkxana, təşkilat, güldan, oyuncaq, ərəbşünas, zərgər, kəndirbaz, saatsaz, sənətkar, qibləgah, şappıltı və s.

Feillərdən isim düzəldən şəkilçilər

-ıq4 , -ış4 , -ma2 , -aq4 ,

-caq2 , -ım4 , -tı4 ,-ın4,

-ıd2, -ı4 , -ıcı4 , -acaq2,

- cə2 , -gəc2,-ir4, -ıntı4,

-qı 4, -ıntı 4,-ı4, -ıq4,

-maq2, -qın 4, -ar2, -id,

-üd, -ınc4, -ğa, -gə,

-anaq, -maca, -ca2 və s.



bilik, yarış, süzmə, yataq, oyuncaq, yığım, bağırtı, əkin, keçid, qorxu, bağlayıcı, dayanacaq, əyləncə, süzgəc, gəlir (qazanc), çöküntü, qorxu, bilik, qazmaq, qaçqın, çıxar (məsrəf), keçid, sevinc, bölgə, tozanaq, atmaca, düşüncə və s.

Dilimizdə olan isim düzəldən leksik şəkilçiləin bir qismi milli mənşəli (iki və dördvariantlı şəkilçilər), bir qismi isə alınmadır (əsasən birvariantli şəkilçilər).



  • Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən (sintaktik yolla) əmələ gəlir: maşınqayırma, sahələrarası, qaratoyuq, Əlisəttar, Şahnəzərli, ipəkqurdu, vurhavur, taxta-tuxta, uşaq-muşaq, ata-bala, qaş-göz və s.

Mürəkkəb sözlər üç cür yazılır: bitişik, defislə, ayrı. Qeyd: Mürəkkəb sözlərin yazılışı “Azərbaycan dilinin orfoqrafiya qaydaları” bəhsində (20 – 28-ci qaydalar) verilib).
Mürəkkəb adlar

Bir çox şəxslərin, əşyaların, tarixi hadisələrin, dövrlərin, sülalələrin və s. adları ayrı-ayrı isimlərlə və ya söz birləşmələri ilə ifadə olunur. Bunlar mürəkkəb adlardır. Məsələn, Xanımbacı – mürəkkəb söz, Xanımbacı Qasımova – mürəkkəb addır.

Mürəkkəb sözlərlə mürəkkəb adları qarışdırmaq olmaz. Mürəkkəb isimlər sözdür ( Ağ+dam = bir söz), mürəkkəb adlar isə söz birləşməsidir (Qarabağ (mürəkkəb söz) + xanlığı (düzəltmə söz) = söz birləşməsi).

Mürəkkəb sözlər cümlənin bir sadə üzvü, mürəkkəb adlar isə cümlənin bir mürəkkəb üzvü olur.




Sadə adlar

Sadə söz

Düzəltmə söz

Mürəkkəb söz

bir, oxu, dəftər

birlik, bilik

istiot, gülqənd, az-az

Lalə, Rövşən,

Sevil, Nazlı

Əliqulu,Gülbacı,Əbdüləli




Mürəkkəb adları

Səməd Vurğun, Əli Fəhmi, Azadlıq meydanı, Bakı Şəhəri İcra Hakimiyyəti, Şeyx Nəsrullah, “Koroğlu” dastanı, “Damla” kafesi

Mürəkkəb adlara şəxs, ölkə, idarə, təşkilat, şirkət, mağaza, kafe adları, coğrafi adlar, tarixi gün, hadisə, bayram adları daxildir.

Qeyd: Mürəkkəb adların yazılışı “Azərbaycan dilinin orfoqrafiya qaydaları” bəhsində verilib.

İsmin hallanması

İsim hallanarkən şəkilçilər qəbul edir. Bunlar hal şəkilçiləri adlanır. Hal şəkilçiləri aşağıdakılardır:



İsmin halları

Hal şəkilçiləri

Sualları

Adlıq

---

kim? nə ? hara?

Yiyəlik

-ın, -in, -un, -ün;

-nın, -nin, -nun. -nün



kimin? nəyin? haranın?

Yönlük

-a, -ə; -ya, -yə

kimə? nəyə? haraya?

Təsirlik

-ı, -i, -u, -ü

kimi? nəyi? haranı?

Yerlik

-da, -də

kimdə? nədə? harada?

Çıxışlıq

-dan, -dən

kimdən? nədən? haradan?

1. Adlıq hal yalnız əşyanın adını bildirir. Adlıq haldа оlan isimlər heç bir şəkilçi qəbul etmir. Adlıq hal həm feillərlə, həm də başqa nitq hissələrilə əlaqədar olur. Bu halda olan söz cümlənin mübtədası, xəbər şəkilçisi qəbul etdikdə xəbəri, təyinlik məzmunu daşıyıb izah etdiyi sözün əvvəlində işləndikdə cümlənin təyini, müraciət bildirdikdə xitab olur. Məsələn: Məktəb yeni dərs ilinə hazırdır. Yarışda iştirak edən oğlanlardır. Yun köynək onun xoşuna gəldi. Rəhim, uşaqlara xəbər ver. Adlıq halda olan söz cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənir: çiçək+lər, bağımız, (sənin) kitabın və s.

2. Yiyəlik hal iki əşya arasında sahiblik, aidlik məzmunu bildirir, kimin? nəyin? haranın? suallarına cavab verir. Yiyəlik halın şəkilçisi –ın4 (-nın4) şəkilçiləridir. Yiyəlik halda olan isimlər özündən sonra mənsubiyyət şəkilçisi qəbul etmiş sözlə əlaqəyə girərək söz birləşməsi yaradır (onun kitabı, kitabın cildi, cildin rəngi və s.) və birlikdə bir cümlə üzvü olur.

Yiyəlik halın iki növü var: müəyyənlik bildirən yiyəlik hal və qeyri-müəyyənlk bildirən yiyəlik hal. Müəyyənlik bildirən yiyəlik halda hal şəkilçisi iştirak edir (vətənin gülü, vətənin yazı, vətənin suyu və s.), qeyri-müəyyənlik bildirən yiyəlik hal qeyri-müəyyənlik məzmunu bildirir və şəkilçisiz işlənir (vətən torpağı, vətən həsrəti, vətən eşqi və s.)

Müəyyənlik bildirən yiyəlik hal kimin? nəyin? haranın? suallarına, qeyri-müəyyənlik bildirən yiyəlik hal isə kim? nə? sualına cavab verir. Məsələn:küləyin səsi, pəncərənin şüşəsi; külək səsi, pəncərə şüşəsi və s.

Müəyyən yiyəlik halda olan söz xəbər şəkilçisi qəbul edib cümlənin xəbəri olur. Qeyri müəyyən yiyəlik halda olan isim ayrılıqda cümlə üzvü ola bilmir. O, özündən sonra III şəxsin təkində işlənmiş mənsubiyyət şəkilçili sözlə birlikdə işlənərək (ikinci növ təyini söz birləşməsi – dağ havası, ana öyüdü ) bir suala cavab verir və bir cümlə üzvü olur.

Qeyri-müəyyən yiyəlik halda olan sözlərin bir qismini müəyyən yiyəlik hala çevirmək olur (dəniz suyu – dənizin suyu, kənd yolu – kəndin yolu), bir qismini isə çevirmək olmur (Xəzər dənizi, neft buruğu, Ramazan süfrəsi və s.).

3.Yönluk hal əşyanın, hərəkətin yönünü, istiqamətini və çatacağı son nöqtəni bildirir, kimə? nəyə? haraya? suallarına cavab verir.

Yönlük hal –a2 (-ya2) şəkilçilərilə düzəlir. Məsələn, şəhərə, kitaba, küçəyə, bacıya, Bakıya.

Yönlük hal, əsasən, fellərlə (həm təsirli, həm də təsirsiz) bağlı olur.

III şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş isim yönlük halda işlənərkən n bitişdirici samiti (-na, nə) qəbul edir: nənəsi + n+ə, xalası + n+a, oxusu + n+a və s.

Yönlük halda olan isimlər cümlədə qədər, kimi, -dək, -can qoşmaları ilə işləndikdə məsafə, zaman ( evə qədər, səhərə qədər və s.); tərəf, sarı qoşmaları ilə işləndikdə istiqamət (evə tərəf, evə sarı və s.); görə qoşması ilə işləndikdə səbəb və məqsəd mənaları ( sənə görə, ona görə və s. ) ifadə edir.

Yönlük halda olan isimlər cümlədə tamamlıq, yer zərfliyi və ismi xəbər olur.

Sonu açıq saitlə bitən isimlərə yönlük hal şəkilçisi (-ya, yə) artırıldıqda tələffüz zamanı söz sonundakı açıq saitlər qapalı saitlərə keçir: ayna+y+a [aynıya], qala+y+a [qalıya], ata+y+a [atıya] və s.

4.Təsirlik hal özərində təsir göztərilən, iş icra olunan əşyanı bildirir. Təsirlik hal kimi? nəyi? haranı? suallarına cavab olur, -ı4, -nı şəkilçilərilə düzəlir: qapını (bağladım), uşağı (sakitləşdirdim) və s.

Təsirlik hal feillərlə əlaqədar olur, əsasən, feili cümlələrdə işlənir. Dilimizdə təsirlik halda olan sözlə işlənə bilən təsirsiz feil, demək olar ki, yoxdur. Yəni təsirlik halda olan sözlər bütün feillərlə deyil, yalnız təsirli feillərlə əlaqədə olur.

Təsirlik hal dа yiyəlik hal kimi iki növə bölünür: müəyyənlik bildirən təsirlik hal və qeyri - müəyyənlik bildirən təsirlik hal . Müəyyənlik bildirən təsirlik hal kimi? nəyi? haranı?, qeyri-müəyyənlik bildirən təsirlik hal nə? nəyi? suallarına cavab olur. Qeyri-müəyyənlik bildirən təsirlik hal şəkilçisiz işlənir. Məsələn: Тərlanı (kimi?) çağır. Aysun kitab (kitabı - nə? nəyi?) оxuyur.

Qeyri-müəyyənlik bildirən təsirlik hal çox zaman hərəkət bildirən sözlə yanaşı işlənir. Belə cümlələrdə qeyri-müəyyən təsirlik halda olan ismi asanlıqla müəyyən təsirlik hala çevirmək olur. Məsələn: Mən kitab oxudum. Mən kitabı oxudum.

Qeyri-müəyyənlik bildirən təsirlik hal adlıq haldan aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:

- Qeyri-müəyyənlik bildirən təsirlik hal təsirlik halda olan söz nə? sualına cavab verdiyi kimi, nəyi? sualına da cavab verə bilir.

- Qeyri-müəyyən təsirlik halın əvvəlinə o, bu işarə əvəzliklərini əlavə etdikdə müəyyən təsirlik hala çevrilir: Mən bu kitabı oxudum.

- Qeyri-müəyyən təsirlik hal hər zaman feilin yanında işlənir. Onu feilin (xəbərin) yanindan uzaqlaşdirdiqda müəyyən təsirlik hala keçir: Mən yazı yazdım. Yazı+nı mən yazdım.

- Adlıq haldan fərqli olaraq, qeyri-müəyyən təsirlik hal yalnız təsirli feillərlə bağlı olur.

Təsirlik hal xəbərlik çəkilçisi qəbul etmir və cümlənin xəbəri ola bilmir. Təsirlik halda olan sözlər cümlədə yalnız tamamlıq olur. İstisna hallarda zaman zərfliyi olur. Məsələn, Qışı dincəldik, yayı işləyək.

Təsirlik halda olan sözlər qoşmalarla işlənə bilmir.

Sonu saitlə bitən sözlər hallanarkən köklə şəkilçi arasına yönlük halda y, yiyəlik və təsirlik n bitişdirisi samiti artırılır: oxunun, Laləyə, Cəmilənin, Lətifəni və s.



5.Yerlik hal yer məzmunu bildirir və hərəkətin icra olunduğu yeri bildirir.Yerlik hal kimdə? nədə? harada? suallarına cavab olur,-da,-də şəkilçisini qəbul edir. Yerlik halda olan sözlər həm feili cümlələrdə, həm də ismi cümlələrdə işlənə bilirlər: Jurnalda işləyir. Jurnalda müxbirdir.Yerlik halda işlənən sözlər cümlənin tamamlığı (kimdə? nədə?), yer (harada?) və zaman (nə zaman?) zərfliyi, xəbəri (kimdədir? nədədir? haradadır?) olur.

6.Çıxışlıq hal iş və hərəkətin, əşyanın başlanğıc nöqtəsini bildirir, kimdən? nədən? haradan? Suallarına cavab olur. Çıxışlıq halın şəkli əlaməti -dan, -dən şəkilçiləridir: Şəhərdən gəlib. Əlidən aldım və s.

Çıxışlıq hal yalnız iş və hərəkətin, əşyanın başlanğıc nöqtəsini bildirmir, həm də iki əşya arasında müqayisə əlaməti də yaradır: Kitab dəftərdən təzədir.

Çıxışlıq hal zərflərlə (sonra, qabaq, əvvəl) işlənərək zaman məzmunu bildirir: dərsdən sonra, yeməkdən əvvəl, bundan qabaq və s.

Çıxışlıq hal cümlədə tamamlıq (kimdən? nədən?), zərflik (haradan?), xəbər (kimdəndir? nədəndir? haradandır?) olur.

Sonu “n”, “m” ilə bitən sözlərə çıxışlıq hal şəkilçisi artırılarkən -nan, -nən kimi tələffüz olunur: məndən [mənnə`n], Sənəmdən [Sənəmnə`n] və s. Bu, n bitişdirici samiti ilə işlənən III şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərdə də özünü göstərir: dayı+s+n+dan [dayısınna`n], dost+u+n+dan[dostunna`n] və s.

İsmin atributivləşməsi (sifətləşməsi)

İsimlər cümlədə daha çox mübtəda və tamamlıq olur. Lakin bəzən isim təyin vəzifəsində də çıxış edir. Məsələn, dəmir (hansı?) qapı möhkəmdir. İpək (hansı?) parçalar gözəldir. Dəri (necə?) çanta bahadır. Bu cümlələrdə isim sifətin suallarına cavab verir. Bu, ismin sifətləşməsi, atributivləşməsidir. İsim sifətləşərkən cümlədə təyin olur, lakin nitq hissəsi kimi morfoloji xüsusiyyətini saxlayır. Aşağıdakı isimlər daha çox atributivləşir: pambıq, ipək, dəri, yun, dəmir, gümüş, polad, mis, qızıl, bürünc, daş, taxta, şüşə, asfalt, torpaq və s.



İsmin mənsubiyyətə görə dəyişməsi

Azərbaycan dilindəki isimlər əşyanın şəxsə mənsub olmasına görə dəyişir. Bu dəyişmə mənsubiyyət şəkilçilərinin köməyi ilə yaranır. Əşyanın hansı şəxsə aid olduğunu bildirən şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır. Mənsubiyyət şəkilçiləri əşyanın I, II, III şəxslərə aidliyini, mənsubluğunu bildirir.



Şəxs

lər

Tək

Cəm

I şəxs

-m; -ım, -im, -um, -üm

(ata+m, bağ+ım, ev+im,

top+um, öz+üm)


-mız, -miz, -muz, -müz;

-ımız, -imiz, -umuz, -ümüz

(ata+mız, ev+imiz, top+umuz, öz+ümüz)


II şəxs

-n; -ın, -in, –un, -ün

(ata+n, bağ+ın, ev+in,

top+un, öz+ün)


-nız, -niz, -nuz, -nüz

-ınız, -iniz, -unuz, -ünüz

(ata+nız, ev+iniz, top+unuz,

öz+ünüz)


III şəxs

-ı, -i, -u, -ü; -sı, -si, -su, -sü

(bağ+ı, ev+i, top+u, üz+ü, ata+sı)



-ı, -i, -u, -ü; -sı, -si, -su, -sü

(bağ+ı, ev+i, top+u, üz+ü,

ata+sı)

Mənsubiyyət şəkilçisi qəbul etmiş sözün əvvəlində yiyəlik hal şəkilçisi işlənmiş əvəzlik, isim və isimləşmiş nitq hissələri gəlir. Bu zaman hər ikisi birlikdə bir cümlə üzvü olur (II və III növ təyini söz birləşmələri). Bəzi hallarda yiyəlik hallı söz ixtisar olunur. Məsələn, Onun kitabı təzədir. Kitabı təzədir.

I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edən isimlər əşyanın yalnız insana mənsubluğunu bildirir. Məsələn, mənim fikrim; sənin fikrin; bizim fikrimiz; sizin fikriniz.

III şəxsə aid mənsubiyyət şəkilçilərini qəbul edən isimlər isə əşyanın həm insana, həm də başqa canlı və cansız əşyalara mənsubluğunu bildirir. Məsələn: onun həyəti, məktəbin həyəti; qonşunun pəncərəsi, otağın pəncərəsi və s.

III şəxsin təki və cəminin mənsubiyyət şəkilçiləri eynidir.

Azərbaycan dilində saitlə bitən bəzi alınma sözlərin qəbul etdiyi mənsubiyyət şəkilçilərinin əvvəlində y samiti iºlənir: taleyim, mövqeyimiz, mənºəyi, mənafeyi, mənbəyi və s. Su, nə milli sözlərimizin də mənsubiyyətə görə dəyişməsi belədir.


Bəzi ikihecalı isimlərdə son saitin düşməsi

Dilimizdə mənşəyinə görə həm alınma, həm də milli olan bir qisim ikihecalı isimlər vardır ki, onlara saitlə başlanan şəkilçilər əlavə etdikdə sözün ikinci hecasındakı sait düşür. Bu hal alınma sözlərdə və milli sözlərdə fərqli şəkildə özünü göstərir. Alinma sözlərə saitlə başlanan həm hal, həm də mənsubiyyət şəkilçiləri (ağıl sözünə yalnız mənsubiyyət şəkilçisi) artırıldıqda sözün son saiti düşür. Əsl Azərbaycan sözlərinə isə yalnız mənsubiyyət şəkilçisi artırıldıqda sözün son saiti düşür.



Alinma sözlər

Əsl Azərbaycan sözləri

şəkil, fikir, sinif, isim, cisim, nəsil, fəsil, əsil, meyil, eyib, qəbir, qədir, ətir, sətir, əsil, zehin, izin, səbir, ömür, heyif, meyil, şeir və s.

ağız, burun, boyun, beyin, əyin, çiyin, alın, qarın, qayın, ovuc, oğul, qoyun (qucaq) və s.



Alinma sözlər

Əsl Azərbaycan sözləri

Hal

şəkilçisi ilə

Mənsubiyyət

şəkilçisi ilə

Hal

şəkilçisi ilə

Mənsubiyyət

şəkilçisi ilə

nəslin

nəslim

beyinin

beynim

nəslə

nəslin

beyi

beynin

nəsli

nəsli

beyini

beyni

İsimlərdə xəbərlik şəkilçiləri

İsimlər şəxs şəkilçiləri qəbul etməklə şəxsə görə dəyişir və cümlədə xəbər olurlar. Şəxs şəkilçiləri bunlardır:



I şəxs -am, -əm, -yam, -yəm

II şəxs -san, -sən tək

III şəxs -dır, -dir, -dur, -dür



I şəxs -ıq, -k, -uq, -ük, -yıq, -yik, -yuq, -yük

II şəxs -sınız, -siniz, -sunuz, -sünüz cəm

III şəxs -dər(lar), –dir(lər), -dur(lar), -dür(lər)

Saitlə bitən isimlərdə I şəxsə aid şəkilçilərin (təkdə və cəmdə) əvvəlinə y bitişdirici samiti artırılır: tələbə+y+ik, ovçu + y + uq və s.

Şəxs şəkilçisi qəbul etmiş sözlər yalnız cümlənin xəbəri olur. Xəbərlik şəkilçiləri vurğu qəbul etmir. Xəbər şəklində sözlərin inkarı “deyil” hissəciyi ilə düzəlir: tələbəyəm – tələbə deyil+əm, fəhləyəm – fəhlə deyil + əm və s.

Xəbərlik şəkilçiləri mənsubiyyət şəkilçilərindən sonra işlənir.


Mənsubiyyət

şəkilçiləri

Xəbərlik şəkilçiləri

(I şəxs tək və cəm)

Xəbərlik şəkilçiləri

(II şəxs tək və cəm)

Xəbərlik şəkilçiləri

(III şəxs tək və cəm)

I şəxs tək və cəm

__

+

+

II şəxs tək və cəm

+

__

+

III şəxs tək

və cəm

+

+

+

Xəbərlik şəkilçiləri yalnız adlıq haldan sonra deyil, ismin yiyəlik, yönlük, yerlik və çıxışlıq hal şəkilçilərindən sonra da işlənə bilir: fəhləyəm, fəhlənindir, fəhləyədir, fəhlədədir, fəhlədəndir, məktəbdəsən, şəhərdənsiniz və s.



İsmin morfoloji təhlili

Isimlərin morfoloji təhlili zamanı aşağıdakılar müəyyən olunmalıdır:



  1. İsmin morfoloji sualı, başlanğıc forması

  1. Quruluşca növü

  1. Ümumi və xüsusi isim olması

  1. Konkret və mücərrəd isim olması

  1. Canlı və cansız varlığı bildirməsi

  1. Tək və cəm olması

  1. Halı

  1. Mənsubiyyəti

  1. Cümlədə sintaktik vəzifəsi.

Məsələn: Sevilin anası xadimədir.

Sevilin – kimin?, isimdir, quruluşuna görə sadədir, xüsusidir, konkretdir, canlıdır, təkdədir, müəyyən yiyəlik haldadır, söz birləşməsinin asılı tərəfidir, cümlə üzvü deyil.



Anası – kim?, quruluşuna görə sadədir, ümumidir, konkretdir, canlıdır, təkdədir, III şəxs təkin mənsubiyyət şəkilçisini qəbul etmişdir, adlıq haldadır. Sevilin sözü ilə birlikdə III növ təyini söz birləşməsi yaradıb, birləşmənin əsas tərəfidir, cümlədə sintaktik vəzifəsi mübtədadır.

Xadimədir – kimdir?, isimdir, quruluşuna görə sadədir, ümumidir, konkretdir, canlıdır, təkdədir, III şəxs təkdə xəbərlik şəkilçisini qəbul edib, adlıq haldadır, cümlədə sintaktik vəzifəsi ismi xəbərdir.
Yüklə 111,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin