Yaşar Qurbanov
İSLAM DİNİ
TERRORUN ƏLEYHİNƏDİR
Bakı-2006
Kitabın mövzusu lənətlənmiş vəhşiliyin qaynağı olan terrorun qətiyyən ilahi bir dinlə əlaqəli olmaması, xüsusilə İslamda terrora yer olmaması həqiqəti ilə birbaşa bağlıdır. İslam dininin əsas mənbəyi olan Quranda və başda Peyğəmbərimiz Məhəmməd (s.ə.v.) olmaqla tarix boyu yaşamış bütün müsəlman rəhbərlərinin fəaliyyətində, nəsihətlərində, həmçinin müasir dövr alimlərinin fətvalarında bu həqiqət tam açıqlığı ilə ortaya çıxır. Bu səbəblə də kitabda İslamın terroru yasaqladığını və terroru, vəhşiliyi, bütün qeyri-insani əməlləri, amansızlığı, qəddarlığı haram buyurduğu Quran ayələri işığında dəlillər ilə ortaya çıxarılmışdır.
ÖN SÖZ
XIX əsrin əvvəllərində meydana gələn və uzun müddət tək-tək, seyrək aksiyalar kimi tarixə düşən terror keçən əsrdə xüsusilə də onun sonlarına doğru ağlasığmaz bir sürətlə artaraq öz fəlsəfəsi, ideoloqiyası, əxlaqi dəyərləri, “əfsanələri”, “qəhrəmanları”, tərəfdarları, ardıcılları, dayaqları, təlim görmüş döyüşən dəstələri, silah-sursat cəbhəxanaları olan, müasir elmin, texnikanın imkanlarından istifadə etməklə bütün dünyada hamının həyatı, varlığı üçün real təhlükə təşkil edən bütün dünyanı daimi gərginlikdə saxlayan müdhiş bir qüvvəyə çevrilmişdir. Terror hadisələri nümayiş etdirdi ki, bu gün dünyanın heç bir yerində, hətta ən qüdrətli iqtisadiyyata, elmə, texnikaya malik olan ölkələrdə belə, insanların terror təhlükəsindən real təmnatı yoxdur. Terror bu gün sözün həqiqi mənasında qlobal təhlükələr sırasına daxildir və tamamilə təbii olaraq dövlətlər öz təhlükəsizlik strategiyasını hazırlayarkən onu nəzərdə tutur, bəzənsə hətta təhlükəsizlik strategiyasını büsbütün terror təhdidi və ona qarşı səmərəli mübarizə vəzifələri üzərində qurur.
İSLAM DİNİ TERRORUN ƏLEYHİNƏDİR
Şübhəsiz ki, butün həmd-sənalar, şükür və tərif Allaha məxsusdur, biz Ona şükür edir və Onu köməyə çağırırıq. Ondan bağışlanma diləyir, nəfslərimizin şərindən və əməllərimizdəki pisliklərdən Ona sığınırıq. Allah kimi hidayət etsə, heç kim onu hidayət yolundan azdıra bilməz, Allah kimi hidayət yolundan azdırsa, heç kim onu hidayət edə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud və onun şəriki yoxdur, və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allahın xeyir-duası və salamı peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabələrinin üzərinə olsun.
قال الله تعالى:
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالأرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا
Allah taala buyurmuşdur:
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!»1;
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلا سَدِيدًا يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar»2;
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلا تَمُوتُنَّ إِلا وَأَنْتُمْ مُسْلِمُونَ
«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!»3.
Ən gözəl kəlam Allah Kəlamıdır, ən doğru yol elçisi Məhəmmədin (s.ə.v.) yoludur.
İslam dinini araşdıran və Allahın Quranda əmr etdiyi həqiqi İslam dinini yaxşı tanıyan əksər qərb çevrələri “İslam” və “terror” kəlmələrinin birlikdə işlədilməsinin qətiyyən mümkün olmadığını, ilahi dinlərin heç bir şəkildə gərginliyə və amansızlığa yol vermədiyini bütün açıqlığı ilə etiraf edirlər.
Terror əməllərini həyata keçirən insanların xristian, müsəlman və ya yəhudi olması bəzi dairələri yanlış qənaətlərə gəlməyə sövq edir və onların ilahi dinlərin mahiyyəti ilə əsla uyğun gəlməyən iddialarla çıxış etməsinə səbəb olur. Terrorçular müsəlman olsa belə onların törətdiyi cinayətlərə “İslam terroru” deyilə bilməz. Bu sözlər eyni qaydada xristian və yəhudilərə də aiddir. Terrorçular xristian olsalar, onların bu vəhşiliyinə “xristian terroru” və ya yəhudi olsalar, “yəhudi terroru” da deyilə bilməz. Günahsız insanları öldürmək Allahın bu əməli bağışlaması xaricindədir və cəhənnəm əzabı ilə nəticələnən böyük bir günahdır. Dinə inanan, qəlbində Allah qorxusu olan bir insan heç bir zaman belə bir şeyi etməz.
Belə bir vəhşiliyi törədənlər,- onlar hansı dinə mənsub olduqlarını iddia edirlərsə-etsinlər,- bunu ancaq dinə təcavüz etmək məqsədi ilə etmiş ola bilər. Onların məqsədi dini insanların gözündən salmaq, insanları dindən soyutmaq, dindarlara qarşı nifrət və təpki yaratmaq ola bilər. Buna görə də günahsız insanlara qarşı din adı altındakı hər bir təcavüz əslində dinin özünə qarşı edilmiş bir təcavüzdür.
Din sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə dinin əksinədir, yəni qəddarlıqdır, qan tökmək, öldürmək, acı çəkdirmək, faciələr yaratmaq istəyir. Buna görə də bir terror aktının səbəbini tapmaq istəyərkən onun qaynağını dində və dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Terrorçuların hansı adı daşıması, şəxsiyyət vəsiqələrində nə yazılması önəmli deyil. Bir adam günahsız insanları gözünü də qırpmadan öldürürsə, deməli, o adam əlbəttə ki, dindar deyil və mütləq dinsizdir. Beləsi Allahdan qorxmayan, məqsədi yalnız qan tökmək və əzab vermək olan bir canidir. Bu səbəblə də “İslam terroru”, “yəhudi terroru”, “xristian terroru” kimi ifadələr son dərəcə xətalı və kökündən yanlış anlayışlardır. Çünki İslam dinində də, digər iki ilahi dində də terrora, vəhşiliyə, qəddarlığa, amansızlığa heç bir şəkildə yer yoxdur. Əksinə, “terror” adlandırdığımız əməllər (yəni günahsız insanlara qarşı işlənən cinayətlər) İslama görə, böyük bir günahdır. İslama görə, müsəlmanlar terror kimi vəhşi və qeyri-insani əməllərin qarşısını almaq, yer üzünə sülh, rahatlıq və ədalət gətirmək missiyasını daşıyırlar.
ALLAH FİTNƏ-FƏSADI LƏNƏTLƏMİŞDİR
Allah insanlara pislik etməkdən çəkinməyi əmr etmiş, zülmü, əzab-əziyyəti, qəddarlığı, öldürməyi, qan tökməyi yasaqlamışdır. Allahın bu əmrinə itaət etməyənlər isə ayədə yazılan ifadə ilə desək, “şeytanın yolu ilə gedənlər” kimi tərif edilmiş və açıq-aydın Allahın haram saydığı bir yolun yolçuları adlandırılmışlar.
Şübhəsiiz ki, İslam alimləri həmişə insanların Allahın doğru yolundan uzaqlaşmasından şikayət etmişlər. Əlbəttə ki, bunun da yer üzərində fitnə-fəsada səbəb olacağı qaçılmazdır.
Allah taala buyurmuşdur:
َقال الله تعالى:
ظهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ
«İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar»4.
Quranın bu mövzudakı ayələrindən bəziləri belədir:
قال الله تعالى:
و الذين ينقضون عهد الله من بعد ميثاقه ويقطعون ما أمر الله به أن يوصل و يفسدون في الأض أولئك لهم اللعنة و لهم سؤء الدار
Allah taala buyurmuşdur:
«Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qırıb-dağıdanlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti gözləyir»5;
قال الله تعالى:
كلوا واشربوا من رزق الله ولا تعثوا في الأرض مفسدين
Allah taala buyurmuşdur:
«...Allahın verdiyi ruzidən yeyin-için, amma yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin» 6;
قال الله تعالى:
و لا تفسدوا في الأرض بعد إصلاحها وادعوه خوفا وطمعا إن رحمت الله قريب من المحسنين
Allah taala buyurmuşdur:
«Yer üzü düzəldikdən sonra orada fəsad törətməyin. Allaha həm qorxu, həm də istəklə dua edin. Həqiqətən Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır»7.
Fitnə-fəsadla, günahsız insanları öldürməklə, üsyanla və zülmlə Yer üzündə müvəffəqiyyət qazanacaqlarını zənn edən insanlar çox böyük bir yanlışlıq içindədir. Çünki Allah həm də terror və amansızlıq anlamına gələn hər cür fitnə-fəsadı, əzazilliyi yasaqlamış, bu əməllərə qurşananları lənətləmiş və bir ayəsində də “Allah fitnə-fəsad törədənləri sevməz!”8 deyə buyurmuşdur.
Küfr, fasiqlik və asilik xeyir-bərəkətin və afiyətin yox olmasına, bəlaların düçar olmasına səbəb olmuşdur:
قال الله تعالى :
وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لأزِيدَنَّكُمْ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ
Allah taala buyurmuşdur:
«(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: "Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!"»9;
قال الله تعالى :
وَضَرَبَ اللَّهُ مَثَلا قَرْيَةً كَانَتْ آمِنَةً مُطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِنْ كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللَّهِ فَأَذَاقَهَا اللَّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُوا يَصْنَعُونَ
Allah taala buyurmuşdur:
«Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı»10.
Ancaq bu gün də dünyanın hər tərəfində terror hadisələri və soyqırımları yaşanmaqda, günahsız insanlar vəhşicəsinə öldürülməkdə, süni səbəblər əsasında bir-biri ilə düşmən edilən cəmiyyətlər ölkələri qana bulaşdırmaqdadır. Bir-birindən çox fərqli tarixlərə, mədəniyyətlərə və ictimai quruluşlara malik olan ölkələrdə meydana gələn belə qanlı hadisələrin hər ölkədə özünəməxsus səbəbləri ola bilər. Ancaq tam aydın olan məsələ budur ki, bu vəhşətin əsl səbəbləri dinin insanlara gətirdiyi sevgi, sayğı və xoş münasibətə dayanan gözəl əxlaqdan kənardakı nəsnələrdə gizlənir. Dinsizliyin bir nəticəsi olaraq Allah qorxusuna malik olmayan və axirətdə hesab verəcəklərinə inanmayan, bu səbəblə də “necə olsa kimsəyə hesab verməyəcəyəm” deyə düşünən, hər cür insafsızlığı, əxlaqsızlığı və vicdansızlığı asanlıqla edə bilən kütlələr yaranmaqdadır. Allah və din adı altında ortaya çıxan, amma Allahın lənətlədiyi günahları etmək üçün təşkil olunan ikiüzlü insanların varlığına Quranda da işarə edilmişdir. Bir ayədə “Allaha and içib” peyğəmbəri öldürmək üçün plan quran “doqquz kişilik dəstədən” belə bəhs olunur:
قال الله تعالى:
و كان في المدينة تسعة رهط يفسدون في الأرض و لا يصلحون .و قالوا تقاسموا بالله لنبيتنه و أهله ثم لنقولن لوليه ما شهدنا مهلك أهله وإنا لصادقون. و مكروا مكرا و مكرنا مكرا و هم لا يشعرون
Allah taala buyurmuşdur:
«Şəhərdə doqquz kişi var idi ki, onlar Yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzdilər. Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə hücum edib öldürəcək, sonra da onun qəyyumuna deyəcəyik ki, biz onların (kimlər tərəfindən) öldürüldüyünü görməmişik və biz, həqiqətən, doğru danışırıq!” Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən hiylələrinin cəzasını verdik»11.
Bu ayədə təsvir olunan hadisənin də bizə göstərdiyi kimi, bəzi insanların “Allahın adı altında” ortaya çıxmaları, hətta “Allaha and içmələri”, yəni onları çox “dindar kimi” göstərə biləcək kəlmələrdən yararlanmaları o insanların heç də dinə uyğun olan bir iş gördüklərini göstərmir. Əksinə, belələri Allah rizasına və din əxlaqına tamamilə zidd olan işlər də görə bilərlər. Bu məsələdə əsas meyar onların gördüyü işlərin mahiyyətinin nə olmasıdır. Əgər onların gördüyü işlər ayədə də bildirildiyi kimi, “yer üzündə fitnə-fəsad törətmək və əsla yaxşı iş görməmək”dirsə, bilin ki, o adamlar həqiqi dindar ola bilməz və onların məqsədi də dinə xidmət etmək deyil. Qəlbində Allah qorxusu olan və həqiqi İslam əxlaqını anlayan bir insanın amansızlıq, fitnə-fəsad tərəfdarı olması və bu tip əməllərə qoşulması qətiyyən mümkün deyil. Bu səbəblə də terror probleminin həqiqi həlli yolu real İslamdır. Quranda bildirilən gözəl əxlaq dərk edilərsə, insanlar düşmənçiliyi, davakarlığı və xaos şəraitini özlərinə hədəf seçən qruplara tərəfdar olmayacaq, onlarla birlik qurmayacaq. Çünki Allah Quranda insanlara fitnə-fəsaddan uzaq olmağı əmr etmişdir:
قال الله تعالى:
وإذا تولى سعى في الأرض ليفسد فيها و يهلك الحرث و النسل و الله لا يحب الفساد, و إذا قيل له اتق الله أخذته العزة بلإثم فحسبه جهنم و لبئس المهاد
Allah taala buyurmuşdur:
«(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz! Ona: “Allahdan qorx!” deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!»12.
Bu ayələrdən də başa düşüldüyü kimi, Allahdan qorxan bir insanın öz dövlətinə, millətinə, ümumən bəşəriyyətə ən kiçicik də olsa bir zərər toxunduracaq hər hansı hərəkətə göz yummasından hətta söz gedə bilməz. Allaha və axirət gününə inanmayan bir insan isə kimsəyə hesabat verməyəcəyini zənn edərək hər cür pisliyi asanlıqla edə bilir. Bu gün də davam edən bu böyük terror bəlasından qurtulmaq üçün ilk öncə atılması lazım gələn addım dinsizliyin və din adı altında ortaya atılmış səhv anlayışların maarifçilik yolu ilə aradan qaldırılması və insanlara Allah qorxusunun və həqiqi Quran əxlaqının aşılanmasıdır.
Dostları ilə paylaş: |