DUANIN TƏSİRLƏRİ
a) Tərbiyəvi təsirlər
Tərbiyəvi cəhətdən dua nə kimi rol oynayır? Ümumiyyətlə, dua insan həyatında rol oynayırmı?
Bəziləri elə təsəvvür edirlər ki, duanın tərbiyəvi təsiri yalnız nəfsə təlqin etməkdir; yəni insan dilinə yaxşı sözlər gətirərək özünə təlqin edir ki, həqiqətən də belə olmalıdır. Məsələn, “Məkarimul-əxlaq” duasını oxumaqla nəfsə təlqin olunur ki, gərək öz əxlaqımızı islah edək, yaxşı sifətlər kəsb edək və pis sifətlərdən uzaqlaşaq. Beləcə, duanın yalnız tərbiyəvi təsirini qəbul edir və bu sayaq təsirə malik olmayan duaları alçaldıcı sayırlar.
Bu təsəvvür dar baxışlılıq və İslam maarifindən xəbərsizlikdən qaynaqlanır. Duanın ən böyük təsiri ondakı ibadət həqiqətidir. Bu da insanın mənəvi kamilliyinə səbəb olur. Əlbəttə bəzi duaların ruha təlqin və bunun kimi təsirlərə malik olması mümkündür. Lakin bu təsirlər yemək zamanı damağların hərəkətinə bənzəyir. Damağlar yeməyi çeynəmək işini görməklə yanaşı özləri də idman edir və bu onların möhkəmlənməsinə səbəb olur. Damağların bu hərəkətini, idmanın qidalanmanın əsas faydası hesab etmək olmaz. Yeməkdə əsas fayda bədən üçün lazım olan maddələri təmin etməkdir.
Duanın da həqiqi faydası Allaha diqqət və Ona bəndəlikdir. Əvvəldə qeyd etdiyimiz təsirlərin bəzi dualarda olması mümkündür. Lakin bu təsirlərin faydası duanın əsas faydası ilə ölçüdə çox cüzi hesab olunur.
İnsanın kamilliyi Allah qarşısında öz fəqirliyini dərk və etiraf etməsindədir: “Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür şükrə, tərifə layiqdir.”1 İnsan bu həqiqəti etiraf edib, öz ehtiyacını lazımınca başa düşənədək kamilliyə çatmayacaqdır.
İnsanın belə bir mərifətə çatması və onun mərifətinin kamilləşməsi səbəblərindən biri də duadır. Dua özü ibadətdir və ibadət insanın yeganə təkamül yoludur. Beləliklə, dua insan üçün təkamül yollarından biridir.
Allah “Mənə ibadət etməyi mənliyinə sığışdırmayanlar” ayəsində buyurur: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.”2 Sonra isə belə buyurur:
“Təkəbbür göstərərək Allaha ibadətdən boyun qaçırıb, ilahi əzəmət qarşısında təzim etməyi özünə sığışdırmayan kəslər zəlil və xar olaraq cəhənnəmə daxil olacaqlar”. Ayədə zikr olunmuş iki cümlə “suğra” və “kubra” (kiçik və böyük) hökmündədir: Dua Allaha ibadətdir; hər kəs Allaha ibadətdən boyun qaçırarsa, şiddətli əzaba mübtəla olacaq. Nəticədə hər kəs duadan boyun qaçırsa, ilahi əzaba düçar olacaq.
Deyildiyi kimi, duanın əsas fayda və təsiri insanın Allah qarşısında öz möhtaclığını və bəndəliyini etiraf edərək mənəvi kamilliyə çatmasıdır. Lakin duanın ikinci dərəcəli təsirləri də vardır. Bunlardan bəzilərinə işarə edirik.
b) İkinci dərəcəli təsirlər:
1-Allahı tanımaq: Duanın ümdə dəlillərindən biri Allahı tanımaqdır. Bu mərifət (tanışlıq) bütün səadətlərin kökü və bütün islahatların səbəbidir.
Bir dəstə insan imam Sadiqin (ə) hüzuruna gəlib dedi: “Niyə biz dua edirik lakin qəbul olunmur?” Həzrət (ə) buyurdu: “Çünki siz çağırdığınız kəsi tanımırsınız.”1 Pərəstiş etdiyimiz və Allahı çağırdığımız mübarək ilahi adlar müxtəlif mənalarla zəngindir. “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin.”2 Bu adları təkrarlamağın bir çox faydaları var. O cümlədən, adların vəsfedici mənasına diqqət və Allaha qarşı insanın mərifətinin kamilləşməsi!
Allahın Rəhman, Rəhim, Səmi, Bəsir, Münim, Ğəfur və sair kimi adlarını dilimizə gətirdikdə mehriban, eşidən, görən və bağışlayan Allahımızın olması yadımıza düşür. Nəticədə Allahın rəhmətinə və bağışlamasına ümidvar oluruq. Dua edən şəxs bu sifətlər haqda düşünüb, diqqət edərək özünü qüdrəti qarşısında heç bir çətinlik olmayan Allah ilə əlaqədə görür. Ümumiyyətlə, Allah üçün asan və ya çətin məsələsi yoxdur. Bu həqiqət hər yerdən əli üzülmüş şəxs üçün yeni bir ümid və sevincdir.
Bu qısa araşdırmada ümidin həyata, sevincə, işə və çətinliklərə dözümə təsirlərini xatırlatmağa ehtiyac yoxdur. Allahın bizim danışıq və rəftarımızı eşidib və görməsi yaxşı işlər görməyimizə, pis danışıq və pis əməldən çəkinməyimizə səbəb olur. Bundan əlavə, bəzi dualar yüksək səviyyəli bir kurs, Allahşünaslıq və tövhid dərsidir. İmam Hüseynin (ə) “Ərəfə” duası, “Səbah”, “Əbu-Həmzə” və bir çox başqa dualar xüsusi ilə də “Səhifeyi-Səccadiyyə”də olan dualar deyilənlərə misal ola bilər.
2-İlahi əxlaq kəsb etmək: Məzhəb göstərişləri və şərafətli hədislərdə tövsiyə olunmuşdur ki, ilahi əxlaq kəsb edəsiniz: “Təxəlləqu bi əxlaqillah.”1
Dua edən şəxs öz duası vasitəsi ilə özündə ilahi sifətlər yaradıb və bu sifətləri gücləndirmək üçün çalışır. Necə ki, Allah mehriban və güzəşt edəndir. O məxluqu ilə mehriban və güzəştlə davranmaq istəyir.
3-Pak–pakizəlik: Dua şərtlərindən biri də paltarın paklığı, qidaların halallığı və dua olunan yerin mübah olmasıdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Duasının qəbul olmasını istəyən şəxs yemək və qazancını təmiz saxlamalıdır.”2
Dua edən şəxs haram yolla ruzi qazanmazsa, əyri yolla qazanc əldə etməzsə, mənəvi kamilliyə çatar. İnsanları bu sayaq dua ilə məşğul olan cəmiyyət necə də xoşbəxtdir. Belə bir şəhər necə də fəzilətli bir şəhər olacaqdır!
4-Nəfsi öldürmək: Duanın, hətta bütün ibadətlərin ən böyük faydası nəfs tüğyanının qarşısının alınmasıdır. Həzrət Əli “Qasiə” xütbəsində təkəbbürün pislənməsi barəsində uzun bir mövzu bəyan etmişdir. Xütbənin bir hissəsində buyurur: “Bu çirkin xüsusiyyət şeytanın ən böyük tələsi və ən güclü hiylə vasitəsi sayılır”.
Eqoistlik və təkəbbürü məhv etmək bütün əxlaqi eyblərin kökünü kəsməyə və insanın özünü bütün fəzilətlərin kəsbi üçün hazırlamasına bərabərdir. Allah Quranda buyurur: “Hər kəs nəfsini təmizləsə, mütləq nicat tapacaqdır.”1
Dua edən şəxs Allah qarşısında durmaqla, Onun əzəmətinə diqqət yetirməklə, öz zəiflik və kiçikliyini nəzərdə tutmaqla aşıb-daşan ehtiyaclarını göstərir. O bu vasitə ilə özünü hər bir yaranmışdan ehtiyacsız, yalnız Ona ehtiyaclı görür. Beləliklə, dua təvazökarlıqla yanaşı ucalıq və izzət gətirir.
Dostları ilə paylaş: |